Keçid linkləri

2025, 05 Dekabr, cümə, Bakı vaxtı 11:09

Rusiyaya Nepaldan, Vyetnamdan, Banqladeşdən miqrant gətirəcəklər


Miqrant işçilər
Miqrant işçilər

Rusiyaya Nepal, Vyetnam və Banqladeşdən miqrant axını gözlənilir. Bunu Rusiyanın Ticarət və Sənaye Palatasının prezidenti Sergey Katırin gazeta.ru-ya deyib.

Onun sözlərinə görə, bu cənub-şərqi Asiya ölkələrində əmək miqrasiyası üçün böyük potensial var, demoqrafik vəziyyət isə uzunmüddətli müqavilələrlə işləməyə hazır böyük qrupların formalaşmasına imkan verir.

"Rusiya üçün bu istiqamətlər maraqlıdır, amma işçi cəlbi və uyğunlaşmadan ötrü daha şəffaf mexanizmlər yaradılmalıdır", – deyən Katırin onu da əlavə edib ki, xarici işçilərə arxalanmaq əmək məhsuldarlığının artırılmasını, avtomatlaşdırma mexanizmlərinin inkişafını ləngidir.

Hindistandan miqrant axını artacaq

Katırin Hindistandan Rusiyaya əmək miqrasiyasının artmasını əmək bazarındakı işçi qüvvəsi çatışmazlığı ilə izah edib. O, özəlliklə tikinti və xidmət sahələrini vurğulayıb. Rusiyada maaşların öz ölkələri ilə müqayisədə təxminən 1.5 dəfə çox olması isə onu miqrantlar üçün cəlbedici edir.

2026-cı ildə Hindistandan miqrant axını artmağa davam edəcək. Bunu da S.Katırin proqnozlaşdırır. O, Rusiyanın ənənəvi olaraq Özbəkistan, Tacikistan və Qırğızıstandan gələn miqrantlara güvəndiyini qeyd edib. Dediyinə görə, bu ölkələrdə də işçi qüvvəsi uğrunda rəqabət güclənir, Türkiyə ilə Yaxın Şərq bazarları da fəallaşır.

'Amina' tətbiqi: miqrantlar üçün rahatlıq, yoxsa rəqəmsal nəzarət?
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Hindistandan Rusiyaya gələn əmək miqrantlarının sayının ötən illə müqayisədə 25 faiz artdığı bildirilir. gazeta.ru yazır ki, onlar tikinti və xidmət sahələrində çalışır, öz ölkələrindəki maaşdan təxminən 60 faiz daha çox maaş alırlar.

Rusiya işçi qüvvəsi çatışmazlığının Ukraynadakı təcavüzkar müharibədən dolayı yarandığı bildirilir. 300 min nəfər cəbhəyə göndərilib, Müdafiə Nazirliyi ilə daha 500 min kontrakt bağlanıb. 600 mindən 1 milyonadək insanın isə ölkədən getdiyi vurğulanır.

Üstəlik ölkədə miqrantlara məhdudiyyətlər sərtləşdirilir, postsovet ölkələrindən olanlar üçün Rusiyada yaşam şərtləri çətinləşdirilir.

Bu ilin mayında Rusiyada işsizlik rekord həddə – 2.2 faizə düşüb.

XS
SM
MD
LG