Keçid linkləri

2026, 15 İyun, bazar ertəsi, Bakı vaxtı 22:46

Tramp-Putin söhbətindən sonra Rusiya Ukraynanı vurub. 9 ölü

Kiyevə zərbələr
Kiyevə zərbələr

Rusiyanın Ukraynaya hava zərbələrindən azı 9 nəfər həlak olub. Hədəflər arasında UNESCO-nun qorunan irs siyahısında olan monastır da var. Bu hücumdan bir neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb, Ukraynadakı müharibənin başa çatdırılmasına kömək etmək istədiyini deyib.

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, Rusiyanın zərbələrindən ölkənin ikinci ən böyük şəhəri Xarkovda 5 xilasedici həlak olub, azı beş nəfər isə yaralanıb. Xilasedicilər Rusiyanın zərbələrinin səbəb olduğu yanğınları söndürərkən həlak olublar.

Xarkov İncəsənət Muzeyində yanğında isə bir körpə daxil olmaqla altı nəfər yaralanıb. Muzeyin 1200 kvadratmetrlik binasında yanğının tam söndürülməsi istiqamətində işlərin getdiyi bildirilir.

İrs abidəsinə “qəddar hücum”

Paytaxt Kiyevin meri Vitali Kliçkonun açıqlamasına görə, gecə saatlarında “kütləvi” hücum şəhərin demək olar ki, bütün rayonlarında dağıntılara və yanğınlara səbəb olub. Dörd nəfər həlak olub, azı 23 nəfər yaralanıb.

Zərbələrə məruz qalan binalar arasında UNESCO-nun Dünya İrs Siyahısına salınmış tarixi Kiyev-Peçersk Lavrasının (Mağaralar Monastırı) baş kafedralı da olub. İyunun 15-i səhər saatlarında yanğınsöndürənlər alovu söndürməyə çalışırdılar. Hücum nəticəsində azı 13 nəfər yaralanıb.

“Bu, xalqımıza və irsimizə qarşı qəddar hücumdur. Rusiyanın pravoslav dəyərlərinin əsl siması budur”, – Ukraynanın baş naziri Yuliya Svıridenko X sosial şəbəkəsində yazıb.

Ukraynanın cavab zərbələri

Kiyev də Rusiyanın sənaye və enerji obyektlərini hədəfə alıb. Məqsəd Kremlin Ukraynadakı təcavüzkar müharibəsinə maliyyə axınını kəsməkdir.

Tula vilayətinin qubernatoru Dmitri Milyayev “Teleqram”da yazıb ki, Ukrayna dronlarının Moskvanın təxminən 200 kilometr cənubunda yerləşən Tula şəhərinə hücumu nəticəsində 3 nəfər həlak olub, üç nəfər yaralanıb.

Hansı obyektlərin vurulduğu dəqiq bəlli deyil. Tula vilayətində bir sıra iri sənaye müəssisələri yerləşir. 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan Ukrayna bu vilayəti tez-tez hədəfə alır.

İyunun 15-i səhər Rusiyanın işğal etdiyi Ukraynanın Xerson vilayətinə Kremlin təyin etdiyi rəsmilər Ukraynanın hücumları nəticəsində iki körpünün zədələndiyini, nəqliyyatın dayandırıldığını bildiriblər.

Bu məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Tramp Putin və Zelenski ilə ayrı-ayrılıqda danışıb

ABŞ prezidenti Donald Tramp iyunun 14-də Putinlə telefon söhbətində Ukraynadakı münaqişənin dayandırılmasının vacibliyini vurğulayıb, sülhə kömək etməyə hazır olduğunu bildirib. Məlumatı Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov verib.

“Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı bir daha vurğuladı ki, hərbi əməliyyatların dayandırılması həyati əhəmiyyət daşıyır”, – Uşakov 55 dəqiqə çəkən telefon danışığı barədə jurnalistlərə bildirib.

Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə də danışıb. Zelenski bildirib ki, onlar iyunun 15-də Fransada keçiriləcək Böyük Yeddilik (G7) sammiti ərəfəsində müharibənin dayandırılması yönündə səyləri müzakirə ediblər.

Zelenski Teleqram-da yazıb ki, Trampı 80 illik yubileyi münasibətilə təbrik edib, Vaşinqtonun müharibədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

“Prezident Trampa, hər şeydən əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq səylərində uğurlar arzuladım”, – Zelenski söyləyib.

XS
SM
MD
LG