Rusiya 2027-ci ildən xaricilərin işə götürülməsi sistemini köklü dəyişməyi təklif edir. Yeni qaydalara görə, miqrantlar konkret işəgötürənin yanında, iş yeri və regionda çalışacaqlar. Hakimiyyət bildirir ki, bu addım dövlətə əmək miqrasiyası üzərində daha geniş nəzarət imkanı verəcək.
AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli “Azattyq Asia” bölməsi yazır ki, plan miqrasiya ekspertləri və biznes dairələrində narahatlıq doğurub. Onlar xəbərdarlıq edirlər ki, daha sərt məhdudiyyətlər miqrant işçiləri qeyri-rəsmi məşğulluğa sövq edə bilər. Bu isə xarici işçi qüvvəsindən asılı ölkədə işçi çatışmazlığını artırar.
Dördillik eksperiment 2027-ci il yanvarın 1-dən 2030-cu ilin sonunadək davam edəcək, Moskva şəhəri və Moskva vilayəti istisna olmaqla, Rusiyanın 87 regionunu əhatə edəcək.
Rəsmi orqanlara görə, yeni sistem 1,7 milyondan çox xarici işçiyə, o cümlədən Orta Asiya vətəndaşlarına təsir göstərə bilər.
Bir ilə 2,3 milyon əmək patenti
Yeni sistemdə “əmək patenti” mexanizmindən tədricən imtina ediləcək. Rusiya ilə vizasız rejimə malik Özbəkistan və Tacikistan kimi ölkələrdən miqrantlar bu mexanizmlə qanuni işləyirlər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə əcnəbilər Rusiyada təxminən 2,3 milyon əmək patenti alıblar.
Bu, Rusiyadakı bütün əcnəbilərin 40 faizindən çoxu, rəsmi işləyən xarici vətəndaşların təxminən 77 faizidir.
Rusiya xarici işçi qüvvəsindən çox asılıdır. 2026-cı ilin əvvəlində ölkədə təxminən 3 milyon əcnəbi rəsmi şəkildə işləyirdi. Rusiyada yaşayan xarici vətəndaşların ümumi sayı isə 5,7 milyonu ötüb. Buraya miqrantların ailə üzvləri də daxildir.
Təklif olunan sistemə görə, miqrantlar Rusiyaya gəlməzdən əvvəl konkret işəgötürən və vakansiya ilə təmin olunacaqlar. İşəgötürənlərin və xarici işçilərin reyestrləri yaradılacaq, işçiləri regionların əmək bazarındakı ehtiyaclarına uyğun vakansiyalarla yönəldəcəklər.
Bu sistem miqrantlar barədə informasiyanın həcmini də artıracaq. Fotoşəkil və barmaq izləri ilə yanaşı, miqrantlardan məcburi genom qeydiyyatından və tibbi müayinədən keçmək tələb olunacaq.
“Hüquqsuz miqrant”
Miqrantlar üçün əsas dəyişiklik onların iş yerini dəyişmək azadlığının itirilməsi ola bilər.
Yeni sistemlə işə cəlb edilənlər əmək müqavilələrinin müddəti başa çatanadək başqa işəgötürən üçün, regiondan kənarda işləyə bilməyəcəklər.
Qaydaları pozanlar reyestrdən çıxarıla, Rusiyanı tərk etməli ola bilərlər. Onlar yalnız bir ildən sonra yenidən sistemə daxil olaraq Rusiyada işləmək hüququ əldə edə biləcəklər.
“15 ildir Rusiyadayam, həmişə eyni şəhərdə qalmışam, amma maaş və şəraitə görə müxtəlif özəl tikinti şirkətlərində bir neçə dəfə işimi dəyişmişəm”, – Rusiyanın Surqut şəhərində işləyən tacik işçi Sərvər AzadlıqRadiosuna bildirib.
Onun sözlərinə görə, işəgötürən onun işini asanlıqla dəyişə bilməyəcəyini bilsə, maaş və ya başqa məsələlərlə bağlı onunla danışmaq çətin olacaq.
“Miqrantın heç bir hüququ olmayacaq. O, işəgötürənə möhkəm bağlanacaq”, – bunu hüquq müdafiəçisi Valentina Çupik deyir. O, miqrantlara yardım göstərən “Tonq Cahoni” təşkilatının rəhbəridir.
Çupik təklif olunan sistemi “mütəşəkkil köləlik” adlandırıb.
Hökumət isə bildirir ki, yeni modelin məqsədi qeyri-qanuni məşğulluğu azaltmaqdır, həm də işəgötürənlərin məsuliyyətini artıracaq.
İş icazələri satılır
Moskvada yerləşən “Tsarqrad” İnstitutunun Miqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Mixail Burda deyir, əmək bazarının böyüklüyü və Orta Asiya ilə formalaşmış əlaqələr Rusiyanın miqrantlar üçün cəlbedici ölkə kimi qalacağı deməkdir.
Tacikistanlı miqrasiya eksperti Kərimcan Yorov isə fərqli düşünür. Onun sözlərinə görə, əlavə prosedurlar və məhdudiyyətlər Orta Asiyadan işçilərin Rusiyaya gəlməsini çətinləşdirə bilər.
Yorov xəbərdarlıq edib ki, vasitəçilər iş yerlərinə və ya işə qəbul siyahılarına daxil olmaq üçün miqrantlardan pul almağa başlasalar, yeni işə qəbul sistemi korrupsiyaya yol aça bilər.
Belə ki, vaxtilə iş icazələrinin rəsmi qiyməti 1 000-2 000 rubl (hazırkı məzənnə ilə 12-24 dollar) olduğu halda, onlar bəzən 20 000-50 000 rubla (240-600 dollar) satılıb.
Rusiyanın biznes dairələri isə narahatdır.
Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı xəbərdarlıq edib ki, miqrantların yalnız bir işəgötürənə bağlanması bəzi işçiləri rəsmi əmək bazarından çıxaraq qeyri-rəsmi işləməyə sövq edə bilər.