Latviyanın müdafiə naziri Rusiyanın Kalininqradla bağlı NATO-ya son nüvə xəbərdarlığından sonra bölgədə təhlükə yaranacağı ehtimalını aşağı qiymətləndirib.
"Hazırda yaxınlaşan real bir təhlükə görmürəm", – Rayvis Melnis sentyabrın 30-da Vaşinqtonda AzadlıqRadiosuna müsahibəsində deyib.
NATO-nun baş katibi Mark Rutte də Rusiyanın xəbərdarlığını o qədər də ciddi qəbul etmədiyini vurğulayıb.
Rusiya bu həftə NATO-ya xəbərdarlıq edib ki, Qərb alyansı Kalininqradı təcrid etməyə cəhd göstərərsə, Moskva nüvə silahları daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazırdır. Rusiyanın Baltik sahilində yerləşən bu eksklavı güclü şəkildə hərbiləşdirilib və coğrafi baxımdan NATO üzvləri olan Polşa ilə Litva arasındadır.
NATO üzvlərinə göndərilən diplomatik memorandumda Moskva alyansın bu ərazini hava və dəniz blokadasına almağa hazırlaşdığı barədə məlumatı olduğunu bildirib.
Rutte Rusiyanı nüvə təhdidlərinə son qoymağa çağırıb. O, NATO-nun müdafiə xarakterli alyans olduğunu xatırladıb. Baş katib əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin NATO ilə birbaşa münaqişədə heç vaxt qalib gələ bilməyəcək.
Melnis bildirib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan bəri dəfələrlə nüvə təhdidlərinə əl atıb. Onun fikrincə, Moskva bu ritorikadan Qərb ölkələrinin əhalisini qorxutmaq, Kiyevə dəstəyi zəiflətmək və NATO alyansının birliyini sınağa çəkmək üçün istifadə edir.
Eskalasiya riskləri?
Rusiyanın bu xəbərdarlığı silahlara nəzarət və təhlükəsizlik üzrə mütəxəssisləri narahat edib. Kalininqradın strateji mövqeyi və Rusiyanın yenilənmiş nüvə doktrinası bu narahatlıqlara əsas verir.
Vaşinqtonda yerləşən Silahlara Nəzarət Assosiasiyasının icraçı direktoru Deril Kimbol AzadlıqRadiosuna bildirib ki, Rusiyanın təhdidi ciddi qəbul edilməli və pislənməlidir. Onun sözlərinə görə, Moskvanın bəyanatları nüvə silahından istifadənin yarada biləcəyi təhlükələrə qarşı etinasız yanaşmanı əks etdirir.
Kimbol qeyd edib ki, NATO Kalininqradı blokadaya almaq üçün hərbi əməliyyat hazırlaşana oxşamır. Belə bir qarşıdurma nəzərdən keçirilsə belə, nüvə güclərinin və ya hərbi ittifaqların iştirak etdiyi münaqişədə bu silahdan istifadə cavab zərbəsinə, gərginliyin artmasına və fəlakətli nəticələrə yol aça bilər.
Ekspertin fikrincə, Moskva öz narahatlıqlarını nüvə hücumu ilə hədələmək əvəzinə, NATO ilə diplomatik kanallar vasitəsilə həll etməlidir: "Kreml mövqeyini aydınlaşdırmaq, problemləri diplomatik və məsuliyyətli şəkildə həll etmək üçün NATO ölkələrinin paytaxtları ilə birbaşa əlaqə saxlamalıdır".
Avropa Siyasətinin Təhlili Mərkəzinin baş elmi işçisi Linn Rasten isə deyir ki, Qərbin nöqteyi-nəzərindən Rusiyanın son nüvə ritorikası "ağılsız və həddən artıq şişirdilmiş" görünür. Bununla belə, o, bir sıra riskli amillərin eyni vaxtda cəmləşdiyi barədə xəbərdarlıq edib: Rusiyanın təhdidləri və təxribat xarakterli hibrid müharibəsi, NATO və Rusiya qüvvələrinin bir-birinə çox yaxın ərazilərdə fəaliyyət göstərməsi, Qərbin Ukraynaya davam edən dəstəyi və tərəflər arasında məzmunlu dialoqun olmaması.
Onun sözlərinə görə, Rusiya və NATO-nun bir-birinə zidd qırmızı xətlər” müəyyənləşdirdiyi indiki şərait təhlükəli və yanlış hərbi hesablamalara yol aça bilər.
Hibrid hücumlar
R.Melnisin fikrincə, əsas təhlükəni kiberhücumlar, sabotaj aktları və miqrasiyadan təzyiq vasitəsi kimi istifadə kimi hibrid fəaliyyət yaradır.
"Biz vəziyyəti izləyirik, ukraynalı tərəfdaşlarımız və NATO müttəfiqlərimizlə sıx işləyirik", – Melnis deyib. O əlavə edib ki, Latviyada təhlükələrin qiymətləndirilməsi fasiləsiz prosesdir və hibrid təhdidlər getdikcə artır.
Nazir bildirib ki, Rusiyanın Ukraynada müharibəni davam etdirməklə yanaşı, eyni vaxtda hər hansı NATO ölkəsinə qarşı adi silahlarla genişmiqyaslı hücuma başlamaq imkanında olduğunu düşünmür.
Bununla belə, Latviya dronlara qarşı müdafiəsini də gücləndirir. Melnisin sözlərinə görə, ölkə Ukraynanın döyüş təcrübəsindən geniş istifadə edərək Rusiya və Belarusla sərhəd boyunca dronları zərərsizləşdirən sistemlər və əlavə radarlar yerləşdirib. NATO-nun qırıcı təyyarələri səmada əlavə təhlükəsizlik qatını təmin edir. Latviya özü isə orta- və yaxınmənzilli hava hücumundan müdafiə sistemləri alır.