Keçid linkləri

2026, 29 İyul, çərşənbə, Bakı vaxtı 19:03

Ukrayna dronları Rusiyanın dərinliklərini hədəf alır

Bu, "Wildberries"in obyektlərinə azı 10-cu hücumdur.
Bu, "Wildberries"in obyektlərinə azı 10-cu hücumdur.

Ukrayna iyulun 29-da Rusiyanın müxtəlif regionlarda hədəflərə dron zərbələri endirib. Hədəflər arasında neft emalı zavodu və "Wildberries" onlayn pərakəndə satış şirkətinin logistika mərkəzi də olub.

Rusiya və Ukrayna monitorinq kanallarının məlumatına görə, Ryazan vilayətindəki "Wildberries" logistika mərkəzi vurulub. Bu, "Wildberries"in obyektlərinə azı 10-cu hücumdur.

"Wildberries" Amazon qlobal pərakəndə satış nəhənginin Rusiyadakı analoqu sayılır.

Ukrayna ordusu Ryazan neft emalı zavoduna hücumu təsdiqləyib. Zavodun ərazisində yanğın baş verdiyi bildirilib.

"Rosneft" şirkətinə məxsus Ryazan neft emalı zavodu Rusiyanın ən böyük müəssisələrindən biridir, ölkənin ümumi neft emalı gücünün təxminən 5 faizini təşkil edir. 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan bu zavod dəfələrlə hədəfə alınıb, mayın 15-də Ukraynanın hücumundan sonra fəaliyyətini dayandırıb.

Ryazan vilayətinin qubernatoru ötən gecə vilayət üzərində 45 dronun məhv edildiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski də hücumları təsdiqləyib. Onun dediyinə görə, iyulun 29-na keçən gecə Perm vilayətindəki neft emalı zavodu, həmçinin Rostov vilayətində ixrac terminalı və hərbi müəssisə də hədəfə alınıb.

"Rusiya hiss etməlidir ki, bu müharibənin hər günü ona daha baha başa gələcək. Təcavüzkarı zəiflətməli və bu müharibənin başa çatmasını yaxınlaşdırmaq üçün təzyiqi davam etdirməliyik", – Zelenski X sosial şəbəkəsində yazıb.

Zelenski bundan bir gün əvvəl Vaşinqtonda olub. O, əvvəlcə ABŞ prezidenti Donald Trampla, daha sonra isə ABŞ Senatının üzvləri ilə ayrı-ayrılıqda görüşüb.

Zelenski Trampla görüşün "yaxşı" keçdiyini deyib. Tramp isə "Çox məsələlər müzakirə olundu. Görüş çox yaxşı keçdi", – deyib.

"Wildberries"in anbar tutumunun 10 faizi

Medianın yazdığına görə, Ukraynanın dron zərbələri "Wildberries"in ümumi anbar tutumunun təxminən 10 faizini sıradan çıxarıb. Bu da şirkətin Rusiyadakı logistika şəbəkəsinə ciddi təsir göstərə bilər.

"Wildberries" Avropa kataloqları əsasında geyim satışı həyata keçirən onlayn mağaza kimi fəaliyyətə başlayıb. Sonradan üçüncü tərəf satıcılarının geniş çeşiddə məhsullar təqdim etdiyi satış platformasına çevrilib.

Şirkətin məlumatına görə, adi iş rejimində hər gün təxminən 20 milyon sifariş emal olunur. "Forbes" jurnalının qiymətləndirməsinə əsasən, "Wildberries"in həmtəsisçisi Tatyana Kim təxminən 7 milyard ABŞ dollarlıq sərvəti ilə Rusiyanın ən varlı qadını sayılır.

XS
SM
MD
LG