Keçid linkləri

2026, 15 May, cümə, Bakı vaxtı 15:17

Rusiya və Ukrayna əsirləri dəyişib

Ukraynalı hərbi əsirlər
Ukraynalı hərbi əsirlər

Rusiya və Ukrayna "205-in 205-ə" formulu üzrə hərbi əsir mübadiləsi həyata keçirib. Bu barədə məlumatı həm Rusiyanın Müdafiə Nazirliyi, həm də Ukrayna prezidenti Volodimir Zelenski yayıb.

Zelenskinin sözlərinə görə, bu proses "1000-in 1000-ə" formulu üzrə planlaşdırılan daha böyük mübadilənin ilk mərhələsidir. Rusiya Müdafiə Nazirliyi isə öz bəyanatında bu məqama toxunmayıb. Qurumun məlumatına görə, azad edilən rusiyalı hərbçilər ilkin olaraq Belarus ərazisinə aparılıb. Qeyd olunub ki, növbəti mübadilə prosesi də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə baş tutub.

Ukraynanın hərbi sahədə ixtisaslaşmış "DeepState" Telegram kanalı azad olunanlar barədə məlumat paylaşıb: "Vətənə qayıdan ukraynalı hərbçilərin, demək olar ki, hamısı dörd il idi ki, əsirlikdə qalırdı. Onların böyük əksəriyyəti Mariupolun müdafiəsi zamanı əsir düşənlərdir".

Son günlərdə həm Moskva, həm də Kiyev genişmiqyaslı mübadiləyə hazırlıq getdiyini təsdiqləyirdi. Tərəflərin "1000-in 1000-ə" formulu üzrə razılığa gəldiyi barədə xəbərlər yayılmışdı. ABŞ prezidenti Donald Tramp da mayın 9-dan 11-nə qədər qüvvədə olan atəşkəsdən danışarkən məhz bu plana toxunmuşdu.

Böyük mübadilənin həmin atəşkəs dövründə baş tutacağı gözlənilsə də, proses vaxtında reallaşmamışdı. Kreml yubanmanı Ukrayna tərəfinin əsir siyahılarını gecikdirməsi ilə izah edib. Kiyev rəhbərliyi isə Moskvanın bu iddiasını qətiyyətlə rədd edib.

Yanğınsöndürənlər Rusiyanın raket və dron hücumu zamanı dağılmış yaşayış binasının yerində işləyirlər.
Yanğınsöndürənlər Rusiyanın raket və dron hücumu zamanı dağılmış yaşayış binasının yerində işləyirlər.

Rusiyanın Ukraynaya hava hücumlarında azı 24 nəfər həlak olub

Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə iki gün davam edən hava hücumları nəticəsində azı 24 nəfər həyatını itirib. Bu, Rusiya qüvvələrinin 2022-ci ilin fevralında genişmiqyaslı işğala başlamasından bəri törətdiyi ən böyük hücumlardan biridir.

Xilasedicilər hələ də Kiyevin Darnitski rayonunda qismən dağılmış doqquzmərtəbəli yaşayış binasının dağıntıları altında axtarışları davam etdirirlər. Rəsmilər onlarla yaralı arasında ölənlərin sayının artacağı ehtimalını istisna etmirlər. Onların məlumatına görə, doqquzmərtəbəli binaya endirilən zərbə nəticəsində 18 mənzil tamamilə uçub. Darnitski rayonunda azı 20 nəfər isə itkin düşüb.

"Hər şey yanırdı"

Kiyevin meri Vitali Kliçko bildirib ki, paytaxtda azı 57 nəfər yaralanıb, onlardan 27-si xəstəxanaya yerləşdirilib.

Dağılmış yaşayış binasının yaxınlığında AFP-yə açıqlama verən Kiyev sakini Andriy qan ləkəli gecə paltarı ilə deyib: "Hər şey yanırdı. İnsanlar qışqırırdı... hamı kömək istəyirdi".

Ukrayna prezidenti Volodimir Zelenski ilkin məlumatlara istinadən yaşayış binasına Rusiyanın X-101 tipli qanadlı raketinin düşdüyünü bildirib. O, Rusiyanın bu cür silahları istehsal etməsinin qarşısını almaq üçün diplomatik səyləri artırmağa çağırıb.

Hadisə yerində "Reuters" agentliyinə danışan 74-yaşlı Alla Komisarova isə deyib: "Orada insanlar, uşaqlar da var idi. Onların başına nə gəldiyini təsəvvür edə bilirsinizmi? Bütöv bina çökdü".

Mayın 15-də Kiyevdə Rusiyanın son hücumlarında həlak olanların xatirəsi üçün matəm günü elan edilib.

Zelenski gecə videomüraciətində bildirib ki, mayın 13-dən etibarən Rusiya Ukrayna ərazisinə 1567 dron buraxıb. O, son iki gündə ölənlərin sayının 27-yə çatdığını və bu rəqəmin daha da arta biləcəyini qeyd edib.

Müharibə sona yaxınlaşır?

Bu hücumlar, mayın 9-da nasist Almaniyası üzərində qələbənin ildönümü münasibətilə elan edilmiş, lakin gözlənildiyi kimi pozulmuş qısamüddətli atəşkəsin bitməsindən bir neçə gün sonra baş verib.

Rusiya prezidenti Vladimir Putin mayın 9-da müharibənin sona yaxınlaşdığını söyləsə də, Ukrayna ilə mümkün sülh sazişinə gətirib çıxara biləcək heç bir kompromis variantını dilə gətirməyib.

Son hücumlardan sonra Zelenski Putinin bu bəyanatını tənqid edərək deyib: "Bunlar müharibənin sona çatdığına inananların hərəkətləri deyil".

Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov isə Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda mülki obyektlərə edilən hücumlar nəticəsində üçü uşaq olmaqla, 28 nəfərin yaralandığını açıqlayıb.

Rusiya, çoxsaylı sübutlara baxmayaraq, mülki obyektləri hədəfə almadığını iddia edir.

Rusiya rəsmiləri isə mayın 14-də Ukraynanın dron hücumları nəticəsində Belqorod sərhəd bölgəsində bir nəfərin həlak olduğunu, bir nəfərin isə yaralandığını bildiriblər. Bu məlumat müstəqil şəkildə təsdiqlənməsə də, Belqorod vilayəti tez-tez Ukraynanın hücumlarının hədəfinə çevrilir. Kiyev öz növbəsində bəyan edir ki, Kreml hərbi maşınını təmin edən hərbi obyektləri və enerji infrastrukturunu, o cümlədən bəzən Rusiya ərazisinin dərinliklərində yerləşən hədəfləri vurur.

XS
SM
MD
LG