Keçid linkləri

2025, 20 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:33

Azərbaycan xəbərləri

Komissiya: Qonşu dövlətlərin birindən Azərbaycana qarşı informasiya kampaniyası davam edir

Milli Məclis
Milli Məclis

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası qonşu dövlətlərdən birinin ərazisindən Azərbaycana qarşı qeyri-dost fəaliyyətlərin Facebook sosial şəbəkəsi vasitəsilə davam etdiyini bildirir.

Açıqlamada deyilir ki, bir sıra səhifələr vasitəsilə Facebook-da "geosiyasi manipulyasiya xarakterli məlumatlar" paylaşılandan sonra istifadəçilərdən Telegra.ph kimi platformalara keçid etməkləri istənilir ki, "bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvan, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər".

Komissiya "Meta" şirkətinə müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən həmin səhifələrin bağlanmasına nail olunduğunu da vurğulayır.

Açıqlamada konkret ölkə adı çəkilməyib.

Mayda isə sözügedən komissiya ilin əvvəlində Azərbaycanın bir sıra media resurslarına kiberhücumun Rusiyadan qaynaqlandığını, hücumun texniki cəhətdən peşəkar səviyyədə gerçəkləşdirildiyi açıqlanmışdı.

Son bir aydan artıq müddət ərzində Rusiya ilə yaranan siyasi gərginlik fonunda Rusiyada müxtəlif xəbər kanalları, şəxslər tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı informasiya kampaniyası başladıldığı bildirilirdi.

Azərbaycanla Rusiya arasında gərginlik Yekaterinburqda azərbaycanlılara qarşı zorakı polis reydi və iki nəfərin həlak olmasından sonra başlanıb. Ən son informasiya Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin saxlanması ilə bağlıdır.

Bütün xəbərləri izləyin

Mebel emalatxanasında 10 nəfərin öldüyü yanğınla bağlı hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

"Bakı Ağac Emalı" ASC-nin ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirləndirilən şəxslərə hökm oxunub.

Yerli saytların məlumatına görə, bu gün, noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Tağı İbrahimov Toğrul Rzayev 6 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirdilər.

Bundan əvvəl keçirilən prosesdə bəlli olmuşdu ki, işdə zərərçəkmiş kimi tanınanlardan bəziləri ilə kompensasiya əvəzində barışıq da əldə edilib. Amma kompensasiyanı qəbul etməyənlərin olduğu da bildirilirdi.

Ötən il yanvarın 15-də Bakının Binəqədi rayonunda "Bakı Ağac Emalı" ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş vermişdi.

İbtidai istintaqla ASC-nin faktiki sahibi kimi təqdim edilən T.İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirdiyi bildirilən T.Rzayev təqsirləndirilən şəxslər kimi tanınaraq həbs edilmişdilər.

T.İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması), T.Rzayevə isə yalnız 225.3-cü maddəsi ilə yekun ittiham elan edilmişdi.

T.İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı olduğu bildirilir.

Saleh Rüstəmovun ölkədən çıxışına 'stop' qoyulduğu deyilir

Saleh Rüstəmov
Saleh Rüstəmov

Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıb. Onların vurğulamasıına görə, Rusiyada yaşayan S.Rüstəmov bacısı qızının vəfatı ilə əlaqədar vətənə gəlib. "İndi çıxıb getmək istəyir, çıxışına qadağa qoyublar. Hansı əsasa görə?", - onlar sual edirlər.

Bu məlumata Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

1997-ci ildən Rusiyada yaşayan S.Rüstəmov sahibkarlıq fəaliyyəti göstərib. O, Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyəti dönəmində (1992-1993) icra başçısı işləyib.

2018-ci il mayın 8-də o, müvəqqəti gəldiyi Azərbaycanda həbs olunub və müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç üzvü ilə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, S.Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib. Amma o, ittihamı qəbul etməyib.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə S.Rüstəmov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə ona məxsus sayılan bir sıra daşınmaz əmlaklar da müsadirə olunub. (o, həmin əmlaklardan bəzilərinin başqalarına məxsus olduğunu deyib)

S.Rüstəmli 2022-ci ilin mayında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Yerli hüquq-müdafiə təşkilatları həbsdə olarkən onun adını siyasi məhbuslar siyahısına daxil etmişdilər. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Onunla həbs edilən AXCP funksionerlərindən ikisi hazırda azadlıqdadır, biri isə vəfat edib.

Bakıda Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci forumu keçirilir

Keçmiş səfir: Bundan sonra insan haqlarından az, iqtisadi maraqlardan çox danışılacaq
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

Noyabrın 18-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci Forumu keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, "Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu" adlı forumda "Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri", "Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi", "Enerji təhlükəsizliyi və bağlantılar" mövzularında sessiyalar təşkil ediləcək.

Bu il avqustun 8-də Vaşinqtonda dövlət başçıları İlham ƏliyevDonald Tramp Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında Azərbaycan Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Son illər Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda sülh danışıqları gedib. Bu il avqustun 8-də tərəflər, nəhayət, ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp yolu" (TRIPP) üzrə razılaşma əldə olunub. Bu yol ABŞ şirkətinin nəzarətinə verilməlidir.

Xatırlatma

Rəsmi Bakının ötən ilə qədər Qərb ölkələri, xüsusilə də ABŞ-la münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib. Hətta iki il əvvəl Azərbaycan hakimiyyətinə yaxın media orqanlarında ABŞ səfirliyinin Bakıda məzun tədbiri "casus şəbəkəsi ilə görüş" adı ilə təqdim olunmuşdu. Düzdür, ABŞ-ın yeni təyin olunmuş səfiri Mark Libbinin Bakıya gəlişi münasibətlərdə müəyyən yaxınlaşmaya səbəb olsa da, iki ölkə arasında münasibətlərin tam düzəldiyi müşahidə edilmirdi. Rəsmi Vaşinqtonun jurnalist həbsləri, azadlıqların boğulmasına aid çağırışları Azərbaycan hökumətində onların daxili işlərinə qarsımaq kimi reaksiyalar doğururdu. Amma ABŞ-də Trampın yenidən prezident seçilməsi iki ölkə arşında münasibətlərdə gərginlikləri aradan qaldırıb.

İqtisadçı: '1 milyon niyə işsiz kimi qeydiyyatda deyil?!'

Dövlət 250 milyon manatı hara xərcləyib? - Yeni iş yerləri üçün plan
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

2025-ci il noyabrın 1-də Azərbaycanda işsiz kimi 278.9 min nəfər qeydiyyata düşüb. Bununla da işsizlik səviyyəsi ölkə üzrə 5.2 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Amma bu rəqəmi müstəqil iqtisadçılar şübhə ilə qarsalayıblar.

"1.8 milyon rəsmi müqavilə ilə çalışır, 1.7 milyon aqrar sektorda işləyir, 845 min də VÖEN ilə qazanır - toplamda 4 milyon 345 min nəfərdir, ölkədə iqtisadi fəal əhali sayı isə 5.4 milyondur. Yaxşı, bu 1 milyon 55 min insan haradadır, nə işlə məşğuldur, niyə işsiz kimi qeydiyyatda deyil?!", - Natiq Cəfərli Facebook səhifəsində sual edir.

Xatırlatma

Hələlik, iqtisadçının bu suallarına rəsmi qurumlardan cavab almaq mümkün olmayıb. Amma rəsmilərin fikrincə, iqtisadi fəal əhalinin böyük bir hissəsi qeyri-rəsmi fəaliyyət göstərir. Azərbaycanda hökumət rəsmiləri 2015-ci ildə dünyada neftin kəskin ucuzlaşmasından sonra qarşılarına "iqtisadiyyatın ağardılması" məqsədini qoyduqlarını açıqlayıblar. Hərçənd rəsmi muzdla çalışanların sayında son illər elə də ciddi artım yoxdur.

Amma ekspertlər deyir ki, Azərbaycanda işsiz kimi qeydiyyata düşmək iş tapmaqdan da çətin bir prosesdir. Onların hesablamalarına görə, Azərbaycanda işsiz sayı rəsmi açıqlanan rəqəmdən dəfələrlə çoxdur.

Sevinc Vaqifqızı 'Cəsarət mükafatı'na layiq görülüb

Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

"AbzasMedia"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı "Sərhədsiz Reportyorlar" (RSF) təşkilatının "Cəsarət Mükafatı"na layiq görülüb.

"AbzasMedia" xəbər verir ki, "Sərhədsiz Reportyorlar"ın 33-cü "Azad Mətbuat Mükafatları" mərasimi bu il təşkilatın yaranmasının 40 illiyi münasibətilə keçirilən "RSF Festivalı" çərçivəsində noyabrın 15-də Parisdə baş tutub.

Mükafatı S.Vaqifqızının adından "AbzasMedia"nın direktoru Günel Səfərova qəbul edib. O, Vaqifqızının tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

RSF S.Vaqifqızını "prinsiplərinə sadiqliyi, təzyiqlərə baxmayaraq, inadla susmaması, ədalətsizlik qarşısında dayanıqlığı ilə ləyaqət və ümid rəmzi" kimi qiymətləndirib.

Nərgiz Absalamova
Nərgiz Absalamova

Braziliyada Azərbaycanda həbsdə olan jurnalistlərə də azadlıq istənilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Braziliyada keçirilən İqlim Dəyişikliyi Konfransında (COP30) Azərbaycanda həbsdə olan jurnalist Nərgiz Absalamovaya azadlıq tələb edilib.

İnsan hüquqları fəalları N.Absalamova da daxil, bir neçə ölkədə həbsdə olan jurnalistlərin fotolarının əks olunduğu futbolkalar geyinərək "Onları azad edin" şüarı ilə aksiya keçiriblər.

COP29-a ötən il Azərbaycan ev sahibliyi etmişdi.

Xatırlatma

S.Vaqifqızı 2023-cü ilin noyabrında həbs olunub. Onunla birlikdə "AbzasMedia"nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı-jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanıblar. Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham olunublar, lakin ittihamları rədd ediblər.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "AbzasMedia işi" üzrə S.Vaqifqızı, Ü.Həsənli, S.Vaqifqızı, H.Babalı və F.Mehralızadəni 9 il, N.Absalamova və E.Qasımovanı 8 il, M.Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.

Ümumilikdə son iki ildə, əsasən, eyni ittihamlarla 30-a yaxın jurnalist həbs olunub.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniya kimi qiymətləndirir.

Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi məqsədlərlə izlənmədiyini, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.

Hökumətin etnik azlıqlarla bağlı tənqidçisinin tutulub Azərbaycana gətirildiyi deyilir

Kamal İsayev
Kamal İsayev

Azərbaycan hakimiyyətini etnik azlıqlara münasibətlə bağlı tənqid edən Rusiya vətəndaşı Kamal İsayevin İstanbulda saxlanılıb Bakıya gətirildiyi bildirilir. Bu barədə onun xanımı Aida İsayeva və başqa yaxınları məlumat yayıb.

Rusiyada yaşayan A.İsayeva deyir ki, K.İsayev ilə noyabrın 7-dən əlaqə saxlamaq mümkün olmayıb.

Onun sözlərinə görə, noyabrın 12-də vəkil K.İsayevin bacısına zəng edərək onun İstanbulda saxlanılıb Bakıya gətirildiyini və hazırda təcridxanada olduğunu söyləyib: "Vəkil deyir ki, guya Kamal həbsin ictimailəşməsini istəmir. Mən isə bunun yalan olduğunu bilirəm. Eyni hal İqbal Əbilovun da başına gəldi".

A.İsayeva "Facebook" hesabında Rusiya prezidenti Vladimir Putinə müraciət edərək ərinin azad olunmasına yardım göstərilməsini də xahiş edib.

Bu deyilənləri Azərbaycanın hüquq-mühafizə qurumlarından dəqiqləşdirmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə milli azlıqlara bütün lazımı imkan və hüquqlar verilib.

K.İsayevin "YouTube" platformasında "Jahid Kamal", "Arya Toloş" adlı kanalları olduğu və onun Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini tənqid etdiyi bildirilir.

Bundan əvvəl Belarusda yaşayan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilov doğmalarının yaşadığı Azərbaycana səfəri zamanı - 2024-cü il iyulun 22-də saxlanılmışdı. Ona Lənkəran Ağır Cinayətlər Məhkəməsi 18 il həbs cəzası verib. İttihama görə, İ.Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və milli zəmində nifrət yaratmaq cəhdində günahlandırılır.

Əbilovun Hüquqlarını Müdafiə Komitəsi isə bildirir ki, o, heç bir siyasi fəaliyyətlə məşğul olmayıb, "yeganə cinayəti" elmi obyektivlik və mədəni irsin qorunması olub.

Azərbaycanda iri- və xırdabuynuzlu mal-qara azalmaqdadır

Fermer təsərrüfatları ard-arda bağlanır...
Gözlə

No media source currently available

0:00 0:07:34 0:00

2025-ci il oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 438.8 min, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 763.7 min başa düşüb.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

Rəsmi hesabatların təhlili göstərir ki, 2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 2 faiz və ya 50.5 min, xırdabuynuzlu heyvanların sayı isə 3.5 faiz və ya 242 min baş azalıb.

Nəzərə alaq ki, bu ilin doqquz ayında ölkəyə diri qoyun və keçi idxalı 271 min 971, diri iribuynuzlu heyvanların idxalı isə 89 min 610 baş təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0.4 faiz, bitkiçilik məhsulları üzrə isə 1.5 faiz artıb.

Xatırlatma

Son beş ili götürdükdə heyvanların sayında azalma daha kəskindir. Qoyun və keçi sayında bu, 1 milyon 300 min civarındadır. İribuynuzlu mal-qarada isə bu 200 mindən çoxdur. Son beş ildə Azərbaycanda qoyun-keçi əti 100, dana əti isə 60 faiz bahalaşıb.

Mal-qara sayında belə kəskin azalma, əsasən, ölkədə pambıqçılığın inkişaf etdirilməsi tədbirləri ilə izah edilir. Onda bir çox qoyunçuluq təsərrüfatlarının icarəyə götürdüyü torpaqlar əllərindən alınmış, iribuynuzlu mal-qara üçün belə örüş yerlərinin azaldığı bildirilmişdi.

Azərbaycanda milli dirçəlişin 37-ci ili

Bakıda Lenin meydanında mitinq. 1989
Bakıda Lenin meydanında mitinq. 1989

Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd edilir. Düz 37 il öncə, 1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Azərbaycana ərazi iddialarına və SSRİ rəhbərliyinin bunun qarşısını almamasına etiraz olaraq mitinqlər başlayıb.

O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Fasiləsiz mitinqlər dekabrın 5-nə kimi davam edib və həmin gün sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə noyabrın 17-si bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib.

Ondan bir il əvvəl, 1991-ci ildə isə Azərbaycanda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

'Bilmədim özümü otaqdan bayıra necə atdım' - 17 noyabr xatirələrdə
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Şirvanda zavodda qəza. Bir işçinin həlak olduğu deyilir

Müdafiə Sənayesi Nazirliyi
Müdafiə Sənayesi Nazirliyi

Bu gün, noyabrın 14-də günorta saatlarında ""Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturundakı "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərindəki zavodlarından birində istehsalat qəzası baş verib.

Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, müəssisənin bir əməkdaşı həlak olub.

"Hazırda aidiyyəti qurumlar araşdırmalar aparır", - nazirlik əlavə edir.

"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC prezidentin 2023-cü il sentyabrın 9-da imzaladığı fərman ilə yaradılıb və Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Xatırlatma

Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən müəssisələrində bundan əvvəl də insan tələfatı ilə müşahidə edilən olaylar baş verib. 2023-cü ilin iyulunda nazirliyin Şirvan şəhərindəki zavodunda partlayışda bir nəfərin öldüyü, bir nəfərin isə əlindən xəsarət aldığı açıqlanmışdı.

2016-cı ildə isə həmin zavodda partlayış nəticəsində iki nəfər həlak olub, azı 10 nəfər yaralanmışdı.

Həmin olaydan bir il əvvəl, iyulun 6-da da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda partlayış olmuşdu. Onda isə bir nəfərin öldüyü, 11 nəfərin yaralandığı deyildi.

Həmin partlayışlarla bağlı cinayət işləri açılsa da, sonradan onların təfərrüatları ilə bağlı ictimaiyyətə geniş açıqlama verilməyib.

Xərcin yarıdan çoxu yemək-içməyə gedib

Əhalinin qazancı qiymət artımı ilə uzlaşacaq? - Deputat deyir, daha yaxşı yaşamalıyıq
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə 106 milyard 435 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə noyabrın 14-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

DSK vurğulayır ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3.1 faiz artıb.

Rəsmilər bu ilin əvvəlində vurğulamışdılar ki, onlar 2025-ci ildə ÜDM-də 3.3 faiz artım proqnozlaşdırırlar.

Müstəqil iqtisadçıların fikrincə, əslində 1 faizlik artım heç artım sayılmamalıdır. Onlar deyir ki, Azərbaycanın daxil olduğu Müstəqil Dövlətlər Birliyində təmsil edilən ölkələrin bir çoxunda iqtisadi artım daha yüksəkdir.

5.9 faiz inflyasiya realdırmı?

DSK bildirir ki, bu ilin 10 ayında ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə inflyasiya 5.9 faiz olub: "O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8.2 faiz, qeyri-qida məhsulları üzrə 2.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.6 faiz təşkil edib".

Müstəqil iqtisadçılar isə bu rəqəmə şübhə ilə yanaşırlar. Onların fikrincə, bu göstərici azı ikirəqəmli olmalıdır.

DSK habelə qeyd edir ki, 2025-ci ilin 10 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615.7 milyon manatlıq, o cümlədən 28 milyard 664.5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.3 faiz, qeyri-ərzaq malları üzrə 6.7 faiz artıb.

Ekspertlərə görə, bir ölkədə ki, xərcin yarıdan çoxu ərzağa gedir, bu, orada güzəranın o qədər də müsbət olmadığının göstəricisidir.

Bakıda metroda tüstülənmə olub, stansiya bağlanıb

Bakı metrosu
Bakı metrosu

Noyabrın 14-də səhər saatlarında Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasında qapılar bağlanıb.

"Bakı Metropoliteni" QSC bunu "Cəfər Cabbarlı" stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə ilə izah edib.

Açıqlamaya görə, tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə "Cəfər Cabbarlı" stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

Saat 10:00 radələrində qapıların açıldığı bildirilib.

Bakı metrosunun stansiyaları daxilində ticarət obyektlərinin fəaliyyət göstərməsi zaman-zaman bəzi sərnişinlərin şikayətlərinə səbəb olub. Hətta bu ticarət obyektlərinin fəaliyyətinin şəffaf olub-olmaması da müzakirə mövzusuna çevrilib.

Xatırlatma

Metrolar tarixində ən böyük faciələrdən biri də elə Bakı metrosunda 1995-ci il oktyabrın 28-də baş verib. Onda "Ulduz" və "Nərimanov" stansiyaları arasında qatarda yanğın baş verdiyi açıqlanmışdı. Bu qəza zamanı üç xilasedici daxil 289 nəfər həlak olub. Yanğının səbəbi elektrik nasazlığı hesab edilir, lakin sabotaj ehtimalı da müzakirə olunurdu.

Türkiyə təyyarə qəzasının səbəbi barədə danışmağın hələ tez olduğunu deyir

"C-130 Hercules" hərbi yük təyyarəsi noyabrın 11-də Gürcüstanda qəzaya uğrayıb.
"C-130 Hercules" hərbi yük təyyarəsi noyabrın 11-də Gürcüstanda qəzaya uğrayıb.

Noyabrın 13-də Türkiyə Müdafiə Nazirliyi bildirib ki, bu həftə hərbi yük təyyarəsinin Gürcüstanda qəzasının səbəbi barədə danışmaq hələ tezdir, təhqiqat davam edir. Hadisə nəticəsində 20 hərbçi həlak olub.

Azərbaycandan Türkiyəyə uçan "C-130 Hercules" hərbi yük təyyarəsi noyabrın 11-də qəzaya uğrayıb. Bu, NATO üzvü Türkiyə ordusunun 2020-ci ildən bəri ən çox itki verdiyi qəza idi.

Müdafiə Nazirliyi Ankarada brifinqdə bildirib ki, təyyarə 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb, bir ay öncə zəruri modernizasiya işlərindən, sonuncu texniki baxışdan keçib. Nazirlik təyyarənin son uçuşda sursat daşımadığını açıqlayıb.

Qurum onu da bildirib ki, Türkiyədə istismarda olan 18 ədəd C-130 təyyarəsinin bütün planlaşdırılmış uçuşları təhqiqat başa çatana qədər dayandırılıb. Qəzaya uğramış təyyarənin "qara qutu"sunun təhlili aparılır.

+++

Türkiyə Müdafiə Nazirliyi Azərbaycandan qayıdan "C-130 Hercules" hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğradığını açıqlayıb. Nazirlik təyyarədə 20 hərbçinin olduğunu bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) qəzanın Azərbaycanla sərhəddən 5 km aralıda baş verdiyini bildirib.

"Azərbaycan ərazisindən havaya qalxaraq ölkəmizə qayıdan C-130 tipli hərbi yük təyyarəmiz Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayıb", – Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir. Nazirlik hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparıldığını əlavə edib.

Ali Məhkəmə Əziz Orucovu həbsinin tamamına günlər qalmış azad etmədi

Əziz Orucov
Əziz Orucov

Bu gün, noyabrın 13-də Ali Məhkəmə "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxıb.

Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

25 sentyabr

Əziz Orucov azadlığa buraxılmadı. Azadlığa çıxmasına 2 ay qalır

Sentyabrın 25-də Suraxanı rayon Məhkəməsində "Kanal 13" internet televiziyasının 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad olunması üçün müdafiə tərəfinin təqdim etdiyi müraciətə baxılıb.

Bu barədə Ə.Orucovun ailəsindən məlumat verilib.

Ailənin açıqlamasına görə, hakim prosesdə həbsxana rəhbərliyinin verdiyi müsbət rəyə və Ə.Orucovun müalicə müəssisəsində davamlı nevroloji müalicə almasına baxmayaraq, Ədliyyə Nazirliyinin mənfi mülahizəsi əsasında onun vaxtından əvvəl azad olunmasını təmin etməyib.

Bu açıqlamaya maraqlı tərəflərin münasibəti bəlli deyil.

Ə.Orucovun azadlığa çıxmasına 2 ay 2 gün qalıb.

Ə.Orucov 2023-cü il noyabrın 27-də icazəsiz evtikmə ittihamı ilə həbs olunub. Bir ay sonra – dekabrın 19-da ona əlavə valyuta qaçaqmalçılığı ittihamı da verilib. İstintaq yekunlaşarkən onun üzərindən qaçaqmalçılıq ittihamı götürülüb.

Bu il fevralın 26-da Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ona 2 il həbs cəzası verilib. Jurnalist ittihamla razı deyil.

Xatırlatma

2023-cü ilin noyabrından Azərbaycanda "AbzasMedia", "Kanal 13", "ToplumTV", meclis.info, "MeydanTV" kimi çoxsaylı media orqanının 30 civarında əməkdaşı, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Jurnalistlər ittihamları rədd edir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. Bir çox hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, Azərbaycanda hazırda 390-dan çox siyasi məhbus var. Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi məqsədlərlə izlənmədiyini, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.

Beynəlxalq insan haqları qurumları hökuməti haqsız tutulanları azad etməyə çağırır.

Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs almış şəxsin oğluna da 10 il verildi

Deputat Fazil Mustafaya silahlı hücum olub
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanova hökm oxunub.

Bu gün, noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə ona 10 il həbs cəzası kəsilib.

Bu barədə onun yaxınları məlumat verib.

Onu atasına hökm oxunmasından az sonra (martda) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib.

Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham verilib.

O, ittihamla tam razılaşmır.

Xatırlatma

F.Mustafa 2023-cü il martın 28-də Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Bu hadisə beş nəfərin həbsinə yol açıb. İttihama görə, sui-qəsd planı İranda müzakirə olunub, bundan ötrü Bakıya 30 min dollar pul göndərilib.

Cinayətin təşkilində suçlanan A.Səricanova ömürlük, digər dörd nəfərdən birinə 4 il, qalan üçünə isə 18-20 il həbs cəzası verilib. Təqsirləndirilən şəxslər bu hökmdən yuxarı məhkəmə instansiyalarına şikayət etsələr də, sonuc dəyişməyib.

Onlar deputata atəş açdıqlarını təsdiqləyiblər, ancaq bu olayın İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər deputatı öldürmək niyyətlərinin olmadığını, dini mövzuda səsləndirdiyi fikirlərə görə onu cəzalandırmaq qərarına gəldiklərini vurğulayıblar. Bu üzdən, F.Mustafanın həyati önəmli orqanlarına yox, çiyin və ayaq hissəsinə atəş açdıqlarını deyiblər.

Estetik mərkəzdə cərrahiyyə əməliyyatları ilə bağlı cinayət işi açılıb

Baş Prokurorluq
Baş Prokurorluq

Qanunsuz estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumatlar əsasında "UĞUR 777 estetik mərkəz" ilə bağlı araşdırma aparılıb və cinayət işi başlanıb.

Bu haqda Baş Prokurorluğun məlumatında deyilir.

Açıqlamaya görə, həmin mərkəzin qanunsuz fəaliyyət göstərməsi, orada ayrı-ayrı şəxslərin bədən nahiyələrində estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr yaranıb.

Vurğulandığına görə, araşdırmalar nəticəsində o da aşkarlanıb ki, özlərini həkim-kosmetoloq kimi təqdim edənlərin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə sertifikasiya şəhadətnaməsi yoxdur: "Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Prokurorluğuna göndərilib".

Rəsmi açıqlamaya sözügedən mərkəzdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son zamanlar Azərbaycanda plastik əməliyyat edən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomunun olmadığı iddia edilib. Səhiyyə Nazirliyi ötən ilin dekabrında bu müraciətləri araşdırmaq məqsədilə səhiyyə nazirinin əmri əsasında xüsusi işçi qrup yaradıldığını bildirib.

Davamı

XS
SM
MD
LG