Rusiya iyulun 8-dən dizel ixracını qadağan edib və yaxın vaxtlarda ölkəyə xaricdən neft məhsullarının idxalına başlayacaq. Bu barədə Baş nazirin müavini Aleksandr Novak prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən hökumət iclasında məlumat verib.
İclas Ukrayna ordusunun neft emalı zavodlarına (NEZ) zərbələri səbəbindən Rusiyada yaranan yanacaq qıtlığına həsr olunub. Novakın sözlərinə görə, "bazarda vəziyyət qismən sabitləşsə də, mürəkkəb olaraq qalır".
Hücumlar nəticəsində bir neçə zavodun zədələndiyini deyən Novak əlavə edib ki, problemi yoluna qoymaq üçün mövcud müəssisələr tam güclə işlədilir, ehtiyatlar bazara çıxarılıb, cari təmir sürətləndirilib, planlı işlər isə təxirə salınıb.
Rəsmi Moskva bundan əvvəl benzin və aviasiya kerosininin də ixracına qadağa qoymuşdu.
İndi Rusiyanın, demək olar ki, hər yerində yanacaq satışına məhdudiyyətlər qoyulub. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranır, benzinin qiyməti isə sürətlə artır.
Prezident Putin iclasda ölkədə kiçik neft emalı zavodlarının (mini-NEZ) sayının artırılması ideyasını dəstəkləyib. Onun fikrincə, Ukrayna PUA-larının bu növ kiçik obyektləri hədəf alması daha çətin olacaq. "Bu təklif nəzərə alınmalı və kiçik, eləcə də orta biznesin yanacaq istehsalı sahəsinə cəlb edilməsi mümkün qədər tez təmin olunmalıdır", –Putin bildirib.
"Nastoyaşeye Vremya" layihəsinin araşdırmasına görə, artıq Rusiyanın məşhur "Avito" elan saytında mini-NEZ satışı barədə elanlar peydə olub. Qiymətlər bir milyon rubldan (22 min 280 AZN) başlayır. Elanların birində iddia edilir ki, bu cihazlar sutkada 500 litrdən 200 kubmetrə qədər neft emal edə, həmçinin mazut və işlənmiş yağları təkrar emaldan keçirə bilir. Amma saytda bu texnikaya dair hələlik heç bir istifadəçi rəyi yoxdur.
22 iyul
Rusiya Hindistandan benzin daşıyır, Qırğızıstan Azərbaycana üz tutur
"Reuters" agentliyinin sahədəki etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya daxili bazarda yaranmış yanacaq qıtlığı səbəbindən Hindistandan dəniz yolu ilə benzin idxalına başlayıb.
Mənbələrdən biri bildirib ki, Hindistandan artıq ən azı 60 min metrik ton benzin yüklənərək göndərilib. Digər mənbə isə deyir ki, hər birində 30–40 min ton yanacaq olan iki tanker hazırda Rusiyaya doğru yoldadır.
Başqa bir mənbənin sözlərinə görə, Rusiya müxtəlif ölkələrdən aylıq ümumilikdə 400 min ton benzin idxalını planlaşdırır. Bu siyahıya hazırda Rusiyaya yanacaq tədarük edən Belarus da daxildir.
Hindistan özü Rusiya xam neftinin ən böyük alıcılarından biridir. İyun ayında bu ölkənin Rusiyadan neft idxalı sutkada 2.7 milyon barelə çatmaqla rekord səviyyəyə yüksəlib və Hindistanın ümumi neft idxalının yarıdan çoxunu təşkil edib.
Prezident Vladimir Putin etiraf edib ki, Ukrayna dronlarının neft emalı zavodlarına endirdiyi zərbələr bəzi regionlarda yanacaq çatışmazlığına səbəb olub. O, problemin həlli üçün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.
İyulun 1-də isə məlum olub ki, yanacağın 90 faizdən çoxunu Rusiyadan alan Qırğızıstan da tədarükü şaxələndirmək üçün Azərbaycan, Qazaxıstan, Belarus və digər ölkələrlə danışıqlara başlayıb.
Rusiya digər ölkələrdən yanacaq idxalı ilə bağlı danışıqlar aparır
Rusiya digər ölkələrlə neft məhsullarının mümkün idxalı barədə danışıqlar aparır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. O bildirib ki, tərəflər münasib qiymətlər barədə razılığa gələrlərsə, Moskva xaricdən yanacaq idxal etməyə hazırdır.
Kreml rəsmisi danışıqların məhz hansı ölkələrlə aparıldığını dəqiqləşdirməyib.
"Təmaslar davam edir. Münasib qiymətlərlə bağlı razılıq əldə olunarsa, bu proses baş tutacaq. Bu, bazarı sabitləşdirmək yolunda növbəti addım olacaq və yaranmış ajiotajlı tələbatı aşağı salmağa yönəlib", – Peskov vurğulayıb.
İyunun 24-də "Reuters" agentliyi Rusiyanın təxminən 50 min ton "Aİ-92" markalı benzin tədarükü ilə bağlı Qazaxıstana müraciət etdiyini xəbər vermişdi. O zaman Astana danışıqlar faktını rəsmən təkzib etmiş, Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Moskvadan rəsmi sorğu daxil olmadığını bildirmişdi.
Agentliyin məlumatına görə, Rusiyada benzin istehsalı ötən illə müqayisədə təxminən dörddə bir qədər azalıb. Rusiya rəsmiləri idxalla yanaşı, yanacaq ixracına məhdudiyyət qoyulması və neft emalı zavodları üçün subsidiyaların artırılması variantlarını da nəzərdən keçirirlər. Moskva artıq daxili bazar üçün benzin və dizelin keyfiyyət tələblərini yumşaldıb, həmçinin yanacağın dəniz yolu ilə çatdırılması imkanlarını araşdırır.
24 iyun
'Reuters': Rusiya Qazaxıstandan benzin idxalı ilə bağlı danışıqlar aparır
Rusiya Qazaxıstanla 50 min ton AI-92 markalı benzinin idxalı barədə danışıqlar aparır. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Rusiyada benzin istehsalı illik müqayisədə 25 faiz azalıb. Buna baxmayaraq, mənbələr tədarük həcminin yüksək olacağını ehtimal etmirlər. Qazaxıstanda benzin profisiti (artıqlığı) olsa da, iyun-iyul aylarındakı planlı təmir işləri ölkənin ehtiyatlarını azaldacaq. Belə ki, iyulun ortalarınadək Atırau Neft Emalı Zavodunda texniki işlərin aparılması planlaşdırılır.
Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Senatdakı çıxışında bildirib ki, Rusiyadan benzin tədarükü ilə bağlı heç bir rəsmi sorğu daxil olmayıb. Rusiya Energetika Nazirliyi isə hələlik məsələyə münasibət bildirməyib.
Qazaxıstanda yanacaq istehsalının həcmi Rusiyadan xeyli az olduğu üçün ekspertlər bu tədarükün vəziyyəti köklü şəkildə dəyişəcəyinə şübhə ilə yanaşırlar.
Rusiya rəhbərliyi daxili bazarı sabitləşdirmək üçün yanacaq ixracının məhdudlaşdırılması, neft emalı zavodlarına subsidiyaların artırılması və idxalın təşkili kimi bir sıra tədbirləri nəzərdən keçirir.
Eyni zamanda daxili bazar üçün yanacağın keyfiyyət standartları yumşaldılıb və dəniz yolu ilə tədarük imkanları araşdırılır.
Qazaxıstan tərəfdən potensial tədarükçü kimi Rusiyanın "TANEKO" zavodunun xammalı ilə işləyən "Kondensat" şirkəti çıxış edə bilər.
Mənbələrdən birinə görə, sövdələşmə barter yolu ilə ola bilər. İyulda həm daxili tələbat artacaq, həm də Rusiya ixracı azalacaq ki, bu da Qazaxıstanda aviasiya yanacağı ehtiyatlarının azalmasına gətirib çıxaracaq. Buna görə də Astana benzini Rusiya aviayanacağı ilə dəyişməkdə maraqlıdır.
23 iyun
Dron hücumları Rusiyanı yanacaq qıtlığına gətirdi: Regionlarda benzinə limit qoyulur
Ukrayna dronlarının neft emalı zavodlarına hücumları fonunda Rusiyada kəskin yanacaq qıtlığı yaranıb. Tədarükdəki fasilələr və ajiotaj səbəbindən Omsk, İrkutsk, Voronej, Saratov, Vladimir vilayətlərində və ilhaq edilmiş Krımda yanacaq satışına limitlər tətbiq olunur.
Omskda bir maşına maksimum 40 litr benzin verilir, Voronejdə isə "Lukoil" şəbəkəsində bu rəqəm cəmi 30 litrdir. Krımda isə Kerç boğazındakı logistika qovşağına endirilən zərbədən sonra benzin satışı tamamilə dayandırılıb.
Federal Antiinhisar Xidməti "möhtəkirliyin qarşısını almaq məqsədilə" onlayn platformalarda da yanacaq satışını qadağan edib.
"Reuters" agentliyinin məlumatına görə, Rusiyada gündəlik benzin istehsalı ötən ilin iyunu ilə müqayisədə 25 faiz azalıb. Yay mövsümündə daxili tələbatın minimum həddi sutkada 110 min ton olduğu halda, istehsal 90 min tona düşüb. Qubernatorlar regionlarda yanacaq bölgüsünün "əl ilə idarə" rejiminə keçdiyini deyirlər.