Gecə Xarkov və digər şəhərlərin atəşə tutulduğu bildirilir
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən UNİAN xəbər agentliyi bildirir ki, gecə Xarkovun atəşə tutulması iki böyük yanğına səbəb olub. Həmçinin yerli hakimiyyət orqanları Krivoy Roq, Dnepr, Poltava və Kremençuqun gecə atəşə tutulduğunu bildirirlər.
Rusiya Müdafiə Nazirliyi gecə Ukraynaya zərbələr endirildiyini təsdiqləyiblər
Rusiya Müdafiə Nazirliyinin nümayəndələri aprelin 2-də keçirilən brifinqdə Ukraynanın Kremençuq, Poltava və Dneprə hərbi zərbələr endirildiyini təsdiqləyiblər.
Onların sözlərinə görə, hədəflər hərbi aerodromlar və benzin və dizel yanacağı olan anbarlar olub.
Ukrayna tərəfi isə Xarkov və digər şəhərlərin xaotik atəşə tutulduğunu bildirir.
Məlumatlarda qeyd olunur ki, Dnepropetrovsk vilayətinə atılan 10 raketdən 4-ü zərərsizləşdirilib, Mariupol hələ də mühasirədədir.
Ukrayna Müdafiə Nazirliyi Rusiya hərbçilərinin itkiləri ilə bağlı yeni məlumat açıqlayıb
Ukrayna Müdafiə Nazirliyi Rusiya hərbçilərinin itkiləri ilə bağlı yeni məlumatlar təqdim edir. Aprelin 2-də verilən açıqlamada deyilir ki, Rusiya fevralın 24-dən bəri 17800-ə yaxın şəxsi heyətini (yaralı, öldürülmüş və ya əsir götürülmüş), həmçinin 631 tank, 1776 zirehli texnika, yüzlərlə artilleriya və hava hücumundan müdafiə sistemi, 143 təyyarə və 143 helikopterini itirib.
Rusiya Müdafiə Nazirliyi yalnız iki dəfə itkilər barədə məlumat yayıb. Son hesablamalara görə, bu ölkənin 1351 hərbçisi həlak olub, 3825 hərbçisi yaralanıb. Məlumatda o da vurğulanır ki, bu məlumatlar Ukraynada iştirak edən digər hüquq-mühafizə orqanlarının (Rusiya Qvardiyasının qüvvələri və s.) əməkdaşlarını nəzərə almır.
Müharibə şəraitində itkilər barədə tərəflərin məlumatlarını yoxlamaq mümkün deyil. Müstəqil ekspertlər tərəfindən səsləndirilən Rusiya itkilərinin hesablamaları, bir qayda olaraq, rəsmi Rusiya itkilərindən yüksək, Ukraynanın açıqladığı rəqəmlərdən isə aşağıdır.
İtkin düşən fotojurnalistlərdən birinin meyiti tapılıb, digərindən isə xəbər yoxdur
Üç həftədən bəri itkin düşən ukraynalı fotojurnalist Maks Levinin Kiyev vilayətində meyiti tapılıb. Bu barədə Ukrayna prokurorluğu məlumat yayıb.
Prokurorluğun məlumatına görə, Levin Quta kəndində Rusiya əsgərləri tərəfindən öldürülüb. Faktla bağlı müharibə qanunlarını pozma (Ukrayna Cinayət Məcəlləsinin 438) maddəsi ilə cinayət işi başlanıb.
Levinlə birlikdə müharibənin nəticələrini sənədləşdirməyə gedən və eyni zamanda yoxa çıxan fotoqraf Aleksey Çernışevdən hələ də bir xəbər yoxdur.