Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

Azatutyun: Rusiya MN niyə azərbaycanca yer adlarından istifadə edir?


İşxanasar dağı və Qaragöl
İşxanasar dağı və Qaragöl

AzadlıqRadiosunun Erməni xidməti bildirir ki, onun bu barədə Rusiya MN-ə sorğusu cavabsız qalıb

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, rəsmi Yerevanın Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olub mövqelər tutması barədə bəyanatlarına baxmayaraq, Rusiya Müdafiə Nazirliyi noyabrın 16-da döyüşlərin Kilsəli dağı rayonunda getdiyini bildirib.

Azatutyun diqqəti belə bir məqama çəkir ki, Rusiya tərəfi rəsmi məlumatlarında ermənicə yox, azərbaycanca yer adlarından istifadə edib.

Bu da qeyd olunur ki, Sovet İttifaqı silahlı qüvvələrinin baş qərargahı tərəfindən 1975-ci ildə dərc olunmuş xəritədə dəniz səviyyəsindən 2794 kilometr yüksəkdə olan Kilsəli dağının zirvəsi, habelə şimal, şərq və cənub ətəklərinin sovet Azərbaycanının ərazisinə düşdüyü görünür.

Dağın qərb ətəkləri isə Ermənistan ərazisi kimi qeyd olunub.

Azatutyun sual edir: Rusiya Müdafiə Nazirliyində Azərbaycan və Ermənistan qoşunları arasında son günlərdəki döyüşlərin əsasən Azərbaycan ərazisində getdiyinimi düşünürlər?

AzadlıqRadiosunun Erməni xidməti bildirir ki, onun bu barədə Rusiya MN-ə sorğusu cavabsız qalıb.

Erməni ekspertin mülahizələri

Azatutyun yazır ki, geodeziyaçı-xəritəşünas Şagen Şaginyan açıq mənbələr, peyk foroşəkilləri, Azərbaycan və Erməni tərəflərindən yayılan videolara əsasən döyüşlərin Ermənistan ərazisində, Tsitsernakar (Qızıltəpə - red) və Mets İşxanasar (Böyük Ağbaba dağı – red) dağları arasında getdiyi qərarına gəlib:

“Kilsəli faktiki olaraq Tsitsernakar və Mets İşxanasar dağlarının arasındadır. İnternetdə yayılmış videolardan görünür ki, döyüşlər daha çox düz relyefdə gedib. Yəni dağların ətəklərində yox. Bundan çıxış edərək biz güman edirik ki, döyüşlər hansısa bir məqamda Kilsəli və Tsitsernakardan cənuba və cənub-qərbə keçib. Döyüşlər əsasən burda baş verib. Hansısa mərhələdə onlar daha dərinə irəliləyə bilərdilər. Hansısa mərhələdə bizim ordumuzun hərəkətlərilə bağlı geri çəkilə bilərdilər”.

“Elma” elektron xəritəşünaslıq layihəsinin təsisçisi olan ekspert deyib ki, son aylarda bu bölgədə qurulmuş Azərbaycan və Ermənistan mövqeləri peyk fotolarından göründüyü kimi ən azı son vaxtlaradək çox yaxın, bəzi yerlərdə 50 metrik məsafədə yerləşiblər:

“Azərbaycanın mövqeləri əsasən yüksəkliklərdə yerləşirdi...Bizim erməni tərəfin mövqelərindəki səngərlər sərhəddən bir kilometrdən az olmayaraq dərinlikdə yerləşirdi”.

Şaginyan deyib ki, açıq mənbələrə əsasən Ermənistan tərəfinin məhz hansı mövqeləri itirdiyini müəyyən etmək olnur.

Üç inəyə görə Putini yuxudan oyatmamaq

Azatutyun yazır ki, Rusiya Müdafiə Nazirliyinin Kilsəli dağının adını çəkməsi onun döyüşlərin Aszərbaycan ərazisində getdiyini düşündüyünü və bu səbəbdən Ermənistana kömək edilmədiyini nümayiş etdirmirmi?

Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İskandaryan bu suala cavab verməkdə çətinlik çəkib. Politoloq əvəzində deyib ki, Azərbaycan Ermənistanla sərhəddə daha əlverişli mövqeləri nəzarətə almağa tələsir:

“Rusiyaya lazımdır ki, sərhəd mümkün qədər az riskli və mümkün qədər sakit olsun və hamı bu sərhədlə az, ya çox dərəcədə razılaşsın və problemlər çıxmasın. Yəni hər dəfə üç inək oğurlananda Moskvaya zəng eləməsinlər. Hər dəfə kimsə, kimisə itələyəndə Putini gecə yuxusundan oyatmasınlar. Çünki bütün bunlarla Rusiya Federasiyası məşğul olur”.

Xidməti vəzifəsi ilə bağlı adının çəkilməsini istəməyən hərbi ekspert Kavkazski Uzel saytına iddia edib ki, noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlər erməni hərbçilərin Laçın və Kəlbəcər rayonlarının bəzi sahələrinə hücumunun dəf olunması ilə başlanıb.

Ekspertin sözlərinə görə, Azərbaycan qoşunlarının əks-hücumu nəticəsində Qızıltəpə dağında iki yüksəkliyə nəzarət ələ alınıb.

Ekspert deyib ki, ötən yaz Azərbaycan ordusu Ermənistanla sərhədə çatanda və onun hüdudlarında yerləşəndə sözü gedən yüksəkliklər Ermənistan ordusunun nəzarətində idi:

“Noyabrın 16-da Ermənistan ordusu bu iki dayaq məntəqəsindən istifadə edərək Azərbaycan ərazisinin dərinliklərinə hücum edib. Amma hücum dəf olunub və üstəlik Azərbaycan hərbçiləri əks-hücuma keçərək bu yüksəklikləri alıblar. Bu yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində olan yaxın dağ silsilələrinin üzərində ucalır və Azərbaycan tərəfinə taktiki üstünlük verir. Azərbaycan hərbçiləri Ermənistanın beş kəndini və ətraf yolları müşahidə etmək imkanı qazanıblar. Əlbəttə, bu kəndlər və yollar atəşə tutulmayacaq, amma Azərbaycan tərəfinə sərhədə doğru hər hansı hərəkətləri, qoşun və texnikanın cəmləşdirilməsini görmək və mümkün hücumlara hazır olmaq imkanı verəcək”.

Bakı Zəngəzur suallarına aydınlıq gətirdi
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Bütün sərhəd dağlardan keçir

Ekspert bütün dağ silsiləsinin Azərbaycanın nəzarətində olub-olmadığına dair məlumatsız olduğunu deyib, lakin bildirib ki, sözü gedən iki yüksəklik zirvələrin ən hündürüdür.

Ekspert bildirib ki, Ermənistanla Azərbaycanın bütün sərhədi dağlıq relyefdən keçir:

“Ötən yazdan Azərbaycan ordusu sərhəd boyunca postlar qurur və mövqe tutur. Hansısa yerdə bu proses münaqişəsiz ötüşür, hardasa xırda və silahsız qarşıdurmalar olur, bəzi yerlərdə isə odlu silahlar işə düşür. Birmənalı demək olmaz ki, Azərbaycan ordusu hər yerdə əlverilşli mövqedədir, çünki yüksəkliklər ard-arda uzanıb gedir. Sən bugün bu yüksəkliyi tutarsan, sabah düşmən səndən də yüksəyi tuta bilər. Bu mübahisələrə və sərhəd insidentlərinə son qoymaq üçün sərhədin delimitasiya və demarkasiyasını keçirmək lazımdır”.

Ekspertin sözlərinə görə noyabrın 16-da Azərbaycan taktiki üstünlük qazanıb:

“Hansısa qələbədən danışmağa dəyməz, çünki qoşunların qarşısında hansısa böyük vəzifələr qoyulmamışdı. Bütün hallarda Azərbaycan ordusu dayanmalı idi, çünki qarşıdan Ermənistan ərazisi gəlirdi”.

Burda 30 il sərhəd olmayıb

Kavkazski Uzel saytının yazdığına görə “Hərbi hüquqşünaslar” QHT-sinin rəhbəri Telman Əbilov hesab edir ki, bu iki yüksəkliyin alınması ilə Azərbaycan hərbi uğur qazanıb.

Onun sözlərinə görə, bu yüksəkliklər Ermənistanın böyük ərazilərini, o cümlədən hətta Gorus-Yerevan yolunu müşahidə etmək imkanı verir. Amma o əlavə edir ki, bu, 44 günlük müharibədən sonra Azərbaycana ən böyük itkilər hesabına müyəssər olub.

Ekspertin fikrincə, hələki sərhəd delimitasiya və demarkasiya edilməyib və Azərbaycan mövqelərini abadlaşdırmalı və möhkəmləndirməlidir:

"Az qala 30 il burda sərhəd olmayıb. Azərbaycan tələsik qaydada buraları möhkəmləndirməlidir. Birincisi, bu ona görə lazımdır ki, diversiya qruplarının mümkün müdaxiləsinin qarşısı alınsın. İkincisi isə, Ermənsitan tərəfindən revanş məqsədilə yeni müharibə cəhdləri olarsa, sərhəddə lazımi əks-tədbirlər görülə bilsin”.

Kavkazski Uzel saytı yazır ki, Azərbaycanın Müdafiə Nazirliyi sərhəddə baş vermiş toqquşmalara dair şərh vermək istəməyib.

XS
SM
MD
LG