Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 04:41

Rusiya Türkiyəyə Ermənistanı vura bilən silah satarmı?


S-400 havadan müdafiə sistemi

Bloomberg yazır ki, Türkiyə Rusiyadan onun ən mükəmməl raket müdafiə sistemlərinin alınması üçün 2, 5 milyard dollar ödəməyə razılaşıb. Bloomberg bu xəbəri verərkən Türkiyənin vəzifəli rəsmisinə istinad edib, lakin Financial Times söhbətin 3 milyard dollardan getdiyini yazır.

Bloomberg-in məqaləsində deyilir ki, bu, Türkiyənin 6 onillikdir bağlı olduğu NATO-dan və Qərbdən aralandığını göstərən ilk aydın addımdır.

İlkin razılaşmaya görə Türkiyəyə iki S400 batareyası Rusiyadan gətiriləcək və daha iki batareya Türkiyənin öz ərazisində yığılacaq.

Bu məlumatları mətbuata Türkiyənin “adının çəkilməsini istəməyən vəzifəli rəsmisi” verib, lakin Rusiyanın əsas silah ticarətçisi Rosoboronexport şirkəti xəbərlə əlaqədar şərh verməyib.

S-400 Rusiyanın ən təkmil havadan müdafiə raket sistemidir
S-400 Rusiyanın ən təkmil havadan müdafiə raket sistemidir

Məqalədə qeyd olunur ki, Türkiyə əvvəllər də bu sazişi bağlamaq istəmişdi, lakin hər dəfə NATO-dan gələn etirazlara görə niyyətindən daşınmışdı.

ABŞ-ın təzyiqləri altında Türkiyə bundan əvvəl də son məqamda raketdən müdafiə sistemlərini almaqdan imtina edib. Məsələn, Ankara Çinin dövlət şirkətindən raket sistemlərini almaq üçün az qala razılaşma mərhələsinə çatmışdı, lakin bu şirkət Amerika sanksiyalarına düşürdü.

Bloomberg yazır ki, erkən Soyuq müharibə illərindən NATO üzvü olan Türkiyə Erdoğanın hakimiyyəti illərində, xüsusilə də qonşu İraq və Suriyadakı münaqişələrə görə daha müstəqil siyasət yürütməyə başlayıb.

ABŞ-ın Suriya kürdlərinə dəstək verməsi Vaşinqtonla Ankara arasındakı münasibətləri tarıma çəkib.

NATO-dakı digər qərbli müttəfiqləri Erdoğanın getdikcə avtoritarlaşması və azadlıqlar üzərinə hücumları narahat edir.

İş o yerə çatıb ki, Almaniya öz hərbi kontingentini Türkiyənin İncirlik bazasından çıxarmaq qərarına gəlib.

Erdoğanın S400 gedişi

Moskvadakı Strategiyalar və Texnologiyaların Analitikası mərkəzindən Konstantin Makiyenko deyib ki, Türkiyənin Rusiya ilə silah sazişi “Ankaranın ABŞ və Avropadan inciməsinin aydın işarəsidir”.

Lakin ekspert “beh ödənmədən və S400-lərin yığılmasına başlanmadan fikir yürüməməyi” məsləhət görür.

Erdoğan ABŞ-Rusiya ziddiyyətlərindən siyasi fayda çıxarmağa çalışır
Erdoğan ABŞ-Rusiya ziddiyyətlərindən siyasi fayda çıxarmağa çalışır

Financial Times isə yazır ki, Türkiyənin S400 söhbətini gündəmə gətirməsi ABŞ-ı və Qərbi qıcıqlandırmaq istəyindən də qaynaqlana bilər. Başqa sözlərlə Erdoğan ABŞ və Rusiya arasındakı ziddiyyətdən siyasi fayda götürmək məqsədi güdür.

Ekspertlər deyirlər ki, Rusiya raket sistemlərinin Türkiyə havadan müdafiə sistemlərinə bağlanması çox mürəkkəb bir proses olardı, çünki bunlar bir-birinə uyarlı sistemlər deyildir.

Lakin digər tərəfdən raket sistemlərinin Rusiyadan alınması Türkiyəni onun üzərinə NATO tərəfindən qoyulmuş məhdudiyyətlərdən azad edəcək.

Türkiyədə hazırkı ABŞ əsaslı raket sistemləri Ermənistan sərhədinə, Egey dənizinin Yunanıstan sahillərinə yönəldilə bilmir. İndi isə Türkiyə rəsmisinin dediyinə görə, saziş Türkiyəyə bu qurğuları ölkənin istənilən nöqtəsində yerləşdirmək imkanı verir.

Bununla, belə Rusiyanın heç bir məhdudyyət qoymadan onun öz ərazisini və müttəfiqlərini vura biləcək silahları satması inandırıcı görünmür.

Silah satılır, sirri yox

Digər bir məsələ isə bundan ibarətdir ki, Türkiyə sadəcə silah alıcısı olaraq qalmaq istəmir və texnologiyaların transferində maraqlıdır. Türkiyə özünün mükəmməl müdafiə sistemlərini özü istehsal etmək istəyir. Rusiya ilə saziş bu mənada Ankara üçün cəlbedicidir, çünki razılaşmaya əsasən batareyalardan ikisi Türkiyədə yığılacaq.

Makienko deyir ki, “texnologiya transferlərinin müxtəlif səviyyələri mövcuddur”. Bu mənada Rusiya Türkiyəyə çox məhdud texnologiya transfer edəcək.

Ekspertin fikrincə, Türkiyənin S400 sisteminin “surətini çıxarması” üçünonun tamamilə yeni bir sənayeyə milyardlarla dollar xərcləməsini tələb edəcək.

Rusiyanın ən təkmil hava hücumundan müdafiə raket sistemi olan S400 təyyarə, dron və raketləri izləmə və vurma qabiliyyətinə malikdir. Bu sistem hədəfi 400 kilometrdən vura bilir. Rusiya bu sistemi Çinə və Hindistana satmaq üçün də danışıqlar aparıb.

Türkiyə rəsmisi deyib ki, tərəflər hazırda texniki təfərrüatlar üzrərində işləyirlər və bu proses bir ilədək davam edə bilər.

Türkiyəyə ən yaxın müddətdə S400 satmaq üçün Rusiya başqa bir yerə satışı ləngitməlidir. Bundan başqa S400 sistemləri “piştaxta” üzərində deyil və onlar sifariş olunandan sonra yığlır.

Türkiyə rəsmisi bunu da deyib ki, Ankaraya satılacaq S400-lərdə “dost-düşmən” identifikasiyası olmayacaq. Bu o deməkdir ki, Türkiyə bu sistemi istənilən təhlükəyə qarşı çevirə bilər.

Bloomberg yazır ki, NATO-nun ikinci böyük ordusuna malik Türkiyə ilə ABŞ arasında olan fikir ayrılıqları biznesi də təsirləndirib. Türkiyə ilə müştərək helikopterlərin tikilməsi üçün 2006-cı ildə heç bir ABŞ şirkəti tenderə qatılmayıb.

Bu ona görə baş verib ki, Türkiyə spesifik kompüter proqramlarının kodlarına giriş tələb edirdi və ABŞ bununla təhlükəsizlik mülahizələri ilə razılaşmamışdı.

Nəticədə Türkiyə öz ordusu üçün 50 döyüş helikopterinin istehsalı məqsədilə İtaliya ilə 3 milyard dollarlıq layihəyə daxil olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG