Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:23

Mavluda: 'Mən ərimin rus qadınla evlənməsinə razılıq verdim'


Bəy və gəlin
Bəy və gəlin

Dünyada heç bir qadın ərinin onu başqa qadına dəyişməsini, pasportunda boşanma möhürünün olmasını istəməz. Ancaq Tacikistanın Jalaloddin Balkhi rayonunda yaşayan 38 yaşlı dörd uşaq anası Mavluda Rusiya vətəndaşlığı almaq üçün bunu da etməyə məcburdur.

Onun əri Rusiyada çalışan əmək miqrantıdır. O bu yaxınlarda etiraf edib ki, rus qadınla nikaha girib vətəndaşlıq almasa, Rusiyada leqal işləyə və pul qazana bilməyəcək. «Ərim bir neçə il israr etdi ki, rusiyalı qadınla evlənə bilməsi üçün nikahımızı pozaq. Mən razılaşmırdım. Ancaq bu yaxınlarda o, Rusiyadan bir qəpiksiz qayıtdı. O mənə çekləri göstərdi. Qazandığı pulların, az qala, yarısı sənəd hazırlamağa və patentə xərclənib», – Mavluda deyir.

Buna da bax:​ Tacikistan: Skype-la evlənmə, SMS-lə boşanma…

Onun sözlərinə görə, əri qürbətdə üzləşdiyi bütün problemlərdən danışandan sonra rəsmi boşanmaya razılıq verib: «Qısqanclıq arxa plana keçdi, ərimə çox yazığım gəldi», – Mavluda öz seçimini belə izah edir. Ailənin başçısı 2006-cı ildən ailəsini dolandırmaq üçün qazanc dalınca Rusiyaya gedir. Ancaq son zamanlar miqrantlar da pulu çətinliklə qazanır. Üstəlik, patentin qiyməti qaldırılıb və miqrasiya qanunları sərtləşdirilib.

Bu yaxınlarda Mavludanın həyat yoldaşı Rusiyaya subay kimi daxil olub. İndi qadın ərinin yeni nikahının müvəqqəti olacağına ümid edir. Ancaq ürəyində ərinin daha onun və uşaqlarının yanına qayıtmayacağı qorxusu da var.

İLDƏ 12 MİN TACİK RUSİYADA EVLƏNİR

Rusiyalı qadınlarla nikah bağlamaq qürbətdə özünə həyat qurmaq, Rusiya ərazisində yaşayışını qanuniləşdirmək istəyən tacik miqrantlar arasında adi hala çevrilib.

Buna da bax: Səudiyyə Ərəbistanda qulluqçu işləmiş tacik qadının başına gələnlər

Rusiya Ədliyyə nazirliyinin VVAQ (ZAQS) idarəsinin məlumatına görə, bu ölkədə hər il 12 minə yaxın Tacikistan vətəndaşı evlənir. Ancaq Rusiyada dövlət idarələri nikahı təsdiqləməzdən öncə onlardan vətəndə ailələrinin olmaması haqda arayış tələb edirlər.

Bu arayışı isə Tacikistanda Ədliyyə Nazirliyi verir. Həftədə iki dəfə bu idarənin qarşısında həmin arayışı almaq və beləliklə Rusiya vətəndaşlığı almaq yolunda daha bir addım atmaq istəyən miqrantlar, onların həyat yoldaşları, bacıları və anaları toplaşır.

Ancaq taciklərin Rusiyada yalnız işgüzar niyyətlərlə evləndiyini də demək olmaz. Tacik miqrantların çoxu yaşı 20 - 28 arasında olan gənclərdir. Bəzi istisna hallarda evlilik böyük sevgidən qaynaqlanır.

Buna da bax:​ Qohum cütlüklər qadağa qüvvəyə minməmiş evlənməyə çalışır

Rusiya. Hökumət orqanları tacik qadını deportasiya edir.
Rusiya. Hökumət orqanları tacik qadını deportasiya edir.

Rusiyadakı tacik diasporunun üzvü Anvar Bakoyev 14 il öncə rus qızla evlənib. «Çoxları düşünür ki, taciklər rus qadınları ilə yalnız vətəndaşlıq və qeydiyyat xatirinə evlənir. Ancaq bu, həmişə belə deyil! Məsələn, mən öz həyat yoldaşımla sevib evlənmişəm. Biləndə ki, o, ürəyinin altında mənim övladımı daşıyır, biz ZAQS-a ərizə verdik. İndi üç uşağımız var və mən xoşbəxtəm», – o deyir.

Anvar-in həyat yoldaşı Polina deyir ki, mədəniyyətlər və din fərqinə baxmayaraq, əri ilə anlayış və razılıq içində yaşayırlar. O, ərinin əməksevərliyini, sədaqətini və sakitliyini dəyərləndirir. Onlar bir-birinin dini inancına hörmət əlaməti olaraq, bir-birinə Quran və İncil hədiyyə ediblər.

38 BOŞANMA ƏRİZƏSİ

Sverdlovsk vilayətinin ZAQS idarəsinin rəis müavini Larisa Nikonova deyir ki, taciklərin çoxu Rusiya vətəndaşlığını alandan sonra rus qadınlardan boşanırlar.

Buna da bax: Tacikistanda ərəb adlarına və qan qohumluğuna qadağa qoyulur

Moskvada tacik miqrantların məhkəməsi.
Moskvada tacik miqrantların məhkəməsi.

Onun sözlərinə görə, təkcə 2017-ci ilin ilk yarısı ərzində Tacikistan vətəndaşlarından 38 boşanma ərizəsi daxil olub. O deyir ki, əvvəllər belə hallara çox az rast gəlinirdi, 5 ildə 1-2 ərizə daxil olurdu.

Ötən ilin sonunda Kaluqa vilayətinin deputatı Dövlət Dumasına saxta evliliklərə görə məsuliyyətin sərtləşdirilməsi haqda qanun layihəsi təklif etmişdi. Qanun layihəsində saxta nikaha görə 300 min rubl (5000 dollar) məbləğində cərimə və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təklif olunurdu. Ancaq bu qanun qəbul edilmədi.

İndiki halda Rusiyada saxta nikahlar aşkarlanan zaman sadəcə ləğv edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG