Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 00:28

Rusiya Qara dənizdə daha 3 gəmini vurub, kapitan həlak olub

Arxiv fotosu
Arxiv fotosu

Rusiya hərbçiləri iyulun 14-də Odessa limanı yaxınlığında, Qara dənizdə Tanzaniya və Liberiya bayraqları altında üzən iki ticarət gəmisinə hücum ediblər. Gəmilərdən birinin kapitanı həlak olub. Xəbəri Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper və Ukrayna Dəniz Limanları Administrasiyası yayıb.

İyulun 15-də isə Odessa limanında Marşall adaları bayrağı ilə üzən daha bir yük gəmisi hücuma məruz qalıb. Gəminin iki ekipaj üzvü həlak olub. Bu haqda AzadlıqRadiosunun rus xidməti yazır.

3 nəfər yaralanıb

"Odessa INFO" Teleqram kanalı yazır ki, həlak olan şəxs Tanzaniya bayrağı altında üzən, "ATLAS BEY" gəmisinin kapitanıdır. Məlumata görə, daha üç nəfər yaralanıb. Gəmilərdən birinin ekipajı sahilə çıxarılıb. Gəmi Çernomorsk limanından Türkiyəyə yağ istehsalından sonra qalan toxum qalıqları (şrot) aparırdı.

Azərbaycan Xarici İşlər Nazirliyi isə iyulun 14-də bildirib ki,Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür.

Bundan bir gün əvvəl Çernomorsk limanında Toqo bayrağı altında üzən başqa bir gəmi də hücuma məruz qalmış, beş nəfər həlak olub.

"Artıq beşinci gündür ki, Rusiya Böyük Odessa regiounun liman infrastrukturuna və mülki gəmiçiliyə qarşı terroru dayandırmır. Düşmən gecə-gündüz ballistik raketlər və dronlarla zərbələr endirir", – Ukrayna Dəniz Limanları Administrasiyası bildirib.

Məlumata görə, son bir həftə ərzində Odessa vilayətində limanlara və gəmilərə zərbələrdən 9 nəfər həlak olub.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Rusiya ordusu "Ukrayna limanlarına və Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə olunan gəmilərə" zərbələr endirir. Nazirliyin məlumatına görə, iyulun 14-də Odessa limanında dronlarla daha üç yük gəmisi vurulub.

Ukraynanın zərbələri

Ukrayna hərbçiləri son günlər hər gün Azov dənizindəki Rusiya gəmilərinə, eləcə də limanlara zərbələr endirirlər. Hücumlar əsasən ilhaq olunmuş Krıma yanacaq çatdırmağa çalışan tankerləri hədəf alır.

İyulun 14-nə keçən gecə Ukrayna qüvvələri Azov dənizində Rusiyaya məxsus beş tankeri, beş yük gəmisini və bir yedək gəmisini vurub. Bunu Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Madyar" Brovdi Teleqram kanalında yazıb. Onun iddiasına görə, son doqquz gün ərzində ümumilikdə 116 gəmi vurulub.

Ukrayna Hərbi Dəniz Qüvvələri iyulun 14-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) "Zümrüd" sərhəd patrul gəmisini batırdıqlarını, ölən və yaralananların olduğunu da bəyan edib. Rusiya tərəfi, hələlik, bu iddianı şərh etməyib.

XS
SM
MD
LG