Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan rəhbərliyini Moskvanı şantaj etməyə cəhd göstərməkdə və qərbyönlü xarici siyasətin iqtisadi fəsadları barədə öz xalqını çaşdırmaqda günahlandırıb.
Rusiya parlamentinin yuxarı palatasının sədri Valentina Matviyenkonun yeni seçilmiş ermənistanlı həmkarı Ruben Rubinyanla telefon danışığı gərgin keçib. O, rusiyalı turistləri Ermənistana səfərdən çəkindirməklə bağlı Moskvanın təhdidini bir daha dilə gətirib.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, Rubinyan Ermənistan parlamentinin sədri seçilməsi münasibətilə Matviyenkodan təbrik almasa da, bu həftə ona zəng edib. Rusiya prezidenti Vladimir Putin də baş nazir Nikol Paşinyanı partiyasının 7 iyun parlament seçkilərində qələbəsi münasibətilə təbrik etməyib.
Matviyenkodan təhdid
Rusiya tərəfi telefon danışığı ilə bağlı rəsmi açıqlama yayıb. Məlumata görə, Matviyenko Yerevanın Avropa İttifaqına (Aİ) inteqrasiya səylərini tənqid edərək, bunun Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük öhdəliklərinə zidd olduğunu vurğulayıb. O, Putinin Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi barədə çağırışını bir daha xatırladıb.
Rubinyanın mətbuat xidmətinə görə, o, Ermənistan hakimiyyətinin rəsmi mövqeyini təkrarlayaraq bildirib ki, Yerevan Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət etməzdən əvvəl referendum keçirə bilməz. Rubinyan Moskvanın mayın sonu və iyunun əvvəlində Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu "əsassız" qadağalardan narahatlığını ifadə edib.
Matviyenko üçüncü ölkələrin çıxardığı həbs orderləri əsasında Rusiya vətəndaşlarının Ermənistanda sistematik olaraq saxlanılmasından narazılığını bildirib. O xəbərdarlıq edib ki, "bu praktika davam edərsə, Rusiya öz vətəndaşlarına bu ölkəyə səfərdən çəkinməyi tövsiyə etməli olacaq".
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov daha öncə bildirib ki, rusiyalı turistlər Ermənistanın xidmət sektoruna ildə 1 milyard dollar gəlir qazandırırlar. Onun sözlərinə görə, bu gəlirin itirilməsi ölkə iqtisadiyyatına ağır zərbə vura bilər.
XİN sözçüsünün ironiyası
Paşinyan ötən həftə bildirib ki, Rusiya Ermənistana ticarət məhdudiyyətlərini Yerevanın yeni siyasi və iqtisadi tərəfdaşlar axtarmasına görə tətbiq edib. O, Yerevanın Avropaya inteqrasiya siyasətini dəyişməyəcəyinə işarə edib. Rusiya XİN-in sözçüsü Aleksey Fadeyev cümə axşamı bu fikirlərə istehza edib: "Bu, təkcə Avrasiya inteqrasiyası üzrə tərəfdaşlarını deyil, həm də öz əhalisini açıq-aşkar aldatmaqdır. Avropaya belə bir "sıçrayış"ın sosial-iqtisadi fəsadları Ermənistan vətəndaşlarından təsadüfən gizlədilmir".
XİN rəsmisi Ermənistanda rusiyayönlü şəxslərin sıxışdırıldığını, ölkədə fəaliyyət göstərən Rusiya şirkətlərinin arbitraj məhkəmələri ilə təhdid olunduğunu vurğulayıb.
Paşinyan iyulun 30-da "Rusiya Dəmir Yolları"nın (RJD) Ermənistanın dəmiryol şəbəkəsi üzərindəki idarəçiliyinə son qoyacağını vəd edib. Onun sözlərinə görə, Ermənistan hökuməti bu məqsədlə RJD-ni beynəlxalq arbitraj məhkəməsinə verə bilər.
RJD-nin sədri Oleq Belozerov isə cavabında bildirib ki, Ermənistan hökuməti bu halda şirkətin 2009-cu ildən bəri ölkənin dəmiryol şəbəkəsinə yatırdığı 400 milyon dollarlıq sərmayəni kompensasiya etməli olacaq.