Yüksəkvəzifəli respublikaçı konqresmen Rusiya silah sistemlərində ABŞ mənşəli komponentlərin hələ də istifadə olunmasından narahatlığını ifadə edib. Ukrayna da son dron hücumlarında 2025-ci ildə istehsal olunmuş Qərb mikroelektronikasının izlərinin aşkarlandığını bildirib.
Cənubi Karolinadan olan konqresmen Co Uilson aprelin 16-da AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğluna müsahibə verib. O deyib ki, Rusiya və İranla əlaqəli dronlarda ABŞ texnologiyasının aşkarlanması ilə bağlı məlumatlar mütləq araşdırılmalıdır.
Bu arada Ukrayna davamlı olaraq bildirir ki, geniş sanksiyalara baxmayaraq, Rusiya qüvvələrinin istifadə etdiyi "Şahed" tipli dronlarda hələ də Qərb istehsalı mikroelektronika var. Konqresmenin sözlərinə görə, bu cür komponentlərin davamlı aşkarlanması mürəkkəb qlobal təchizat zəncirlərinə Qərb sanksiyalarının tətbiqinin çətinliyini göstərir.
Aprelin 16-da Rusiyanın genişmiqyaslı dron və raket hücumundan sonra bu məsələ daha da aktuallaşıb. Ukrayna hücum nəticəsində biri uşaq olmaqla, azı 19 nəfərin həlak olduğunu, 100-dən çox insanın yaralandığını bildirir. ABŞ prezidenti Donald Tramp bu hücumları "dəhşətli" adlandırıb.
Ukraynanın baş naziri Vaşinqtonda
Aprelin 16-da Konqresin hər iki partiyadan olan üzvləri Ukraynanın baş naziri Yuliya Sviridenko ilə görüşüblər.
Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü Cinn Şahin Vaşinqtonu Moskvaya təzyiqi artırmağa çağırıb.
Senatdakı demokratların fraksiya rəhbəri Dik Durbinin sözlərinə görə, Rusiyanın son hücumu "Vladimir Putinin qəddarlığının həddinin olmadığını göstərir". Senatda Ukrayna üzrə qrupunun həmsədri Rocer Uiker isə ABŞ-nin Ukraynaya dəstəyini davam etdirməli olduğunu vurğulayıb.
Ukrayna qüvvələri tərkibində 2025-ci ildə istehsal olunmuş mikroelektronika olan "Şahed" dronlarını ələ keçirib. Bunu Ukrayna prezidenti Volodimir Zelenskinin sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasyuk aprelin 15-də Vaşinqtonda bildirib. Bu komponentlər arasında "Advanced Micro Devices" və "Texas Instruments" kimi ABŞ yarımkeçirici şirkətləri ilə əlaqəli hissələrin olduğu bildirilir.
Vlasyuk Ukraynanın İran istehsalı dronların tərkibindəki Qərb komponentlərini davamlı sənədləşdirdiyini vurğulayıb.
"Əsas məsələ əlçatanlıqdır, təkcə gəlirdən söhbət getmir", – Vlasyuk deyib. Onun sözlərinə görə, az miqdarda xüsusi çiplər belə irimiqyaslı dron istehsalını davam etdirmək üçün yetərlidir.
Təchizat zəncirindəki problemlər
Təhlilçilərin fikrincə, Rusiya silahlarındakı Qərb komponentləri sanksiyaların yoxluğundan deyil, onların tətbiqində struktur problemlərdən qaynaqlanır.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) sanksiyalardan yayınmağa kömək edən vasitəçilərə və saxta şirkətlərə qarşı daha sərt tədbirlər görməlidir. Bunu Müharibənin Öyrənilməsi İnstitutundan Corc Barros aprelin 16-da AzadlıqRadiosuna deyib: "Ruslar bazarlara daxil olmaq məsələsində çox kreativdirlər. OFAC sanksiyalardan yayınma zəncirini dəstəkləyən şirkətlərə ciddi cəzalar tətbiq etməyənədək Amerika malları onları Rusiyaya yenidən ixrac etməyə hazır beynəlxalq alıcıları tapacaq".
Uilsonun sözlərinə görə, bu vəziyyət Rusiyanın müharibə maşınına qarşı mübarizədə Qərbin üzləşdiyi daha geniş problemləri əks etdirir: "Amerika xalqı Ukraynanın suverenlik və azadlığına dəstəyini açıq göstərib. Vladimir Putinin etdiklərini dayandırmaq üçün hər şey edilməlidir. O, mülki hədəflərə hücum edir, çox sayda dron və raketdən istifadə edir. Bu sistemlərdə Amerika şirkətlərinin adı çəkiləndə bu, mütləq araşdırılmalıdır, əldə etdiyimiz hər bir məlumat əsasında hərəkət etməliyik", – Uilson vurğulayıb.
Kiyevin mövqeyi belədir ki, əsas komponentlərə çıxışın kəsilməsi Rusiyanın "Şahed" dronları və digər zərbə sistemlərini istehsal etmək qabiliyyətini ciddi zəiflədə bilər.