Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 20:47

Paşinyan Rusiya ilə dəmir yolu mübahisəsi barədə: 'Kəskin həll yolu istəmirik'

Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan Rusiya ilə dəmir yolunun idarə edilməsi məsələsində sülh yolu ilə həll istəyir, heç bir kəskin həll yoluna əl atmaq istəmir. Bunu baş nazir Nikol Paşinyan avqustun 13-də keçirdiyi brifinqdə deyib.

Paşinyan bundan əvvəl Ermənistanın dəmir yolunun idarəçiliyini dəyişdirməkdən başqa alternativi olmadığını bildirmişdi.

"Bir-birimizin maraqlarını qarşılıqlı anlamaq, müəyyən güzəştlərə gedə bilmək üçün hansı dostyana həllər ola bilər? Əvvəllər də dediyim kimi, bu güzəştlərdən biri "Rusiya Dəmir Yolları" ASC-nin və ya Rusiya tərəfinin konsessiya hüquqlarını satması ola bilər. Lakin bu satış tam və ya qismən elə bir faiz nisbəti ilə reallaşmalıdır ki, Ermənistanın beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyası üçün yaranan bu tarixi fürsətə maneə törətməsin", - Paşinyan bildirib.

Rusiya ilə müqavilənin ləğvi variantına toxunan Paşinyan bildirib: "Yenə də deyirəm: biz məsələnin dinc yolla nizamlanmasını istəyirik; növbəti parçalanma və ya münasibətlərin qırılmasını yox. Müqaviləni ləğv etmək hər an, hətta bu gün də mümkündür. . Amma biz bu yolla getmək istəmirik, bəs niyə bu yolla gedək".

İyulun 30-da Paşinyan "Rusiya Dəmir Yolları" (RJD) şirkətinin Ermənistanın dəmir yolu şəbəkəsi üzərindəki idarəçiliyinə son qoyulacağını bəyan edib. Onun sözlərinə görə, Ermənistan hökuməti bu məqsədlə RJD-ni beynəlxalq arbitraj məhkəməsinə verə bilər.

RJD-nin sədri Oleq Belozyorov isə cavabında bildirib ki, belə bir halda Ermənistan hökuməti şirkətin 2009-cu ildən bəri ölkənin dəmir yolu şəbəkəsinə yatırdığı 400 milyon dollarlıq sərmayəni kompensasiya etməli olacaq.

XS
SM
MD
LG