“ToplumTV” işi üzrə həbs edilənlərdən Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov, bu qurumun əməkdaşı Ramil Babayev və jurnalist Fərid İsmayılovun da cərimə kamerasına (kars) salındığı bildirilir.
Bu barədə də onların yaxınları məlumat yayıb. Daha əvvəl cərimə kamerasına salındığı deyilən Ruslan İzzətli və Əli Zeynal kimi onlar da Umbakı Pentensiar Kompleksində saxlanılır.
“Ruslan İzzətlinin 7 gün, Əli Zeynalın isə 6 gün müddətində “kars”da qalacağı deyilib. Onların “kars”a salınmasına etiraz etdikləri üçün digər 3 dostumuz da 5 gün müddətində “kars”a salınıb”, - məlumatda deyilir.
Hələlik, bu məlumatı da rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Həyat yoldaşı Ruslan İzzətlinin səhhətindən narahatdır
“ToplumTV” işi üzrə həbs edilən Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) qurucu üzvü Ruslan İzzətlinin səhhətindən onun ailəsi narahatdır.
Fəalın xanımı Günel Manaflı bildirir ki, həyat yoldaşı 7 , onunla eyni iş üzrə həbs edilən Əli Zeynallının isə cəza çəkdiyi müəssisədə 6 gün cərimə kamerasında ( kars) saxlanması ilə bağlı qərar verilib.
O vurğulayıb ki, Ruslan İzzətlinin səhhətində ciddi problemlər var və o, qidasına diqqət etməlidir: “Mən ona hər həftə pəhriz yeməkləri göndərirdim. İndi o 2-ci günə (avqustun 25-i) qədər “kars”da ac, susuz necə qalacaq?! Vəkilin dediyinə görə, oranın yeməyindən imtina edib. Çünki oranın yeməyini yeyə bilmir”.
Xanımı hesab edir ki, səhhətində ciddi problemləri olan Ruslan İzzətlinin bu 7 gündə başına bir iş gələrsə, səhhətində ağırlaşma olarsa, bunun məsuliyyəti birbaşa hakimiyyətin və bu saxlandığı Umbakı Pentensiar Komplelsinin rəhbərliyinin üstündə qalcaq.
Hələlik, bu məlumata Penitensiar Xidmət və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bir qayda olaraq vurğulanır ki, cəzaçəkmə müəssisələrində məhkumlarla qanun çərçivəsində davranılır və onlara lazımı xidmətlər göstərilir. Üstəlik, qurumdan cəzaçəkmə müəssisələrində qidalanma ilə bağlı şikayətləri də əsaslı saymırlar.
19.08.2026
Xanımı Ruslan İzzətlinin “kars”a salındığını deyir
“ToplumTV” işi üzrə həbs edilən Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) qurucu üzvü Ruslan İzzətlinin cəza çəkdiyi müəssisədə cərimə kamerasına (karsa) salındığı bildirilir.
Bu barədə bu gün, avqustun 19-da onun yaxınları məlumat yayıb. Onun içməli su tələb etdiyi üçün cərimə kamerasına salındığı iddia edilir.
Vurğulandığına görə, isti yay günlərində müəssisədə içməli su qıtlığı var.
“İndicə Əli Zeynalla (bu iş üzrə tutulub - red.) danışdım. Ruslanın buna etiraz etdiyi üçün “kars”a salındığını, özünün də indi “kars”a gedəcəyini bildirdi”, - Ruslan İzzətlinin xanımı Günel Manaflı facebook səhfəsində bu gün, avqustun 19-da yazıb.
“...Niyə su tapılmır? Niyə bu məsələ həllini tapmır?! Niyə siyasi məhbuslarla bu cür davranış sərgilənir?”, - deyə o, əlavə edib.
Hələlik, bu məlumatı Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb. Amma qurumdan bir qayda olaraq cəzaçəkmə müəssisələrində şəraitin beyləlxalq normalara cavab verdiyi vurğulanır.
Xatırlatma
“ToplumTV” işi üzrə həbslər 2024-cü ilin martından başlayıb. Bu il iyulun 27-də bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli 15 il, ToplumTV-nin həmtəsisçisi Ələsgər Məmmədli ilə DTİ əməkdaşı Əli Zeynal 14 il, DTİ əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, ToplumTV-nin videoredaktoru Müşfiq Cabbar 13 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan başqa, məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək proses gedişində üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verib.
"ToplumTV işi" üzrə təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb. İş üzrə həbs olunanların hamısı ittihamları rədd edir, fəaliyyətlərinə görə siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Son illər Azərbaycanda oxşar ittihamlarla 30 civarında jurnalist və ictimai fəal həbs edilib. Onlar da ittihamları siyasi sayırlar. Hərçənd, rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı açıqlamaları qəti təkzib edirlər.