Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

S-400-ün əsas işi 'sarayı qorumaq' olacaq


S-400-lər Suriyada.
S-400-lər Suriyada.

Vladimir Putin NATO daxilində çat yaratmaq istəyir. Bəs görəsən, o, həqiqətənmi Rusiyanın hərbi texnologiyasını NATO üzvünə ötürmək istəyir?

«The Economist» dərgisindəki məqalədə deyilir ki, bu sual NATO rəsmilərinə uğursuz zarafat kimi görünə bilər. Bu payız Türkiyənin bir dövlət xəbər agentliyi Recep Tayyip Erdoğan hökumətinin Rusiyadan almaqda olduğu S-400 raket-müdafiə sisteminə dair infoqrafika dərc etmişdi. Materialda raket-müdafiə sisteminin gücü, o cümlədən 400 kilometr diapazonda düşmənin qırıcı təyyarələrini və raketlərini tutmaq qabiliyyəti təriflənir, onun yerə sala bildiyi təyyarələrə nümunələr göstərilirdi. Maraqlıdır ki, göstərilən nümunələrin hər biri Amerika təyyarəsi idi.

NATO-DAN XƏBƏRDARLIQ

Türkiyənin müttəfiqləri artıq hökumətyönlü mətbuatda vaxtaşırı çıxan belə atmacaları görməzdən gəlməyi öyrəniblər. Ancaq onlar sözügedən raket sövdələşməsini get-gedə artan narahatlıqla izləyirlər. NATO rəsmiləri deyirlər ki, Erdoğan hökuməti istədiyi yerdə hərbi texnika bazarlığı edə bilər. Ancaq onun bu bazarlığı Rusiyada etməsinin nəticələrinə, kiçicik də olsa, nəzər salmağa dəyər.

***Buna da bax-Erdoğan: 'Biz Rusiyadan S-500 raketləri də almaq istəyirik'

Təhlilçilər S-400 sisteminin NATO-nun hava hücumundan müdafiə sistemi ilə birgə işləyə bilməyəcəyini deyirlər. NATO hərbi komitəsinin sədri Petr Pavel bu yaxınlarda Türkiyənin bu sistemi satın almasının mümkün «nəticələri» haqda xəbərdarlıq edib. O, oktyabrın 25-də deyib ki, Rusiya raketlərinin Türkiyə ərazisində olması «potensial olaraq onun ərazisində yerləşdirilmiş müttəfiq hava gəmisi üçün çətinliklər yaradacaq». Buna baxmayaraq, noyabrın 11-də Türkiyənin müdafiə naziri sövdələşmənin razılaşdırıldığını elan edib.

Oktyabrda Dövlət Departamenti ABŞ-ın Moskvadan hərbi texnika alan hökumətləri cəzalandırmaq hüququnu özündə saxladığını bildirib. Dövlət Departamentinin saytındakı qara siyahıya salınmış Rusiya silah şirkətləri arasında artıq S-400-ün istehsalçıları da var. Belə ölkələr arasında istisnalar edilə bilsə də, Türkiyədə insan hüquqlarının durumu, habelə ABŞ-la bu vaxta qədər görünməmiş gərginlik vəziyyəti yüngülləşdirmir. Oktyabrda Türkiyə polisinin ABŞ konsulluğunun iki əməkdaşını həbs etməsinin ardınca ABŞ bütün Türkiyə ərazisində viza xidmətlərini dayandırıb. Sonradan bu qadağa aradan qaldırılsa da, mənfi təəssürat qalmaqdadır.

Türkiyədə «Patriot»lar
Türkiyədə «Patriot»lar

AMERİKALILAR «PATRIOT»U TƏKLİF EDİR

NATO ilə əlaqələr də get-gedə gərginləşir. Noyabrda Türkiyə öz qoşunlarını Norveçdə keçirilən NATO təlimlərindən geri çağırıb. Türkiyə hökuməti bu addımı NATO-nun bir kontraktorunun bu təlim üçün hazırladığı «düşmən siyahısı»nın dərc edilməsindən sonra atıb. Siyahıya Erdoğan-ın adı və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Atatürk-ün şəkli də daxil edilmişdi. Türkiyə hökuməti NATO-nun yüksəksəviyyəli rəsmisinin üzrxahlığını qəbul etsə də, məsələnin araşdırılmasını tələb edir. Ölkənin ultramillətçi və islamçı mediası baş verənlərdən qəzəblənərək Türkiyənin alyansdan çıxmasını tələb edib.

***Buna da bax-Rusiya Türkiyəyə Ermənistanı vura bilən silah satarmı?

Amerika rəsmiləri uzun müddətdir ki, Türkiyənin hava məkanının müdafiəsi üçün ən yaxşı yol kimi ABŞ istehsalı olan «Patriot» sisteminin satın alınmasını təklif edirlər. Bu sistem artıq Almaniya, Niderland və Səudiyyə Ərəbistanı kimi ölkələrə satılıb. Ancaq Türkiyə rəsmiləri «Patriot»un daha yaxşı sistem olmasıyla razılaşsalar da, onun qiymətinin sərfəli olmadığını deyirlər. Bundan başqa, onlar amerikalıların Rusiyadan daha az raket texnologiyasını Türkiyə ərazisinə keçirə biləcəyindən narahatdırlar. Üstəlik, Erdoğan-ın Vaşinqtondakı reputasiyası o qədər pisdir ki, Konqres bu məqamda Türkiyə ilə hər hansı sövdələşməni əngəlləyə bilər. Bir Türkiyə rəsmisinin sözlərincə desək, «onlar bizə viza vermirlərsə, güman ki, Patriot da satmazlar».

ERDOĞAN-IN QORXUSU

Erdoğan-ın nazirləri hazırda S-400-ün Türkiyənin imkanı çatan ən yaxşı sistem olduğunu deyirlər. Bu sövdələşmə çərçivəsində Türkiyə ümumi dəyəri 2 milyard dollar civarında olan dörd raket batareyası alacaq. Ancaq S-400 NATO-nun radar şəbəkəsinə qoşula bilmədiyi və Türkiyənin cəmi dörd batareyaya malik olduğu üçün sistem Türkiyə hava məkanının yalnız bir hissəsini qoruya biləcək. Türkiyə rəsmiləri etiraf edirlər ki, S-400 müvəqqəti addımdır və ölkə NATO sistemi bazarında qalmaqdadır.

Bəzi təhlilçilərin şübhələrinə görə, Erdoğan-ın sövdələşmə ilə bağlı canfəşanlığı müdafiə məsələlərindən çox, onun ötən yay baş verən çevriliş cəhdinin təkrarlanmasından qorxması ilə bağlıdır. Çevriliş cəhdi zamanı üsyançı pilotların idarə etdiyi F-16 qırıcı təyyarələri onun Ankaradakı sarayının bir hissəsini vurmuşdu.

«Türkiyə S-400-ü aldıqdan sonra batareyalardan birini Ankarada yerləşdirərsə, bunu anlamaq olar. Onun əsas işi sarayı qorumaq ola bilər», – Atlantika Şurası beyin mərkəzindən Aaron Stein deyir.

Erdoğan hökuməti eyni zamanda hələ də israrla Rusiyanın bəzi S-400 batareyalarının Türkiyə ərazisində istehsalına razılıq verməsini istəyir. Ancaq Putin-in həssas müdafiə texnologiyalarını kiməsə ötürmək kimi adəti yoxdur. Şübhəsiz ki, o, raket sövdələşməsinin Türkiyə ilə Qərb arasında çatı dərinləşdirəcəyinə ümid edir. Ancaq eyni zamanda o, Rusiyanın sirlərini NATO üzvü ilə paylaşmaq istəməzdi. Bu baxımdan, sövdələşmənin pozulması ehtimalı da var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG