Keçid linkləri

2025, 28 Aprel, Bazar ertəsi, Bakı vaxtı 20:37

Rusiya Çindən Tor-u, VPN-servisləri bloklamağı öyrənmək istəyib, amma...


VPN sizin kompüter və telefonunuzu belə qoruyur
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

VPN sizin kompüter və telefonunuzu belə qoruyur

Çin lideri Si Tsinpinq və Rusiya Prezidenti Vladimir Putinin “məhdudiyyətsiz” əməkdaşlıq elanından və Kremlin Ukraynaya hücumun ardınca genişmmiqyaslı senzura kampaniyasına başlamasından illər öncə Pekin və Moskva müxalif düşüncə və internetə nəzarətlə bağlı üsul və taktikalarını bir-biri ilə paylaşırmış.

İki ölkə arasında bu artan əməkdaşlıq Çinin əsas internet tənzimləyicisi olan Kiberməkan Administrasiyası (CAC) və Rusiyanın internetin tənzimlənməsinə cavabdeh qurumu Roskomnadzor rəsmilərinin 2017 və 2019-cu illərdə qapalı görüşlərinin sənəd və səs yazıları bunu deməyə əsas verir. AzadlıqRadiosunun rus xidmətinin araşdırma qrupu “Sistema” bu sənəd və səs yazılarını materiallara çıxışı olan mənbədən əldə edə bilib.

Hək olunmuş sənədləri çap edən “DDoSecrets” qrupu isə müxbirləri faylları axtarmaq üçün xüsusi proqramla təmin edib.

Pekin və Moskvanın münasibətlərində İnternetdəki informasiya axınına nəzarət, 2013-cü ildə, Sinin lider qismində Rusiyaya ilk səfəri zamanı ön plana çıxıb. İllər ərzində bu əməkdaşlıq yüksək vəzifəli rəsmilərin görüşlərində imzalanan çox sayda sazişlərlə get-gedə daha da genişləndirilib. İnternet üzərində ciddi nəzarət iki ölkə rəsmilərini birləşdirən əsas maraqlardan biridir.

Bir-birindən nəyi soruşublar

AzadlıqRadiosunun əldə etdiyi fayllarda bu müzakirələrin bəzi pərdəarxası məqamlarını görmək mümkündür.

Görüş qeydləri, səs yazıları, məktub mübadiləsi və emeyllər şəklində kataloqlaşdırılmış bu məsləhətləşmələr arasında Rusiya rəsmilərinin bir sıra məsələlərdə, o cümlədən VPN və Tor kimi alətlərdən istifadənin önlənməsi ilə bağlı çinli həmkarlarından praktik məsləhətlər istədiyini görmək mümkündür. Onlar həmçinin enkripsiya olunmuş internet traffikini yarmağın yollarını, habelə Çinin mesajlaşma platformalarını tənzimləməklə bağlı təcrübəsini öyrənməyə çalışıblar.

Çin rəsmiləri isə Rusiyanın medianın nizamlanması və xalqın narazılığının öhdəsindən gəlməklə bağlı təcrübəsi ilə maraqlanıblar.

2019-cu ilə aid yazışmalarda CAC rəsmiləri Roskomnadzor-dan Çinlə bağlı bir sıra məqalə və müsahibələrin linklərini bloklamağın yollarını soruşublar. Onlar bu materialları "təhlükəli və ictimai marağa zərərli” kimi təsvir ediblər.

Əhəmiyyətli tarix

2017-ci ilin iyulunda isə 2020-ci ilədək Roskomnadzorun rəhbəri olmuş Aleksandr Jarov o zaman CAC-nin nazir müavini olan Ren Sinlinqin rəhbərlik etdiyi nümayəndə heyətindən rusiyalı mütəxəssislərin Çinə səfərini təşkil etməyi xahiş edir. Burada onlar Çinin “Qızıl qalxan layihəsi”nin işini öyrənəcəkdilər. “Qızıl qalxan layihəsi” “Böyük Çin Qoruyucu Səddi” (Great Chinese Firewall) kimi tanınan senzura və izləmə sisteminin bir hissəsidir.

Bu səfərin nəticələri ilə bağlı məlumat AzadlıqRadiosunun əldə etdiyi sənədlər arasında tapılmayıb.

Rusiyalı araşdırmaçı jurnalist Andrey Soldatov deyir ki, bu xahiş sosial media dövründə Rusiyanın öz xalqı üzərində nəzarəti ələ keçirmək üçün Çini təqlid etmək istəyini göstərir. Soldatov eyni zamanda Moskvanın internetə nəzarət səylərinin tarixinə həsr olunmuş “Qırmızı şəbəkə” adlı kitabın (2015) müəllifidir.

"2017-ci il Rusiya internetinin yönlənəcəyi istiqamətin müəyyən olunduğu əhəmiyyətli vaxt idi. Bu, Rusiyanın indi əldə etdiyi mürəkkəb sistemi necə qura biləcəyi haqda düşündüyü dövr idi. Görünür, ruslar bunu necə etmək barədə bəzi şeyləri çinlilərdən öyrəniblər”, – Soldatov söyləyir.

İllərlə uğursuz olsa da...

Rusiya hökuməti illərlə internetdə söz azadlığını boğmaq üçün texnoloji və qanuni infrastruktur yaratmağa çalışıb. Bu tədbirlərin çoxu uğursuz olub. Buna misal olaraq 2018-ci ildə “Teleqram” mesajlaşma tətbiqini qadağan etmək cəhdlərinin fiaskoya uğramasını göstərmək olar. Rusiyalı sensorlar VPN və Tor-dan istifadəyə də mane ola bilməyiblər.

Ancaq 2019-cu ildə ziddiyyətli “suveren internet” qanununu qüvvəyə mindirən Moskva, internet traffikini dövlətin nəzarətində olan infrastrukturdan keçirməklə və milli domeyn adları sistemi yaratmaqla ölkədə internet üzərində nəzarəti gücləndirə bildi.

Rusiyalıların gördüyü tədbirlərin çoxu hələ də Çinin üsullarına çatmasa da, onlar, xüsusən də Ukraynaya hücuma başlamalarından sonra həm texnoloji, həm də qadağalar baxımından çox irəliləyiblər.

Qapalı, açıq görüşlər

Sızan məlumatlar arasında 2017-ci il, iyulun 4-də Jarovla Renin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Çində keçirilən qapalı görüşü haqda sənədlər var. Çin tərəfi Rusiyada bloklanan informasiya növləri, habelə hökumətin onlayn müzakirələri izləmə və şəxsi məlumatları emal etmə üsulları haqda detalları soruşub. Ren Rusiya hökumətinin internetdən ölkə daxili və xaricində “müsbət imic formalaşdırmaq” üçün istifadəsinin incəlikləri və üsulları haqda maraqlanıb. Jarov imicə nəzarətin Roskomnadzor-un səlahiyyətləri xaricində olduğunu və bu barədə sualların Putin administrasiyasına verilməli olduğunu deyib.

2016-cı ilin aprelində Kreml və Rus Pravoslav Kilsəsinə yaxın mühafizəkar oliqarx Konstantin Malofeyevin maliyyələşdirdiyi, senzuranı təbliğ edən lobbiçiliklə məşğul olan Təhlükəsiz İnternet Liqası Moskvada keçirdiyi konfransa böyük Çin nümayəndə heyətini də dəvət edib. Heyətə o zaman CAC-nin rəhbəri olan Lu Vei və Böyük Təhlükəsizlik Səddinin memarlarından Fanq Binksinq başçılıq edib.

2019-cu ildə Rusiyanın özünün “suveren internet qanununu” qüvvəyə mindirməklə Putin “Google”, “Facebook” və “Twitter” kimi xarici texnologiya şirkətlərinə cərimələrin tətbiqinə, korporasiyaları Rusiyada əməkdaşlar işə götürməyə məcbur edən qanunlar qəbul etməyə başladı. Məqsəd bu əməkdaşları sonradan potensial olaraq həbs edə bilmək idi.

2019-cu ilin iyununda Moskvada keçirilən görüşdə Si və Putin “çoxsahəli strateji əməkdaşlıq” əlaqələrini inkişaf etdirəcəklərini, informasiya və internetin idarə edilməsini diqqət mərkəzində saxlayacaqlarını elan ediblər.

XS
SM
MD
LG