Rusiya Müdafiə Nazirliyi bildirib ki, hərbçiləri Ukraynanın Luqansk vilayətini bütünlükdə nəzarətə götürüblər. TASS-ın məlumata görə, ""Qərb" qoşun qruplaşmasının bölmələri LXR-in (Luqansk Xalq Respublikası) azad edilməsini başa çatdırıb".
Döyüş şəraitindən gələn xəbərləri operativ şəkildə təsdiqləmək və ya təkzib etmək mümkün deyil.
Ukrayna tərəfi Luqansk vilayəti üzərində nəzarəti tam itirdiyini bəyan etməyib. 2022-ci ildən bəri Ukrayna vilayətin 1 faizindən azına nəzarət edir, qalan hissəni Rusiya işğal edib.
Ukraynanın "DeepState" layihəsinin xəritəsinə görə, Svatovo şəhərinin cənub-qərbində kiçik bir ərazi hələ də Ukraynanın nəzarətində qalır. Bura Xarkov, Luqansk və Donetsk vilayətlərinin qovuşduğu yerdir. Son vaxtlar bu ərazidə döyüşlər barədə məlumat verilməyib.
Rusiya daha öncə də "LXR" üzərində tam nəzarətin bərqərar olunduğunu bəyan edib.
Rusiyanın atəşkəs üçün əsas şərti Ukrayna qoşunlarının Donbasdan, yəni Luqansk və Donetsk vilayətlərindən çıxarılmasıdır. Moskvanın başqa şərtləri də var. Kremlin sözçüsü Dmitri Peskov martın 31-də bunu da bir daha təsdiqləyib. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə qoşunları Donbasdan çıxarmaq üçün iki ay vaxt verdiyini deyib. Peskov bildirib ki, "Zelenski artıq bu gün Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması barədə qərar verməlidir. O, bu qərarı hələ dünən qəbul etməli idi". Peskovun sözlərinə görə, bu qərar "münaqişənin qaynar fazasını dayandırmağa imkan verərdi".
Zelenski isə Ukraynanın Rusiya bu tələbini qəbul etməyə hazır olmadığını deyir. Hazırda Donetsk vilayətinin 20 faizi Ukraynanın nəzarətindədir. Bu əraziyə Konstantinovka, Drujkovka, Kramatorsk və Slavyansk şəhərləri daxildir.