Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 02:17

Yeni Günəşlidə, yeni tikilidə 'kombi' qalmaqalı


İstilik sistemi.

Sakinlər: "Şirkət sakinlərdən müqaviləyə əməl etməyi tələb edir, ancaq özü o müqavilədəki şərtləri istədiyi vaxt və istədiyi kimi pozur, heç sakinləri saya da almır"

Bakı şəhəri, Yeni Günəşlidəki D massivində "Xəzər İnşaat" MTK-nın inşa etdiyi yeni yaşayış binasının sakinləri AzadlıqRadiosu-na şikayət edib.

Dediklərinə görə, 2 ildən çoxdur binada yaşayan sakinlərin kommunal problemləri xirtdəyi aşıb. Hazırda isə tərəflər mənzillərdəki istilik sistemi ilə bağlı məsələni çözə bilmirlər.

Buna da bax:​ Dörd binanın sakini İlham Əliyevdən cavab gözləyir

“SAKİNLƏRİ SARSAQ YERİNƏ QOYUBLAR”

Bina sakini Elmar Əliyev deyir, sakinlərlə bağlanmış müqaviləyə görə, mənzillərin qızdırılması şirkətin öhdəliyinə düşür. Şirkət bu öhdəliyi cəmi 2 il yerinə yetirib. Sonra isə istilik təchizatını dayandıraraq sakinləri xəbərdar edib ki, hər kəs öz evinin istilik problemini həll etsin:

"Deməli, bunlar sakinləri sarsaq yerinə qoyublar. Bizdən əvvəl qazanxananın pulu alınıb, daha doğrusu, burdakı evlərin çoxu kreditlə satılıb deyə, həmin pul da kreditin içində hesablanıb. Bir də 2 ildən sonra adamlara oyun oynayırlar. Qazanxananın fəaliyyətini dayandırıb adamlara təklif edirlər ki, ‘gəl indi də məndən kreditlə kombi al, fəhlə verək, apar quraşdır’".

Buna da bax:​ Çoxmərtəbəli bina qonşu evlərin divarına bitişdirilib

“QAZANXANAYA GÖRƏ DƏ 20 İL PUL ÖDƏMƏLİYƏM”

Sakinlər şirkətlə razılaşmır. Zəfər Haşımov deyir, qazanxananın xərci də mənzilə görə ödəyəcəyi 20 illik kreditə daxildir. O, işləməyən qazanxanaya görə kredit ödəmək istəmir:

"Şirkətin nümayəndəsinə deyirəm ki, ‘sən malını satmalısan deyə, mən iki dəfə xərcə düşməliyəm?’ Mən şirkətə 20 il kredit ödəməliyəm və o kreditin içində qazanxananın da xərci var. İndi bunlardan təzədən kombi almalıyam və bunlara da işləməyən, mənə faydası dəyməyən qazanxanaya görə ayrıca 20 il pul ödəməliyəm. Əgər şirkət müqaviləylə evimin istilik təchizatını öz öhdəsinə götürübsə, kombini də, isti su məsələsini də özü həll etməlidir".

Zəfər Haşımov qışda 3 otaqlı mənzilin istilik təchizatına görə hər ay 30 manat ödəyirmiş. Qazın qiyməti artandan sonra məbləğ 65 manata qaldırılıb. Daha sonra isə şirkət işçiləri binanın divarlarına elan yapışdırıblar ki, "mərkəzləşdirilmiş istilik sistemi ləğv olunur, hərə öz hesabına kombi çəkdirsin". Şirkət sakinlərə kombi cihazı da təklif edib. Sakinlər bu cihazın quraşdırılması üçün fəhlələrə pul verməsələr də, cihaza görə azı 1000 manat ödəməlidilər. Ancaq şirkətin bu təklifi məcburi deyil, sakinlər cihazı başqa yerdən də alıb gətirib quraşdıra bilərlər. Sadəcə olaraq, bu zaman şirkət sakinlərə pulsuz fəhlə "yardımı" etməyəcək. Yəni fəhlə məsələsini də sakinlər özləri çözməli olacaqlar.

Buna da bax:​ 'Akkord'un zavodunda gərginlik - fəhlələr maaş tələb edir [Video]

“QAZANXANANIN BİZƏ AİDİYYƏTİ VAR?”

Qısası, şirkətlə sakinlər arasında bu məsələ çözülməyənədək sakinlər hamama gedəndə suyu vedrədə qızdırıb özləriylə aparmalıdılar. Bunu sakin Xatirə Yaqubova deyir:

"Qazanlarda, vedrələrdə su qızdırırıq, çimirik. Deyək ki, indi yaydır, axı bunun qışı da var. Bu yolla da hamını kombi çəkdirməyə məcbur edirlər. Sakinlər müqavilədəki mənzillərin qızdırılması ilə bağlı şirkətin öhdəliyini yada salanda isə şirkət nümayəndələri deyir ki, şirkətin bu sahə ilə bağlı xərcləri qazanxananın tikintisinə çıxıb. Biz də sual veririk - əgər o qazanxana sakinlərə xidmət göstərməyəcəkdisə, o qazanxananı tikib ora atmağın nə adı vardı? Qazanxana tikib, pulunu bizdən çıxır, ancaq həm də sakinlərə deyir, "gedin özünüzə kombi çəkdirin". O zaman o qazanxananın bizə də aidiyyəti var ki, pulunu bizdən çıxıb? Şirkət ev satıb, pul qazanıb və hələ 20-25 il də bu sakinlərdən pul qazanacaq. Üzərinə öhdəliklər götürüb, zəhmət çəksin, yerinə yetirsin. Sakinlərdən müqaviləyə əməl etməyi tələb edir, ancaq özü o müqavilədəki şərtləri istədiyi vaxt və istədiyi kimi pozur, heç sakinləri saya da almır".

Buna da bax:​ Qəbələdə hərbi şəhərcikdəki ailələrin aqibəti qaranlıq qalıb

"Xəzər İnşaat" MTK-dan "Qaynar xətt"ə bildirilib ki, mavi yanacağın qiyməti artdıqdan sonra MTK da istilik təchizatının xərclərinə görə aylıq ödənişi artırıb. Sakinlərsə narazılıq edib. Belə olan halda şirkət də onlara mənzillərinin istilik təchizatını öz hesablarına yoluna qoymağı təklif edib. İndi sakinlər bununla da razılaşmırlar.

Sakinlər bu mənzilləri 10 və 20 illik kreditlə əldə ediblər. Burada yaşayanlar aylıq 350 manatdan 1200 manatadək kredit ödəyən ailələrdir.

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG