Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq. Delimitasiya və ekzklavlar məsələsi isə birmənalı olaraq Alma-Ata Bəyannaməsi əsasında həll ediləcək.
Bu barədə iyulun 9-da hökumətdə keçirilən brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. O, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Konstitusiyasına dəyişiklik və anklavlar barədə tələblərini şərh edərkən bu fikirləri səsləndirib.
Baş nazir vurğulayıb ki, Yerevan daxili məsələlərini xarici siyasət arenasında müzakirə etmək niyyətində deyil – bu, prinsipial mövqedir. Onun fikrincə, Konstitusiya islahatları isə hakim partiyanın seçkiqabağı proqramının tərkib hissəsidir və seçkilərdə onu 726 min vətəndaş dəstəkləyib. Paşinyan layihənin dərcinin gecikmə səbəbini belə izah edib: "Müzakirələr zamanı "Vətəndaş Müqaviləsi" partiyasının İdarə Heyəti üzvlərindən çoxsaylı təkliflər daxil olmuşdu. Seçkilər ərəfəsində bunları sakit iş şəraitində müzakirə edə bilməyəcəyimizi anlayaraq, komandadaxili variantı lazımi təhlil olmadan dərc etməmək məqsədilə prosesi seçkidən sonrakı dövrə keçirmək qərarına gəldik. Hazırda təkliflərin verilmə müddəti başa çatıb, onlar müzakirə olunub – yalnız sonuncu bənd üzrə qərar qəbul etmək qalır. Dəqiq vaxt deməyəcəyəm, amma ilin sonunadək mətni mütləq dərc edəcəyik".
Sərhədin delimitasiyası, eləcə də anklav və ekzklav probleminin tənzimlənməsi mövzusuna toxunan baş nazir bildirib ki, Ermənistan da bu məsələnin həllində eyni dərəcədə maraqlıdır, çünki erməni ekzklavı olan Artsvaşen (Başkənd) kəndi de-fakto Azərbaycanın nəzarəti altındadır.
Paşinyan ekzklav probleminin iki mümkün həll yolunu açıqlayıb: ya ərazilər SSRİ dağılanda hansı ölkəyə məxsus idisə, həmin ölkənin tərkibində qalır, ya da tərəflər sərhədboyu ekvivalent sahələrin dəyişdirilməsi barədə razılığa gəlirlər.
Baş nazir həmçinin hər iki ölkənin oxşar infrastruktur çətinlikləri ilə üzləşdiyini vurğulayıb – yaşayış məntəqələrinə aparan yollar sovet dövrünün anklav zonalarından keçir və Azərbaycanın timsalında bu, bəzi kəndlərin tam təcrid olunmasına gətirib çıxara bilər.
Paşinyan çıxışını bu sözlərlə tamamlayıb: "Münaqişə məntiqi – "kim nə götürübsə, onundur" – biz bu məntiqdən imtina etmişik. Biz sülh sazişi və Alma-Ata Bəyannaməsinin məntiqini rəhbər tuturuq: Ermənistanın ərazisi Sovet Ermənistanının ərazisinə – 29 min 743 kvadratkilometrə, Azərbaycanın ərazisi isə Sovet Azərbaycanına bərabərdir. Əgər sərhədlərlə bağlı qərar Konstitusiyaya və qanunlara uyğun olaraq xalqın iradəsinin öyrənilməsi tələb edərsə, təbii ki, bu sualla vətəndaşlara üz tutacağıq".
Bayramovdan eksklav açıqlaması: 'Məsələ öz həllini tapacaq'
Azərbaycanla Ermənistan arasında 13 kilometrə yaxın dövlət sərhədi delimitasiya olunub, həmin ərazilərdə demarkasiya işləri də başa çatdırılıb. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlama verib. Nazir iyulun 9-da – diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə Fəxri xiyabanı ziyarət etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Delimitasiya sərhədin xəritə və coğrafi təsvirlər əsasında kağız üzərində müəyyənləşdirilməsi, demarkasiya isə həmin xəttin birbaşa ərazidə dirək və nişanlarla işarələnməsidir.
Bayramov iki ölkə arasında delimitasiya prosesinin davam etdiyini bildirib: "Sərhədin şimaldan cənuba doğru müəyyənləşdirilməsi barədə bəlli bir razılaşma var. Sülh sazişinin yekunlaşdırılması istiqamətində Azərbaycan tərəfi üzərinə düşən bütün işləri tamamlayıb".
AZƏRTAC-ın məlumatına görə, nazir delimitasiya prosesi çərçivəsində eksklav kəndlərlə bağlı məsələlərin də öz həllini tapacağını əlavə edib.
Eksklav - bir dövlətin əsas ərazisindən kənarda yerləşən və tamamilə digər ölkənin quru ərazisi ilə əhatə olunmuş torpaq parçasıdır.
Rəsmi Bakının açıqlamasına görə, dörd eksklav kəndi hələ də Ermənistanın nəzarətindədir. Yerevan isə Gədəbəy rayonu ərazisindəki eksklavına nəzarət etmədiyini bildirir.
Bayramov rəsmi Bakının əsas gözləntisini də açıqlayıb: "Biz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını gözləyirik. Sülh sazişi bundan sonra imzalana bilər".
Ermənistan rəsmiləri əvvəllər konstitusiya dəyişikliklərinin parlament seçkilərindən sonra mümkün olacağını bildirirdilər. Son seçkilərdə baş nazir Nikol Paşinyan yenidən qələbə qazansa da, konstitusiya islahatları üçün parlamentdə yetərli səs çoxluğu əldə edə bilməyib. Ermənistan müxalifəti isə Bakının tələbi ilə konstitusiyanın dəyişdirilməsinə qəti etiraz edir.
Ekspertlər indiki mərhələdə sülh sazişinin imzalanmasını hələlik mümkün saymırlar.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Elə bundan sonra Qarabağdan erməni əhali köç edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.