Bu gün, noyabrın 29-da Milli Məclisin iclasında Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı bəlli olub.
İclasda Ombudsman vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni Ombudsmanı seçilib.
Həmin vəzifəyə Prezident İlham Əliyevin adından Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.
Z.Əhmədli: «Kim seçilirsə seçilsin...»
Hüquq müdafiəçisi Zəfər Əhmədli deyir ki, indiki şəraitdə Ombudsman vəzifəsində kimin olması elə də önəmli məsələ deyil: «Orada indi seçilmiş Ombudsmanın - kim seçilirsə seçilsin - bu şəraitdə rolu indiki müvəkkildən artıq olmayacaq».
Z.Əhmədli keçmiş Ombudsman Elmira Süleymanovanın birmənalı tənqidlərə məruz qalmasını da doğru saymadığını söyləyib.
Z.Oruc: «Ümid edirəm ki...»
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc isə deyib ki, Azərbaycanda Ombudsman təsisatı 20 ilə yaxındır fəaliyyət göstərir. Onun fikrincə, bu müddətdə vətəndaş hüquqları təmin edilib, dövlət qurumları ilə sıx fəaliyyət bərqərar olub.
Z.Oruc vurğulayıb ki, insan hüquqlarının siyasiləşdirilməsi ilə mübarizədə də çox işlər görülüb. Deputata görə, digər tərəfdən, hazırkı dönəmdə seçilən Ombudsmanın ölkədəki dərin islahatlar prosesində bu kursun yanında olmasını və ən ağrılı problemləri diqqət altına alacağını gözləyir. «Ümid edirəm ki, yeni Ombudsman kimi Səbinə Əliyeva Konstitusiya Məhkəməsində ölkədə hüquq təminatının bilicisi kimi, bu yöndə məsələlərə xüsusi diqqət ayıracaqdır»,- Z.Oruc bildirib.
Z.Oruc deyib ki, bunun üçün S.Əliyevanı yetərincə səriştəli sayır.
Xatırlatma
Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildə yaradılıb. O vaxtdan Ombudsman vəzifəsində Elmira Süleymanova çalışırdı.
Hüquq müdafiəçilərinin onun fəaliyyətinə münasibəti birmənalı olmayıb. Bəzi hüquq müdafiəçiləri onun fəaliyyətini ümumən müsbət dəyərləndirsələr də, bir çoxları da tənqidi yanaşıblar.
Tənqidçilər deyirlər ki, son illər Azərbaycanda polis və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı şikayətlər getdikcə artır, amma rəsmi qurumlar kimi, Ombudsman Aparatı da onların obyektiv araşdırılmasına lazımı səylər göstərmir. Rəsmilər işgəncə şikayətlərini, bir qayda olaraq, əsaslı saymırlar.