Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:29

Rusiya mediasında Trump Putini geridə qoyub


Donald Trump (sağ) və Vladimir Putin
Donald Trump (sağ) və Vladimir Putin

Rusiyalı mütəxəssisin fikrincə, nəzəri baxımdan, bu gün Trump Rusiya prezidentliyinə namizədliyini versə, Putin-i geridə qoyar.

Bu ilin yanvarında Donald Trump Rusiya mediasında populyarlığına görə hətta prezident Vladimir Putin-i də geridə qoyub. O, Rusiya mediasında ən çox adı çəkilən şəxslər arasında birinci yerə çıxıb. Beləcə, çoxillik hakimiyyəti dövründə Putin ilk dəfə bu məsələdə liderliyini əldən verib.

Rusiya mediasında Trump-ın adı 202 min dəfədən çox çəkilib. Xəbəri Interfax-ın “Xəbərlərin hərtərəfli təhlili sistemi” yayıb. İkinci yerdə olan Putin-ə istinadların sayı 147,7 min olub. ABŞ prezidenti vəzifəsini yenicə tərk etmiş Barack Obama (61,2 min) 3-cü, seçkiləri məğlub başa vuran Hillary Clinton (23,8 min) 7-ci yerdə qərarlaşıb.

Buna da bax: Ahıl yaşlarına qədər nazir olmaq ölkəni nələrdən məhrum edir?

Ekspertlərin fikrincə, Obama-nın seçildiyi prezident seçkiləri ilə müqayisədə Trump-ın seçkiləri Rusiya mediasının qat-qat çox diqqətini çəkib.

ABŞ prezidentinin adının Rusiya mediasında bu qədər çox hallanması Kremlin təbliğat maşınının seçki kampaniyası gedişində Trump-ın seçilməsinə inanmasa da, ona açıq-aşkar "azarkeşlik etməsindən", Clinton-u isə, əksinə, yerdən-yerə vurmasından qaynaqlanır. Texnologiyalar Mərkəzindən Aleksandr İvakhnik belə düşünür. Onun fikrincə, Trump-ın seçilməsi, hamı kimi, Moskvaya da sürpriz oldu və hakimiyyətdə Vaşinqtonla dialoqun bərpa olunacağına böyük ümidlər doğurdu. Axı iki ölkə arasındakı münasibətlərin bundan da çox pisləşməsi mümkün deyildi və üstəlik, Trump əlaqələri yaxşılaşdırmaq niyyətində olduğunu söyləyirdi.

“Antiamerika ovqatı elə kök salmışdı ki...”

Ancaq İvakhnik deyir ki, bu, təkcə hakimiyyətin mövqeyindən yox, həm də ictimai fikirdə düzəliş etmək zərurətindən irəli gəlib:

"Son illərdə, özəlliklə Obama-nın Ağ Evdə olduğu son bir neçə ildə Rusiya cəmiyyətində antiamerika ovqatı elə kök salmışdı ki, barışıqdan ötrü bu əhvalı bir qədər yumşaltmaq lazım idi. Əks halda, Trump-la yaxınlaşmaq cəhdləri ictimaiyyəti çaşdırar və hətta qıcıqlandıra bilərdi".

Buna da bax: 'Pensiya verməyə pul tapmırlar, 100 milyon oyunlara verirlər'

Politoloqun sözlərinə görə, ABŞ-ın yeni prezidentini mədh edən təbliğat kampaniyası məhz bununla bağlıdır:

"Məqsəd Trump-ın, Obama-dan fərqli olaraq, bizim ruhumuza uyğun bir şəxs olduğunu və onunla razılığa gəlməyin mümkünlüyünü cəmiyyətə aşılamaqdır. Bu səbəbdən, onun hər bir hərəkəti rus mediasında geniş, özü də müsbət tonda işıqlandırılır".

Ryazanlılar küçəyə Trump-iın adını vermək istəyirlər

Trump-ın Rusiyada şöhrəti o həddə çatıb ki, hətta Ryazan sakinləri şəhərin "Vtoraya Bezbojnaya” (“İkinci Allahsız" – red) küçəsini amerikalı milyarderin adıyla əvəzləməyə təşəbbüs qaldırıblar. Bu məqsədlə imza kampaniyası başlatmış təşəbbüs müəlliflərinin fikrincə, Trump "Rusiyanın böyük dostu və ənənəvi dəyərlərin keşikçisidir". Üstəlik, onlar küçənin indiki adını inanclı insanlara təhqir sayırlar.

Leonid Gozman
Leonid Gozman

"Sağçı Qüvvələr Birliyi" ictimai-siyasi hərəkatının rəhbəri Leonid Gozman-ın fikrincə, Kremlin Trump-a ümid bağlaması və Rusiya mediasının ABŞ prezidentini öz vətənindəki hücumlardan qorumağa çalışması gülünc və iyrənc davranışdır:

"Əlbəttə, Trump sadə ruslara nisbətən yaxın obrazdır. Məsələn, o, düşündüyünü açıq söyləyir. Bizdə də insanlar öz liderlərini belə görmək istəyərlər". Daha sonra Grozman bir qədər də irəli gedərək düşünür ki, Trump, nəzəri baxımdan, bu gün Rusiya prezidentliyinə namizədliyini versə, Putin-i geridə qoyar.

“Donald-ı sevməyə hazır olsalar da...”

Bununla belə, Grozman Putin-in Trump-la "sevgi macərasının" baş tutmayacağını güman edir:

"İnsanlarımız Donald-ı sevməyə hazır olsalar da, ölkə rəhbərliyinə Trump-ın dost obrazı o qədər də sərfəli deyil. Əlbəttə, bu, sanksiyaların götürülməsinə lazımdır, amma daxili siyasətdən ötrü Amerika kimi qəddar və barışmaz bir düşmən obrazının qalması çox vacibdir. Axı bunsuz pis səhiyyədən, acınacaqlı həyat şəraitindən tutmuş, yaşayış binalarının bloklarındakı zibilliyədək bütün kəm-kəsirə görə günahı kimin üzərinə atarıq?!".

Buna da bax: Lukashenka: 'Razılaşmaya görə Lapşini Azərbaycana verməliyik"​

Təbliğat maşını üçün Amerikanı əvəzləyəcək başqa bir düşmən obrazı tapmaq elə də asan deyil. Düzdür, Moskva indi bu rola Angela Merkel-i sınayır.

Angela Merkel, 3 fevral 2017
Angela Merkel, 3 fevral 2017

Angela Merkel-in yenidən kansler seçiləcəyini nəzərə alan Moskva hazırda düşmən obrazı roluna məhz onun uyğun gəlib-gəlmədiyini yoxlayır. Ancaq bütün hallarda, ölkədəki antiamerika ovqatının miqyasını nəzərə aldıqda, bunun elə də ağlabatan əvəzləmə olmadığı görünür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG