Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:16

Rusiyada unikal məhkəmə: Qolçomağın varisi təzminat tələb edir


Bolşeviklər 1920-ci ildə qolçomaq ovuna çıxıb, Belarus, Ivan Vladimirov (rəsm)
Bolşeviklər 1920-ci ildə qolçomaq ovuna çıxıb, Belarus, Ivan Vladimirov (rəsm)

Currentime.tv-nin əməkdaşı Rusiyanın Lipetsk vilayətində 85 yaşlı iddiaçının - qolçomağın varisi Vasiliy Proskurinin məhkəməsindən yazır. O hələ bu cür məhkəmə çəkişməsi ilə rastlaşmadığını qeyd edir.

YEL DƏYİRMANI, İKİ EV VƏ MALQARA ÜÇÜN TƏZMİNAT

Vasiliy Proskurin dövlətlə davaya çıxıb, restitusiya ilə bağlı mübahisə aparır. O atasının malını tələb edir. Bir qədər də dəqiqləşdirsək, ötən əsrin 30-cu illərində, Stalin repressiyalarının şiddətli zamanında sovet hökumətinin atasının təsərrüfatını əlindən almasına görə bu gün təzminat tələb edir. Ailənin məhrum olunduğu mal-mülk arasında bunlar da var: yel dəyirmanı, iki möhkəm ev və mal-qara.

Təqaüdçü sistemə qalib gələ bilmək üçün bir neçə il NKVD arxivini araşdıraraq sənədlər toplayıb.

«Federal Təhlükəsizlik Xidməti İdarəsinin Lipetsk vilayəti üzrə arxiv sənədlərindən məlum olur ki, Proskurinin atası inqilaba qədər qolçomaq oğlu olub və qolçomaq təsərrüfatının sahibiymiş, ancaq 1930-cu ildə bu təsərrüfat dağıdılıb», - qurumun nümayəndəsi məhkəmədə təsdiqləyib.

ATA GÜLLƏLƏNİB, TƏSƏRRÜFAT TARMAR EDİLİB

Proskurinlərin ailəsini və təsərrüfatını tar-mar edəndə yel dəyirmanı dərhal qırılıb: yeni sahibləri onunla necə rəftar ediləcəyini bilməyiblər. Vasilinin sözlərinə görə, atadanqalma təsərrüfatda daş-daş üstə qalmayib. Ailənin əmlakının müsadirə edilməsi azmış kimi 1937-ci ildə üstəlik ata Proskurin də güllələnib.

«Anam boynumu qucaqlayıb dedi: heç kimlə danışma, küçədə kimsə nəsə soruşsa de: «Heç nə bilmirəm!» Sonra da dön evə get! Və bu haqda mənə xəbər elə!», - Vasiliy Proskurin xatırlayır. – «Anam məni də apararlar deyə o qədər qorxurdu ki. Çox dəhşətli dövr idi».

15 İLLİK ÇƏKİŞMƏ

Vasiliy Proskurin ədalətsiz mühakimə edilmiş atasının bəraət alması üçün 15 ildir mübarizə aparır, düz 2001-ci ildən. Və nəhayət haqq qalib gəlib, Proskurinin atasının bəraət ala bilməsinə nail olub. İndi isə o ailəsinin yaşadığı məşəqqətə, əzab-əziyyətə, eləcə də qanunla ona çatacaq mirasa görə dövlətdən 7 milyon rubl təzminat almaq istəyir. Bu pula isə qızı ilə bir yerdə ev tikmək istəyir.

RUSLAR MİRAS DAVASI ÜÇÜN MƏHKƏMƏYƏ AZ MÜRACİƏT EDİR

Rusiyada qəbul edilmiş reabilitasiya haqqında qanun siyasi repressiya qurbanlarının dövlətdən təzminat almasına imkan yaradır. Ancaq prokurorluqdan currentime.tv-yə deyiblər ki, vətəndaşlar öz hüquqları uğrunda sistemlə mübarizə aparmağa nadir halda qərar verirlər.

«Öz təcrübəmdə belə işə rast gəlməmişəm. Mən hətta bugünkü iclasa hazırlaşanda özümdən əvvəlki təcrübəni də araşdırıb öyrəndim. Bu cür reabilitasiya məsələləri ilə bağlı çox az qərar çıxarılıb. Tək-tükdür, məhkəmələr demək olar ki, ildə bir dəfə bu cür məhkəmə işinə baxır», - Lipetskin Sovetski rayonu prokurorunun köməkçisi Aleksandr İlyin belə deyir.

Vasiliy Proskurin məhkəmənin onun işi ilə bağlı çıxaracağı qərarı yubatmayacağına ümid edir. Uzun-uzadı məhkəmə çəkişmələrinə 85 yaşlı təqaüdçünün artıq nə gücü-qüvvəsi qalıb, nə də vaxtı.

XS
SM
MD
LG