Keçid linkləri

2026, 19 Sentyabr, şənbə, Bakı vaxtı 09:53

ABŞ Polşada daimi hərbi baza qura bilər

ABŞ prezidenti Donald Tramp Ağ evdə Polşa prezidenti Karol Navrotskini qəbul edir.
ABŞ prezidenti Donald Tramp Ağ evdə Polşa prezidenti Karol Navrotskini qəbul edir.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonla Varşavanın Polşada ABŞ ordusunun daimi bazasının qurulması yönündə "böyük irəliləyiş" əldə etdiyini bildirib. Bununla Amerikanın NATO-nun şərq cinahındakı hərbi mövcudluğu genişlənə bilər.

"Dostum, Polşa prezidenti Karol Navrotskinin cəsarətli liderliyi sayəsində Polşada ABŞ ordusunun bazasının yaradılması istiqamətində böyük irəliləyiş əldə olunur. Bu gerçəkləşərsə, məkanı tezliklə açıqlanacaq. Bu, ABŞ-Polşa ittifaqı üçün tarixi addım olacaq", – Tramp sentyabrın 17-də "Truth Social" platformasında yazıb.

Navrotski açıqlamanı alqışlayıb, Polşanın Vaşinqtonla müdafiə sahəsində əməkdaşlığı gücləndirmək səylərini davam etdirməyə hazır olduğunu bildirib.

Açıqlama Sovet İttifaqının Polşaya hücumunun 87-ci ildönümündə verilib. Polşa Prezident Administrasiyasının rəhbəri Zbiqnev Boqutski bunu "Polşa üçün əla xəbər" adlandırıb.

Hazırda Polşada ABŞ hərbçiləri var, amma onlar əsasən rotasiya prinsipi ilə xidmət edirlər. Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan bəri Varşavanın NATO-nun şərq cinahında daha çox müttəfiq qüvvə yerləşdirilməsinə çalışır.

Pentaqondan yeni plan

Bu arada Pentaqon Birləşmiş Ştatların Avropadakı hərbi mövcudluğunu daha geniş şəkildə nəzərdən keçirir. Bir qrup senator bu işə diplomatların da cəlb olunmasına çağırıb. Senatın Xarici əlaqələr komitəsində ən yüksəkvəzifəli demokrat olan Cin Şahinin təşəbbüsü ilə səkkiz demokrat senator dövlət katibi Marko Rubioya məktub ünvanlayıb, Dövlət Departamentinin bu prosesdə tam iştirakını təmin etməyə çağırıblar.

Dövlət Departamenti isə öz rəsmilərinin prosesdən kənarda saxlanması ilə bağlı deyilənlərlə razılaşmayıb.

Müzakirələrdən məlumatlı yüksəkvəzifəli bir Qərb rəsmisi AzadlıqRadiosuna deyib ki, ABŞ qoşunlarının yerləşdirilməsi məsələsinə daha geniş kontekstdə baxılır. Adının açıqlanmasını istəməyən rəsminin sözlərinə görə, Avropanın digər regionlarında, o cümlədən Almaniyadakı ABŞ qüvvələri ilə bağlı da dəyişikliklər edilə bilər.

Tramp sentyabrın 17-də kansler Fridrix Mertslə telefonla danışaraq Ukraynadakı müharibənin dayandırılması üçün növbəti addımları müzakirə edib.

Almaniyada ABŞ hərbçiləri
Almaniyada ABŞ hərbçiləri

Təhlükəsizliklə bağlı narahatlıqlar

Bu arada Rusiyanın Ukraynaya qarşı müharibəsindən dolayı Polşanın təhlükəsizlik sarıdan narahatlıqları artır.

Sentyabrın 17-də Rusiya Ukraynanın bəzi bölgələrinə zərbələr endirərkən, Polşa hakimiyyəti Lyublin və Jeşuv şəhərlərindəki hava limanlarını müvəqqəti bağlayıb.

Baş nazir D.Tusk xəbərdarlıq edib ki, Rusiya Ukraynanı dəstəkləyən NATO ölkələrinə dron və ya raket hücumları həyata keçirərək, bunları təsadüfi hadisə kimi qələmə verə bilər. Onun sözlərinə görə, belə hadisələrin məqsədi NATO-nun reaksiyasını sınaqdan keçirmək və müttəfiqlərin birliyini sarsıtmaq ola bilər. Tusk bildirib ki, bu qiymətləndirmə NATO, Ukrayna və ABŞ-dən alınan kəşfiyyat məlumatlarına əsaslanır.

Almaniya hökuməti də Avropadakı ümumi təhlükəsizlik vəziyyəti ilə bağlı xəbərdarlıq edib. Kansler F.Merts bu yaxınlarda bildirib ki, qarşıdakı həftələr və aylar Avropada sülh ilə azadlığın müdafiəsi baxımından xüsusilə həlledici dövr ola bilər.

XS
SM
MD
LG