Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:23

Qohum cütlüklər qadağa qüvvəyə minməmiş evlənməyə çalışır


Tacik toyu
Tacik toyu

Yazı AzadlıqRadiosunun tacik xidmətinin saytında iyunun 30-da dərc edilib.

25 yaşlı Alisher Tacikistanın cənubundakı Kurqan-Tube şəhərində tikinti işində çalışır. O, iyunun ortasında qəfildən evlənib.

Tacikistanda yayın cırhacırında evlənmək o qədər də tez-tez rast gəlinən bir şey deyil, xüsusən də builki kimi orucluq ayı yaya düşəndə. Taciklərin əksəriyyəti payızda, işçi miqrantlar Rusiyada qazandıqları pullarla qayıtdığı vaxt toy etməyə üstünlük verirlər.

Ancaq indi cütlüklər evlənməyə tələsirlər. Çünki iyulun 1-də qan qohumlarının evlənməsini qadağan edən ziddiyyətli qanun qüvvəyə minməlidir.

«Mən əmim qızı ilə evləndim və biz yaxın qohumların evliliyini qadağan edən qanun qüvvəyə minənə qədər bunu rəsmiləşdirmək istədik», - Alisher deyir.

Alisher qohum evliliklərinin riskli olduğunu bilir, ancaq buna o qədər də əhəmiyyət vermir.

«Məndən əvvəlki nəsillərim arasında yaxın qohumları ilə evlənənlər çox olub. Ancaq onların uşaqları normal görünür», - o deyir.

Ölkəboyu qeydiyyat idarələrindən deyirlər ki, son aylar ərzində nikah şəhadətnamələri üçün müraciətlərin sayı artıb. Onlar bu fenomeni insanların məlum qanunun qüvvəyə minməsini qabaqlamaq cəhdi ilə izah edirlər.

Rəsmi statistikaya görə, bu ilin ilk rübündə ən yaxın qohumlar arasında azı 60 nikah qeydə alınıb. Rəsmilər ehtimal edir ki, real göstərici bundan da yüksək ola bilər.

XOŞLUQLA MÜMKÜN OLMUR

Qan qohumları arasında nikahları qadağan edən qanun mətbuatda və parlamentdə illərcə davam edən qızğın müzakirələrdən sonra bu ilin yanvarında qəbul olunub.

Qadağanın tərəfdarları iddia edirlər ki, ən yaxın qohumların evliliyindən doğulan uşaqlarda anadangəlmə qüsurların və genetik xəstəliklərin riski yüksək olur.

Qanuna qarşı çaxanlarsa anadangəlmə qüsurlarla qohum evliliyi arasında əlaqənin sübut edilməsi üçün daha çox elmi araşdırmaya ehtiyac olduğunu deyirdilər.

Səhiyyə Nazirliyi ölkə üzrə ümumilikdə 25 min əlilliyi olan uşağı qeydiyyata aldığını, onların 30-35 faizinin qohum evliliyindən doğulduğunu bildirir.

İstər dövlət mətbuatı, istərsə də hökumət rəsmiləri insanları qan qohumları arasında evliliyin riskləri barədə maarifləndirmək üçün qeyri-rəsmi kampaniyanı davam etdirirlər.

Ancaq heç də hamı bu məsləhətə qulaq asmır.

Səhiyyə Nazirliyinin Sosial müdafiə və ailə məsələləri departamentinin rəhbəri Sherali Rahmatulloev deyir ki, nikahın qeydə alınması üçün müraciət edən cütlüklərin qohumluq münasibətlərini təyin etmək heç də həmişə asan olmur. «Məsələn, Şərqi Bədəxşandan olan kişi cənubdakı Vəhdət şəhərindəki xalası qızı ilə evlənir. Bu halda hökumət idarəsi onların qohum olduğunu necə müəyyən edəcək? Bu bizim üçün böyük çətinlik törədir», - deyə o bildirir.

Taciklərin soy adı olaraq atalarının adını götürməsi işi daha da çətinləşdirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG