Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 01:30

‘Yaralı heyvana bənzəyən’ məhbus


Marsel Amirov
Marsel Amirov

Amirov qohumlarına məktublarında da məhbuslarla qeyri-insani rəftar olunduğunu yazıb

Rusiyada bir məhbus həbsxana nəzarətçiləri tərəfindən işgəncə görməsi, zorlanması və alçaldılması haqda insan haqları qrupuna şikayət edəndən sonra ondan qisas alındığını iddia edir. Vəkilləri və qohumları onun 22 günlük aclıq aksiyasına başladığını bildirib.

Marsel Amirov qətl ittihamı ilə 14 illik həbsə məhkum edilib. Onun dedikləri isə Rusiya həbsxanalarında məhbuslarla pis rəftarın geniş yayılması iddialarından yalnız biridir.

Bu ilin əvvəlində bir insan haqları qrupu keçmiş məhbusun həbsxananın kompüter şəbəkələrindən gizlin götürdüyü videoları yayıb. Həmin videolar həbsxanalarda işgəncələr məsələsini bir daha gündəmə gətirdi. Hakimiyyət isə bu problemi əsasən gözardı edib.

“Hər şeydən qorxurdu”

Moskvadan min kilometr şərqdə yerləşən Kirov regionunda məhbus Amirov noyabrda hökumətin insan haqlarını monitorinq edən ictimai komissiya ilə görüşüb. O, komissiya üzvlərindən birinə gördüyü işgəncələri təsvir edib. Məhbus döyüldüyünü, boğulduğunu, zorlandığını bildirib.

Bu ziyarətdən sonra yaxınlıqdakı həbsxana tibb məntəqəsinə köçürülən Amirov 11 gündən sonra 2018-ci ilin mayından saxlandığı həbsxanaya qaytarılıb. O, vəkilinə nəzarətçilərin ona yenidən işgəncə verdiyini deyib.

Aclıq aksiyasına başlayan məhbus dekabrın 13-də tibb məntəqəsinə qaytarılıb. Dekabrın 23-də vəkil Tatyana Şabanova ilə görüşən Amirov ona üzləşdiyi işgəncələr haqda yazılı bəyanatını təqdim edib.

“Onu ilk dəfə görəndə yaralı heyvana bənzəyirdi. Ətrafa baxırdı, titrəyirdi, hər şeydən qorxurdu, gözlərində qorxu vardı. Amma təhlükədə olmadığını biləndən sonra azacıq sakitləşdi”, – vəkil radioya danışıb.

“Məhbusları adam yerinə qoymurlar”

Amirov qohumlarına məktublarında da məhbuslarla qeyri-insani rəftar olunduğunu yazıb.

“Bir şeyi deyəcəyəm: Həbsxana nəzarətçiləri məhbusları adam yerinə qoymur, və onlarla heyvan kimi davranır, istədiyini edir. Şikayət etməyə kimsə də yoxdur”, – Amirovun bacısı Liliya söyləyib.

Federal penitensiar xidmətin regional bölməsi məsələni şərh etməyib.

Regional İstintaq Komitəsi məhbuslarla pis rəftar iddialarından dolayı Kirov həbsxana administrasiyasında yoxlama aparıb. Amma heç bir dəlil aşkarlanmadığı bildirilib.

Noyabrda Amirovla görüşmüş hökumət komissiyasının üzvü Andrey Babuşkin ona uyğun tibbi xidmət göstərməyə, həbsxana rəsmilərinin pis rəftar iddialarını isə araşdırmağa çağırıb.

Putinin arqumenti

AzadAvropa/AzadlıqRadiosunun müxbiri Mayk Ekel insan haqları fəallarının illərdir Rusiya həbsxanalarında işgəncə problemini, insan haqları pozuntularını dilə gətirdiyini yazır. Bu sistem sovet dövründən, düşərgə təcrübəsindən miras qalıb.

Amma islahatlar yönündə çox az iş görülüb, həbsxana rəsmiləri, nəzarətçilər nadir hallarda cəzalandırılır. Prezident Vladimir Putin ötən həftə illik mətbuat konfransında həbsxanada işgəncənin “dünyəvi problem” olduğunu deyib. O, heç bir dəlil gətirmədən Rusiyada vəziyyətin ABŞ, yaxud Fransadan pis olmadığını iddia edib.

Gulagu.net saytının yaydığı işgəncə videoları isə mərkəzi Saratov regionunda bir həbsxana ilə bağlı cinayət işi açılmasına səbəb olub.

Oktyabrda federal penitensiar xidmət beş aparıcı məmurun işdən çıxarıldığı haqda məlumat yaydı. Onların içində iddia olunan işgəncənin videoya çəkildiyi həbsxananın direktoru vardı. Bu, penitensiar xidmət rəsmilərinin cəzalandırıldığı nadir hallardan sayılırdı.

XS
SM
MD
LG