Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 01:19

Azərbaycan Tovuzdakı mövqelərinin vurulduğunu deyir


Artilleriya
Artilleriya

Nazir ATƏT sədri ilə danışıb

Noyabrın 18-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun İsveçdən olan həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Ann Linde noyabrın 16-da Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib və hər iki tərəfi vəziyyətin gərginləşdirilməsindən çəkinməyə, konstruktiv dialoqa çağırıb: "Nazir Ceyhun Bayramov baş verən gərginliyin Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlardan növbəti biri olduğunu qeyd edib...".

Məlumata görə, C.Bayramov məsələnin konstruktiv dialoq vasitəsilə həllinin alternativinin olmadığını söyləyib.

Azərbaycan Tovuzdakı mövqelərinin vurulduğunu deyir

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərini noyabrın 18-də də atəşə tutub. Açıqlamaya görə, Ermənistan silahlı qüvvələri noyabrın 18-si saat 14:10-dan mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

Qarşı tərəfə cavab verildiyi, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilir.

+++

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərini atəşə tutub.

Nazirlik bununla bağlı noyabrın 18-i səhər saatlarında məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində Azərbaycan ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub: "Qarşı tərəf cavab atəşi ilə susdurulub".

Ermənistan Müdafiə Nazirliyi isə əks ittihamlar səsləndirib. Nazirlik bildirir ki, noyabrın 16-da Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olunmasına baxmayaraq, noyabrın 17-də axşam Azərbaycan Silahlı Qüvvələri sərhədin Tavuş hissəsində bir neçə istiqamətdə nizamsız atəş açıblar.

Rusiyalı şərhçi: 'Moskva və Bakı Zəngəzurla bağlı sövdələşməyə gedə bilər'
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Erməni əsgərin meyiti Bakıdan Yerevana gətirilib

Noyabrın 17-də Rusiya Federasiyası Cənub Hərbi Dairəsi komandanının müavini general-leytenant Rüstəm Muradovun vasitəçiliyi ilə bir gün əvvəl Ermənistan-Azərbaycan sərhədində gedən döyüşdə həlak olmuş erməni hərbçinin meyiti xüsusi reyslə Bakıdan Yerevana gətirilib.

Ermənistanın Müdafiə Nazirliyi bundan əvvəl toqquşmalar zamanı bir erməni hərbçinin həlak olduğunu xəbər vermişdi.

Muradov Yerevanda təzəcə təyin edilmiş müdafiə naziri Suren Papikyanla görüşüb. Görüş zamanı əsir düşmüş hərbçilərin qaytarılması, habelə itkin düşənlərin taleyinin aydınlaşdırılması üçün intensiv işin davam etdirilməsinə dair razılaşma əldə olunub.

"Gərginlik qalmaqdadır"

Göstərilən səylərə baxmayaraq, Azərbaycan və Ermənistan arasında təmas xəttində gərginlik qalır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Stanislav Zas bunu Moskvada MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin 9-cu toplantısında deyib.

Onun sözlərinə görə, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli razılaşma Dağlıq Qarabağda atəşkəsi dayandırmağa imkan versə də, atılan addımlara baxmayaraq, təmas xəttində gərginlik qalmaqdadır.

AB danışıqlara çağırır

Avropa Birliyi Azərbaycan və Ermənistanı sərhədlərin demarkasiyası daxil olmaqla, vacib məsələlərin hərtərəfli həlli üzrə danışıqları bərpa etməyə çağırır.

Blok noyabrın 17-də yaydığı bəyanatda sərhəddə "həyat itkisinə səbəb olmuş son zorakılıqda dərin narahatlıq" ifadə edir.

AB Azərbaycanla Ermənistana təmkinli davranmağa, quruda hərbi qüvvələrini geri çəkməyə, üçtərəfli iki razılaşma çərçivəsində öhdəliklərə əməl etməyə səsləyib. Blok ATƏT-in Minsk qrupu həmsədrlərinin 15 noyabr bəyanatını dəstəklədiyini bildirib. Minsk qrupu da tərəfləri danışıqlara çağırmışdı.

Sərhəddə toqquşmalar: Bakı və Yerevandan ekspertlər durumu şərh edirlər
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Ermənistan itkiləri açıqlayır

Ermənistanın Müdafiə Nazirliyi toqquşmalarda onlarla əsgərin əsir götürüldüyünü, yaxud itkin düşdüyünü bildirir.

Nazirliyin noyabrın 17-də yaydığı bəyanatda bir əsgərin həlak olduğu bir daha təsdiqlənir. 13 erməni əsgər Azərbaycan qüvvələri tərəfindən əsir götürülüb, 24 əsgərin taleyi isə bəlli deyil.

Dünən – noyabrın 16-da isə Ermənistan tərəf 12 hərbçisinin əsir götürüldüyünü deyirdi.

Ermənistan tərəf səhər saat 10-da Azərbaycanla sərhəddə vəziyyətin nisbətən sabit olduğunu, atəşkəsə, əsasən, əməl olunduğunu bildirir.

"Vəziyyətin həlli, əsir götürülmüş əsgərlərin repatriasiyası üçün Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqlar aparılır", – nazirlik vurğulayır.

Nazirlik Ermənistanın iki döyüş mövqeyini itirdiyini, hazırda həmin mövqelərin Azərbaycan qüvvələrinin nəzarətində olduğunu bildirir.

Döyüşlərdə 7 Azərbaycan hərbçisi həlak olub

Noyabrın 16-da dövlət sərhədində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun 7 hərbi qulluqçusu həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu gün, noyabrın 17-də məlumat yayıb.

Rəsmi məlumata görə, onlardan biri leytenant, biri gizir, başqa biri isə kiçik çavuşdur. Qalan dördünün isə siravi əsgər olduğu bildirilir.

Müdafiə Nazirliyi vurğulayır ki, döyüşlərdə 10 nəfər hərbi qulluqçusu da yaralanıb.

"Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirliyin açıqlamasında yazılıb.

ABŞ-dan çağırış

Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasında son döyüşlərdən narahatlıq bildirib. Dövlət katibi Entoni Blinken noyabrın 17-də bu haqda tvitində yazıb.

"Tərəfləri sərhədin demarkasiyası daxil olmaqla, bütün vacib məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq", – diplomat Twitter-də yazıb.

İran beynəlxalq sərhədlərə ehtiram etməyə çağırıb

İran Azərbaycan-Ermənistan sərhədində baş vermiş son toqquşmalarla bağlı narahatlıq ifadə edib və hər iki tərəfi təmkinlik göstərməyə, ixtilafları dialoq vasitəsilə həll etməyə çağırıb.

Noyabrın 16-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib ki, Tehran, keçmişdə olduğu kimi, indi də tərəflər arasında fikir ayrılıqlarının həllində və regionda sülh və stabilliyin bərpa olunmasında kömək etməyə hazırdır.

Sözçü əlavə edib ki, bütün ölkələr beynəlxalq aləmdə tanınmış sərhədlərə ehtiram göstərməlidir.

Atəşkəs elan olunur

Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə telefon söhbətindən sonra iki tərəf arasında atəşkəs elan olunub.

"RIA Novosti" agentliyi Rusiya MN-ə istinadən bildirir ki, bu telefon danışıqlarının ardınca Azərbaycan və Ermənistan tərəfləri vəziyyətin stabilləşdirilməsi üçün tədbirlər görüblər: "Hazırda Kilsəli dağı ərazisində gedən döyüş əməliyyatları dayandırılıb, vəziyyət normallaşdırılıb və nəzarət altındadır".

***

Ermənistan Müdafiə Nazirliyinin saat 16:00-a olan məlumatına görə, iki döyüş mövqeyi itirilib, Ermənistan tərəfdən ölənlər və yaralılar var.

+++

Ermənistanın Xarici İşlər Nazirliyi noyabrın 16-da bəyanatında Rusiya və KTMT ilə yanaşı, ATƏT-in Minsk qrupuna da müraciət edir.

"Beynəlxalq ictimaiyyəti və beynəlxalq tərəfdaşlarımızı... Azərbaycanın təhlükəsizliyə ciddi təhdid yaradan hərəkətlərinə aydın reaksiya verməyə, Azərbaycan əsgərlərinin suveren ərazimizdən çıxması üçün aktiv addımlar atmağa çağırırıq", – bəyanatda vurğulanır.

Ermənistan Rusiyaya müraciət edir

Ermənistan ərazi bütövlüyünün qorunması üçün Rusiyaya müraciət edib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 16-da Ermənistan İctimai Televiziyasında bu müraciəti səsləndirib.

Qriqoryan deyib ki, noyabrın 16-da günorta saat 1-də Azərbaycanın Silahlı Qüvvələri ölkənin şərq sərhədi istiqamətində hərbi əməliyyatlara başlayıb, bütün sərhəd boyunca vəziyyəti gərginləşdirməyə çalışıblar. Onun sözlərinə görə, hazırda döyüşlər davam edir.

"Bu hücum Ermənistanın suveren ərazisinə qarşı olduğundan Rusiya Federasiyasına 1997-ci il ikitərəfli razılaşmasına... uyğun olaraq Ermənistanın ərazi bütövlüyünü qorumaqdan ötrü müraciət edirik", – Qriqoryan deyib.

Təhlükəsizlik Şurasının katibi şifahi müraciətindən sonra yazılı ərizə də göndərəcəyini qeyd edib.

Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu müdafiə paktına Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxildir.

Ermənistanın Rusiya ilə ikitərəfli hərbi razılaşması var, ərazisində Rusiya hərbi bazası yerləşir.

Bakı da, Yerevan da sərhəd üçün SSRİ xəritəsinə razıdır. Amma mübahisə qalır: hansı ilin xəritəsi?
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

Ermənistan MN: "Lokal döyüşlər gedir"

Rəsmi Yerevan erməni hərbçilərin əsir götürülməsini təsdiqləməyib. Ancaq Müdafiə Nazirliyi günorta saat 1-də Azərbaycan tərəfindən atəş və sərhədin şərq hissəsində irəliləmə cəhdlərinə cavab olaraq adekvat tədbirlər gördüyünü bildirib.

Ermənistan günorta saat 2-də Azərbaycanla sərhəddə vəziyyətin gərgin olaraq qaldığını bildirib.

"Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bir daha provokasiyaya əl atıb, şərq istiqamətdə Ermənistanın mövqelərinə hücum edib... Lokal döyüşlər gedir. Düşmən artilleriya qurğularından, zirehli texnikadan, müxtəlif kalibrli silahlardan istifadə edir", – məlumatda deyilir.

"Ermənistan artilleriya qurğularından istifadə edir"

Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 16-da günorta saatlarında yaydığı növbəti açıqlamasında bildirib ki, Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir: "Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb. Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür".

Bu açıqlamaya da, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.

Qarabağda gərginliyə görə Bakı ilə Yerevan bir-birini, təhlilçilər Rusiyanı ittiham edir
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

"Erməni hərbçiləri tərksilah edilərək saxlanılıb"

Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 16-da atəşkəsin pozulması ilə bağlı növbəti məlumat yayıb.

Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Azərbaycana qarşı genişmiqyaslı təxribat törədib: "Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11:00 radələrində qəfil hərbi əməliyyata başlayıb".

Açıqlamaya görə, sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan ordusunun Kəlbəcər , Laçın rayonlarındakı postlarına hücum edib: "Qarşı tərəf Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza zərər vurub. Nəticədə, ilkin məlumata görə, Azərbaycan ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur".

Paşinyan deyir ki, Azərbaycan sərhəddə irəliləyib
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

MN bildirir ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik, habelə qüvvələr dərhal təxirəsalınmaz əməliyyat həyata keçirib: "Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb… Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib".

Son həftələr istər Azərbaycan-Ermənistan sərhədindən, istərsə də Dağlıq Qarabağdan atəşkəsin pozulmasına dair məlumatlar gəlir. Hətta ölən və yaralananların olduğu da bildirilir. Tərəflər bir-birini atəşkəsi pozmaqda, təxribatda ittiham edib.

Naxçıvana yol üçün Ermənistan Azərbaycana yeni variant təklif edir
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG