Belçika hökuməti tərəfindən aparılan "casus təmizləməsi" əməliyyatları fonunda Brüsseldən geri çağırılan rusiyalı diplomat Avropanın ən böyük təhlükəsizlik qurumunun Belqrad missiyasına rəhbər təyin olunmaq üçün namizəd göstərilib. Bu məlumat AzadlıqRadiosu və bir neçə Avropa media orqanı tərəfindən aparılan birgə araşdırmada üzə çıxıb.
Moskva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bosniya-Herseqovina missiyasının rəhbərinin keçmiş müavini Dmitri İordanidini təşkilatın Serbiyadakı missiyasına rəhbərlik etmək üçün namizəd göstərib. Bu AzadlıqRadiosunun əldə etdiyi ATƏT-in daxili sənədlərində əks olunub.
Onun namizədliyi ABŞ və Avropa hökumətlərinin son illərdə ATƏT-in əhatə etdiyi regionda Rusiyanın "bədxah" fəaliyyətləri ilə bağlı artan ittihamları fonunda baş verir.
55 yaşlı D.İordanidi casusluq ittihamına görə 2023-cü ildə Brüsseli sakitcə tərk edən 20 rusiyalı diplomatdan biridir. Onlar Belçika Dövlət Təhlükəsizlik Xidməti (VSSE) tərəfindən casus olmaqda və gizli fəaliyyət göstərməkdə ittiham olunub. Bu məlumat Belçika kəşfiyyatının tərtib etdiyi və üç Qərb kəşfiyyat mənbəyi tərəfindən müstəqil şəkildə təsdiqlənmiş siyahıya əsaslanır. Bu, AzadlıqRadiosu, Brüsseldə yerləşən "EUobserver" xəbər saytı, Belçikanın "De Morgen" gündəlik qəzeti, "Humo" həftəlik jurnalı və Fransanın "Le Monde" qəzeti tərəfindən aparılan birgə araşdırmada ortaya çıxıb.
Bir kəşfiyyat mənbəyi Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğal hücumundan sonra rusiyalı casusların təmizlənməsini "şkafımızı boşaltmaq fürsəti" adlandırıb.
Nə Belçika hökuməti ölkədə akkreditə olunmuş diplomatların siyahısını dərc edir, nə də Rusiyanın Brüsseldəki diplomatik missiyası öz işçilərinin adlarını açıqlayır. Lakin buna baxmayaraq, AzadlıqRadiosu 2023-cü ildə Belçikadan çıxarılan bir neçə rusiyalı diplomatın mövcudluğunu müstəqil şəkildə təsdiqləyib.
İndiyədək ictimaiyyətə açıqlanmayan həmin rusiyalı diplomatların, siyahıya əsasən, Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) və ya Hərbi Kəşfiyyat İdarəsi (QRU) ilə əlaqəli olduqları iddia edilir.
Belçika kəşfiyyatının siyahısında SVR-lə əlaqəli olduğu göstərilən İordanidi 20 diplomat arasında "persona non grata" (arzuolunmaz şəxs) elan edilməyən yeganə şəxs olub. Bir kəşfiyyat mənbəsinin sözlərinə görə, Belçika Moskvanı xəbərdar edib ki, əgər Rusiya onu geri çağırmasa, İordanidi "persona non grata" elan ediləcək. Bundan sonra Rusiya özü diplomatı geri çağırıb.
İndi Moskva İordanidini ATƏT-ə yerləşdirməyə çalışır. Vyanada yerləşən bu çoxtərəfli təşkilat Rusiyanın 2022-ci ildə Ukraynaya hücumuna qədər Rusiyanın təcavüzünü izləməkdə və Moskva ilə Kiyev arasında vasitəçilik cəhdlərində əsas rol oynayırdı.
AzadlıqRadiosunun əldə etdiyi sənədə görə, İordanidi namizədlərin təqdim edilməsi üçün son tarix 1 dekabr 2024-cü ildən sonra ATƏT-in Serbiyadakı missiyasının rəhbəri vəzifəsinə səkkiz namizəddən biri kimi qeydə alınıb.
Rusiya onun namizədliyini ATƏT-in Bişkekdəki proqram ofisinə və Astanadakı eyni vəzifəyə də irəli sürüb.
ATƏT elektron poçtla göndərdiyi bəyanatında qeyd edib ki, bu üç vəzifə üçün işə qəbul prosesi hələ davam edir və konfidensiallığı əsas gətirərək məsələ ilə bağlı şərh verə bilməz.
ATƏT-in sözçüsü Aleksandra Teylorun sözlərinə görə, bu vəzifələr ATƏT-in hazırkı sədri –Finlandiyanın xarici işlər naziri Elina Valtonen tərəfindən, ATƏT-in yüksəkrütbəli indiki və keçmiş rəsmiləri, həmçinin müvafiq missiyaların yerləşdiyi ölkələrlə məsləhətləşmələr əsasında təyin edilir.
"ATƏT-də bütün vəzifələr üçün ciddi bir işə qəbul prosesi tətbiq edirik", - mətbuat katibi bildirib.
Qərb rəsmiləri və hökumətləri Moskvanı ATƏT-in fəaliyyətini sabotaj etməkdə və təşkilatın konsensus əsaslı siyasətindən sui-istifadə etməkdə ittiham ediblər. Bu ittihamlar xüsusilə Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlıdır.
Rusiya ATƏT-i "NATO və Aİ-nin bir əlavəsinə çevrilmək üçün yenidən formatlaşdırılan qurum" kimi tənqid edib.
AzadlıqRadiosunun Rusiya kəşfiyyatının ATƏT-ə təsiri şübhəsi ilə bağlı araşdırmalarından sonra təşkilatın Parlament Assambleyası ATƏT rəhbərliyini təşkilatı Rusiyanın "dağıdıcı" təsirindən azad etmək üçün müvafiq müzakirələrə və təhlükəsizlik yoxlamalarına başlatmağa çağırıb.
AzadlıqRadiosunun 2023-cü ilin mart ayında apardığı araşdırmaya görə, Rusiya daha əvvəl casusluq ittihamı ilə Aİ ölkələrindən qovulan diplomatlarını Serbiyadakı səfirliyinə yerləşdirib.
Nə İordanidi, nə də Rusiyanın Brüsseldəki səfirliyi şərh üçün göndərilən sorğulara cavab verməyib. Belçika Dövlət Təhlükəsizlik Xidməti (VSSE) də şərh üçün müraciətə cavab verməyib.
Balkan səyahətləri
Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra ABŞ və Aİ hökumətləri tərəfindən yüzlərlə rusiyalı diplomat bu ölkələrdən çıxarılıb. Onlar arasında Rusiyanın Belçikadakı diplomatik missiyasında və Brüsseldəki Aİ nümayəndəliyində çalışan rusiyalı diplomatlar da olub.
AzadlıqRadiosunun araşdırmasına görə, onların arasında "qanunsuz və pozucu" hərəkətlərə görə Aİ tərəfindən ölkədən çıxarılan Aleksandr Studenikin də var. Lakin o, 2023-cü ilin dekabrında Serbiyada keçirilən parlament və yerli seçkilərdə ATƏT-in seçki müşahidəçisi kimi yenidən meydana çıxıb.
İordanidinin Brüsseldəki ictimai fəaliyyəti çox az olub, görünür ki, o, 2023-cü ildə Balkanlarda formalaşan diplomatik karyerasından fərqli olaraq bu şəhərə göndərilib.
İctimaiyyətə açıq olan mənbələr göstərir ki, 2009-cu ildən o, Rusiyanın Sarayevodakı səfirliyində birinci siyasi katib, bir neçə ildən sonra isə Bosniya və Herseqovinanın Serb Respublikasının inzibati mərkəzi olan Banya Lukada ATƏT-in sahə ofisinin rəhbəri vəzifəsində çalışıb.
2013-cü ilin mayında İordanidi Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla birgə o zamanlar Serbiya prezidenti olan Tomislav Nikoliç ilə Soçi şəhərində, Rusiya prezidentinin yay iqamətgahındakı görüşdə iştirak edib. O vaxt Serbiyanın müdafiə naziri və baş nazirin birinci müavini olan Aleksandar Vuçiç də görüşdə olub.
İordanidi daha sonra ATƏT-in Sarayevodakı Bosniya-Herseqovina missiyasının rəhbərinin müavini olub. Görünür, 2022-ci ilin ikinci yarısı və ya 2023-cü ilin əvvəlində o, bu vəzifəni tərk edib.
Adı açıqlanmayan bir ATƏT mənbəsi İordanidinin Sarayevodan Belçikaya getdiyini xatırlayıb. Bu araşdırma üçün əlaqə saxlanılan kəşfiyyat mənbələrindən biri isə bildirib ki, İordanidi 2023-cü ildə Belçikaya gəlib, amma elə eyni ildə təzyiq altında ölkəni tərk edib.
Jurnalistlər İordanidinin Brüsseldəki Rusiya səfirliyindəki qısa müddətli fəaliyyətinə dair açıq mənbələrdən heç bir sübut tapmayıblar. Bu, Bosniya-Herseqovinada ATƏT-dəki vəzifəsində olduğu dövrlə kəskin ziddiyyət təşkil edir; o zamanlar İordanidi tez-tez müsahibələr verir və ictimai tədbirlərdə iştirak edirdi.
Onun ATƏT missiyasında Balkanlardakı ictimai fəaliyyətinin çoxu ətraf mühit məsələləri və vətəndaş azadlıqlarının təşviqi ilə bağlı olub.
Rusiya hökumətinin sızdırılmış məlumat bazalarında — məsələn, yaşayış, nəqliyyat vasitəsi və vergi qeydləri — İordanidi ilə Rusiya kəşfiyyatı arasında əlaqələrə dair açıq bir işarə yoxdur. Lakin bu baza İordanidi ilə yanaşı, Belçikadan çıxarılan digər rusiyalılarla əlaqəli məlumatlar təqdim edir.
QRU-nun adamları Brüsseldə
İordanidi ilə yanaşı, Belçikanın kəşfiyyat siyahısında olan 19 rusiyalı diplomatdan biri də Aleksandr Kovalçuk olub. Rəsmi olaraq Kovalçuk Brüsseldəki Rusiya səfirliyində məsləhətçi vəzifəsində çalışıb.
Yaşayış yeri ilə bağlı sızdırılmış məlumatlarda Kovalçukun qeydiyyatda olduğu ünvanın "Moskva, Ulitsa Narodnoqo Opolçeniya 50" olduğu göstərilir. Bu ünvan həmçinin Rusiya Müdafiə Nazirliyinin Hərbi Akademiyasının ünvanıdır. Akademiya Rusiya hərbi kəşfiyyat idarəsi olan QRU-nun "Konservatoriyası" kimi tanınır.
İddia edilən casus diplomatlar siyahısında Rusiyanın Brüsseldəki səfirliyində ikinci katib vəzifəsində çalışmış Sergey Çerepanov da var. Rusiya hökumətinin sızdırılmış sənədləri göstərir ki, o, əvvəllər Moskvadakı Strateji Raket Qüvvələri Akademiyasında işləyib və nüvə təhlükəsizliyinə cavabdeh olan 12-ci Baş İdarənin nəzdində peyklər vasitəsilə seysmik və infrasəs müşahidəsi üzrə ixtisaslaşan 46179 saylı hərbi hissəyə bağlı ünvanda qeydiyyatdan keçib.
Səfirliyin texniki heyətində işləmiş digər rusiyalı diplomat Dmitri Zamoqilnıxın yaşayış ünvanı QRU-nun xüsusi təyinatlı diviziyası olan 92154 saylı hərbi hissə ilə bağlıdır.
Qovulmuş diplomatlardan biri olan Serqey Qudilin Brüssel yaxınlığındakı hərbi obyektin fotosunu çəkib. Bu məlumat onun "Strava" fitness tətbiqi hesabında açıq şəkildə mövcud olan məlumatlar əsasında əldə edilib.
2021-ci ilin iyul ayında Serqey Qudilin "Strava" hesabında Bertem radar stansiyasının fotosunu paylaşıb. Bu stansiya Belçikanın hava nəqliyyatının idarəetmə şəbəkəsinin bir hissəsidir və Belçika hərbi qüvvələrinə radar məlumatları təmin edir.
Kovalçuk, Çerepanov, Zamoqilnıx və Qudilin e-mail ünvanlarına göndərilən sorğulara cavab verilməyib.
Siyahıya görə Belçikanın apardığı əməliyyat nəticəsində 20 rusiyalı casus ölkədən çıxarılıb. Daha əvvəl isə Rusiyanın Aİ və NATO-dakı nümayəndə heyətlərinin 48 üzvü ölkədən çıxarılmışdı.
"Belçika Rusiya ilə normal diplomatik əlaqələri saxlamaq istəyir, amma bu əlaqələrin casusluq məqsədləri üçün sui-istifadə edilməsinə icazə verə bilməz", - Belçika Xarici İşlər Nazirliyinin sözçüsü Pyer Stiverlink bildirib.
Artan təhdidlər
Rusiya 2022-ci ildə Ukraynaya hücum etdikdən sonra Avropa ölkələri ümumilikdə 700-dən çox rusiyalı diplomatı – o cümlədən iddia edilən casusları ölkələrindən çıxarıb. Lakin Qərb ekspertləri Moskvanın təhdidinin artması və formasının dəyişməsi barədə xəbərdarlıq edirlər.
Hibrid müharibə üzrə ixtisaslaşan yüksək səviyyəli NATO rəsmisi Ceyms Appaturay "EUobserver"ə müsahibəsində deyib: "Biz... bir müddət ərzində Rusiya kəşfiyyat xidmətlərinin ölkələrimizdə pis niyyətli kəşfiyyat əməliyyatlarını həyata keçirmək bacarığında geriləmə müşahidə etdik, amma bu, yenidən bərpa edilib".
Appaturay bildirib ki, Rusiya indi diqqətini onlayn əməkdaşlığa yönəldib, getdikcə daha çox cinayətkar dəstələri və fərqində olmayan şəxsləri təxribat üçün cəlb edir.
"Bu yeni cəlb olunanlar çox vaxt kimlər üçün işlədiklərini belə dərk etmirlər. Onlar yanğın törədirlər, qatarları relsdən çıxarırlar, hətta siyasətçilərin mülklərinə hücum edirlər – bütün bunlar Rusiyanın kəşfiyyat xidmətlərinin kölgədən idarə etdiyi əməliyyatlardır", - o deyib.
Almaniyanın "Der Spiegel" jurnalı keçən ay xəbər vermişdi ki, alman müstəntiqləri ölkədə avtomobil vandalizmi hadisələrinin bir rusiyalı müştəri tərəfindən maliyyələşdirildiyi və iqlim aktivliyi adı altında digər ortaqlar tərəfindən həyata keçirildiyindən şübhələnirlər.
Almaniyanın cənubundakı Ulm şəhərində isə avtomobillərə qarşı 100-dən çox vandalizm hadisəsi ilə əlaqədar dörd şübhəlinin saxlanıldığını bildirilib. Şübhəlilər arasında Rumıniya, Serbiya və Bosniya vətəndaşları olub. Onlar avtomobillərin tüstü borularını bağlamaq üçün ora sərtləşdirici köpük tökürmüşlər.
Polşa baş naziri Donald Tusk yanvarda Rusiyanı Litvada və Britaniyada baş verən iki ayrı hadisə ilə əlaqədar hədəfləri müəyyən edilməyən terror hücumları planlaşdırmaqda ittiham edib. Bu ölkələrdə yük təyyarələrində yanğınlar qeydə alınmışdı.
Tusk yanvarda mətbuat konfransında deyib: "Mən təfərrüatlara varmayacağam, yalnız Rusiyanın təkcə Polşaya qarşı deyil, bütün dünya üzrə aviaşirkətlərə qarşı hava terroru aktları planlaşdırdığına dair narahatlıqların doğruluğunu təsdiq edə bilərəm".
Moskva Qərb hökumətlərinin o cümlədən qəsdən yanğınlar, zəhərləmə və Qərbdəki fərdlərə qarşı hücumlarda Rusiyanın iştirakı ilə bağlı ittihamları rədd edir.