ABŞ Rusiya bayrağı altında üzən üç kommersiya gəmisinə sanksiyaları ləğv edib. Bu addım Vaşinqtonun Rusiya siyasətində mümkün dəyişikliklə bağlı müzakirələrə səbəb olub.
Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) martın 31-də bildirib ki, bir sıra hüquqi şəxslər Xüsusi Kateqoriyalı Şəxslər (SDN) siyahısından çıxarılıb. Onların arasında "Sv.Nikolay", "Fesco Moneron" və "Fesco Magadan" gəmiləri də var.
Bu gəmilər Rusiya sanksiya altında olan maliyyə qurumları ilə əlaqələrinə və Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı fəaliyyətlərinə görə hədəfə alınmışdı.
Siyasətdə dəyişiklik?
Maliyyə Nazirliyinin sözçüsü deyib ki, bu addım ABŞ-Rusiya siyasətində böyük dəyişiklikdən xəbər vermir. AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu yazır ki, tənqidçilər belə bir qərarın ictimai izahının verilməməsinə diqqət çəkirlər.
Vaşinqton daha öncə Rusiya neftinə sanksiyaları müvəqqəti yumşaldıb, bu addımın İranla münaqişənin yaratdığı pozuntular fonunda qlobal enerji bazarlarını sabitləşdirmək üçün zəruri olduğunu bildirib.
"İzah verilmir. Kontekst verilmir. Azından, pis görünür", –ABŞ-nin yeddi administrasiyasında yüksək milli təhlükəsizlik vəzifələrində çalışmış diplomat Daniel Frid deyir. O, hazırda Atlantik Şurasında çalışır.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan ABŞ, digər Qərb ölkələri Rusiyaya geniş iqtisadi və diplomatik sanksiyalar tətbiq ediblər.
Sanksiyaların qaldırılması gəmilərə daha öncə qadağan edilən limanlara, dəniz xidmətlərinə çıxış imkanı verir.
"Konteyner gəmiləridir"
"Sv.Nikolay"ın Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən taxılın, "Fesco Moneron" və "Fesco Magadan"ın isə hərbi və ya ikili təyinatlı yüklərin daşınması ilə əlaqəli olduğu bildirilir.
Xəzinədarlıq bildirib ki, gəmilər ətraflı yoxlamadan sonra siyahıdan çıxarılıb.
Dövlət Departamentinin veteran əməkdaşı Cim Mallinaks AzadlıqRadiosuna deyib ki, gəmilərin sanksiya siyahısından çıxarılması strateji dəyişiklik deyil, texniki, hüquqi məsələdir.
"Bunlar konteyner gəmiləridir, onların siyahıdan çıxarılmasının Tramp administrasiyasının qlobal neft ticarətini asanlaşdırmaq səyləri ilə əlaqəsi yoxdur", – deyən Mallinaks daha geniş sanksiyaların qüvvədə qaldığını vurğulayır.
"Gəmilərin sahibi olan lizinq şirkətləri, onları maliyyələşdirən banklar hələ də sanksiya altındadır. Bu isə Rusiyaya qarşı ümumi sanksiya siyasətində ciddi dəyişiklik olmadığını göstərir", – o bildirir.
Konqresmenlər narahatdırlar
Hər iki partiyadan olan konqresmenlər isə xəbərdarlıq ediblər ki, sanksiyaların yumşaldılması Moskvaya qarşı illərlə qurulmuş iqtisadi təzyiqi zəiflədə bilər.
Ayova ştatından respublikaçı senator Çak Qrassli Rusiya neftinə məhdudiyyətlərin ləğvini "yanlış addım" adlandırır. Onun sözlərinə görə, əldə olunan hər bir dollar Putinin müharibəsini maliyyələşdirir, Ukraynanın əziyyətini uzadır.
Kanzas ştatından respublikaçı senator Cerri Moran da bildirib ki, müvəqqəti güzəştlər "zərər vermək istədiyimiz ölkələri zənginləşdirə bilər", əvvəlki sanksiyaların təsirini pozar.
Demokratlar daha sərt mövqe tuturlar. Arizona ştatından senator Ruben Qalyeqo martın 31-də bildirib ki, administrasiya neftin bahalanmasına cavab olaraq Rusiyaya daha çox neft satmağa imkan vermək üçün sanksiyaları yumşaldır, baxmayaraq ki Moskva həm də İranı dəstəkləməkdə ittiham olunur.
Keçən həftə Konqresdəki hər iki partiyadan Ağ evə göndərilən məktubda respublikaçı Don Bekon və demokrat Qreqori Miks xəbərdarlıq edirdilər ki, Rusiyaya təzyiqin azaldılması "onun aqressiyasını gücləndirə, əldə olunmuş irəliləyişi zəiflədə bilər".