Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunun da İsveçrədə keçiriləcəyini bildirib. O, jurnalist Pirs Morqana müsahibəsində bu haqda danışıb.
"Növbəti görüş də İsveçrədə olacaq. Bu, hazırda əlimdə olan məlumatdır. Nümayəndə heyətimiz qayıdacaq, telefondakından daha ətraflı informasiyam olacaq", – AzadlıqRadiosunun Ukrayna xidməti prezidentə istinadla yazır.
Zelenski İsveçrə danışıqlarını "yaxşı məqam" adlandırıb: "Bu, çox vacibdir. Yaxın Şərqə, digər ölkələrə hörmətlə yanaşıram, amma fikrimcə, müharibə Avropada gedirsə, sülh danışıqları da Avropada aparılmalıdır".
Ukrayna prezidenti növbəti raundun dəqiq vaxtını açıqlamayıb. Fevralın 18-də axşam müraciətində deyib ki, görüş fevralın sonunadək baş tuta bilər.
Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski də yeni görüşün yaxın vaxtlarda keçiriləcəyini bildirib.
Cenevrə danışıqları ilə bağlı Zelenski deyib ki, Ukrayna nəticə əldə olunmasında maraqlıdır. "Hazırda yetərincə nəticənin olduğunu deyə bilmərik. Hərbçilər bəzi məsələlər üzrə ciddi və məzmunlu müzakirələr aparıblar. Həssas siyasi məsələlər, mümkün kompromislər, liderlərin vacib görüşü ilə bağlı mövzular hələ yetərincə işlənməyib", – "Ukrainska Pravda" Zelenskidən sitat gətirir.
Medinski danışıqları "çətin, amma işgüzar" adlandırıb.
"RBK-Ukrayna" bilgili mənbəyə istinadla yazır ki, Moskvanın əsas tələbi dəyişməyib, Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını tələb edir. Hərbi altqrupda prosedur məsələlərinin razılaşdırılması üzrə irəliləyiş var. "Hərbi altqrupun əldə etdiyi nəticələrin necə gerçəkləşdiriləcəyi siyasi altqrupun qərarından asılıdır. Artıq liderlər səviyyəsində görüş vacibdir. Görünür, belə də olacaq", – mənbə söyləyib.
18 fevral
Cenevrədə Ukrayna danışıqları bitib
Cenevrədə üçtərəfli ABŞ-Ukrayna-Rusiya danışıqları bitib.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib ki, fevralın 17-də danışıqlar müxtəlif formatlarda "çox uzun" çəkib.
"Bu gün isə iki saat davam edib. Çətin, amma işgüzar keçdi. Yaxın vaxtlarda növbəti görüş olacaq. Demək istədiyimiz budur", – o bildirib.
Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov isə danışıqların "məzmunlu" keçdiyini deyib.
"Reuters" çərşənbə günü danışıqlarının cəmi iki saatdan sonra qəfil bitdiyini yazır. Ukrayna prezidenti Volodimir Zelenski isə müzakirələrin çətin keçdiyini deyərək Rusiyanı proqresi qəsdən yubatmaqda suçlayıb.
"Dünənki danışıqlar gerçəkdən çətin keçib, deyə bilərik ki, Rusiya yekun mərhələyə keçə biləcək danışıqları uzadır", – Zelenski fevralın 18-də X-də yazıb.
Zelenskinin şərhindən bir neçə dəqiqə sonra Rusiyanın RIA dövlət agentliyi danışıqların bitdiyini yazıb.
Danışıqların öncəki raundu fevralın 4-5-də Əbu-Dabidə keçirilib, tərəflər onları "konstruktiv" adlandırıb. Yekunda Rusiya və Ukrayna "157-nin 157-yə" formatında hərbi əsir mübadiləsi aparıblar.
Danışıqlarda ən mürəkkəb məsələ ərazi iddiaları ilə bağlıdır. Moskva Kiyevdən Donbasdan qoşunları çıxarmağı tələb edir. Ukrayna isə güzəştə getməkdən imtina edir.
Uitkoff Ukrayna danışıqlarında 'əhəmiyyətli' irəliləyişdən danışır
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukraynada müharibəni bitirməyi hədəfləyən danışıqlarda "əhəmiyyətli irəliləyiş" olduğunu deyir.
"Prezident Trampın bu münaqişədə tərəfləri yaxınlaşdırmaqda uğuru əhəmiyyətli proqreslə nəticələnib. Biz fəxr edirik ki, onun rəhbərliyi altında bu dəhşətli münaqişədə qətlləri bitirmək üzərində işləyirik. Tərəflər liderlərini bilgiləndirib saziş əldə olunması üzərində işi davam etdirməyə razılaşıblar", – Uitkoff fevralın 17-də Cenevrə danışıqlarının birinci günü bitincə X platformasında yazıb.
TASS görüşün altı saatadək çəkdiyini xəbər verib. Ukrayna nümayəndə heyətinin başçısı Rustem Umerov deyib ki, müzakirələr praktik məsələlərə və mümkün həllərin mexanikasına fokuslanıb.
"Interfax" mənbəyə istinadla danışıqların "çox gərgin" keçdiyini yazıb. "Axios" müxbiri Barak Ravid iki mənbəyə istinadla xəbər verir ki, Rusiya nümayəndə heyətinin başçısı, prezident Vladimir Putinin köməkçisi Vladimir Medinskinin mövqeyi üzündən Cenevrə danışıqları dalana dirənib.
Tramp Ukraynanı tezliklə danışıqlar masasına əyləşməyə çağırıb
ABŞ prezidenti Donald Tramp Ukraynanı tezliklə danışıqlar masasına əyləşməyə çağırıb. O, "Air Force One" təyyarəsində jurnalistlərə Cenevrədə üçtərəfli danışıqlardan gözləntiləri haqda danışıb.
"Vacib danışıqlardır. Hər şey çox sadə olacaq. Qulaq asın, hələlik, Ukrayna üçün ən yaxşısı danışıqlar masasına tez əyləşməkdir. Sizə ancaq bunu söyləyə bilərəm. Elə bir mövqedəyik ki, onların danışıqlar masasına əyləşməsini istəyirik", – Tramp vurğulayıb.
Fevralın 17-18-də Cenevrədə ABŞ-İran danışıqlarından sonra ABŞ, Ukrayna və Rusiya danışıqları keçiriləcək. ABŞ-dən danışıqlarda Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak edəcəklər. Ukraynanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, prezident administrasiyasının rəhbəri Kirill Budanov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andriy Qnatov, xarici işlər nazirinin birinci müavini Sergiy Kislitsa, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəisinin müavini Vadim Skibitski və Ali Radada "Xalqın Xidmətçisi" fraksiyasının sədri David Araxamiya təmsil edəcək.
Rusiyadan prezidentin köməkçisi Vladimir Medinski, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, xarici işlər nazirinin müavini Mixail Qaluzin olacaqlar. Kremlin məlumatına görə, Putinin xüsusi təmsilçisi Kirill Dmitriyev "ayrı istiqamət üzrə işləyəcək".
Ukrayna prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında deyib ki, ABŞ sülhə nail olmaq üçün Ukraynanın güzəştlər etməli olduğunu həddindən artıq tez-tez deyir, amma Rusiyanın hansı güzəştlərə gedə biləcəyindən danışmır. Zelenski Tramp administrasiyasından müharibənin daha tez bitməsi üçün müəyyən təzyiq hiss etdiyini deyib. O əlavə edib ki, Ukrayna sülhə mümkün qədər tez nail olmaq istəyir, ancaq bu sülh "ləyaqətli" olmalıdır.