Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 18:44

Rüşvətə görə yeni cəzalar gəlir, bəs sonra... [video]


Rüşvətə görə cəzalar sərtləşdirilə bilər. Milli Məclisin deputatı Fazil Mustafa AzadlıqRadiosu-na deyib ki, təklif Prezident Aparatından gəlib.

Cinayət Məcəlləsinə edilən təklifə görə, rüşvət verməyə görə, cərimələr artırılır, 5-8 min manata qaldırılır. İndiki Məcəllədə bu rəqəm 1-2 min manat arasındadır.

Buna da bax:​ 'Azərbaycanla bağlı rüşvət iddiaları araşdırılsın'

Hüquqşünas Namizəd Səfərov isə deyir ki, cərimələrin artırılması rüşvətin kökünü kəsə bilməz:

"Cəmiyyətdə birmənalı şəkildə bu fikir üstünlük təşkil edir ki, rüşvət vermədən hər hansı bir problemin həlli mümkün deyil. Məmurlar əsasən ictimaiyyətin problemlərini həll etməyi yox, rüşvət almağı düşünürlər".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev isə hesab edir ki, məmuru cibi ilə imtahana çəkmək lazımdır, həbs cəzası kar eləmir:

Buna da bax: Xaricdən rüşvət alıb, büdcə pulunu dağıdanlar kimlərdir?

Fərəc Quliyev
Fərəc Quliyev

“Tutaq ki, bir məmur rüşvət alıb, korrupsiyaya qurşanıb, dövlətin əmlakını mənimsəyib, amma həbslə canını qurtarır. Hətta belə hesab kitab edirlər ki, beş -altı il də həbsxanada olub gəlməyə dəyər. Amma məsələnin məğzi bundan ibarətdir ki, insanlar dövlət əmlakını dağıdandan sonra beş -altı il istirahət etməklə işləri bitməsin. Pulu ödətdirmək lazımdır, cərimələrin miqdarını artırmaqda məqsəd budur”.

Fərəc Quliyev deyir ki, yalnız inzibati yollarla rüşvətin kökünü kəsmək mümkün olmayacaq, kiçik məmurlara kifayət qədər pul vermək lazımdır ki, ehtiyaclarını ödəyə bilsinlər. Deputat deyir ki, aşağı maaşlı müəllim, həkim uşağına ayaqqabı almamaq, yoxsa rüşvət almaq kimi seçim qarşısında qalanda, risk edib ikincini seçə bilir.

Buna da bax:​ Azərbaycan oliqarxlararası savaşa hazırlaşır?

Müsavat Partiyasının sədr müavini Səxavət Soltanlı iddia edir ki, o ömrü boyu rüşvət verməyib, rüşvət verməyin etik olmadığına inanıb. Amma Soltanlı deyir ki, bu qərar onun həyatını həmişə çətinləşdirib:

“Universitetdə müəllim dedi ki, oxuyub oxumamasından asılı olmayaraq hər kəs pul gətirməlidir. Mən də ilk dəfə olaraq prinsipiallıq edib rüşvətə qarşı dirəniş göstərdim və nail oldu. Amma kəsirim qaldı. Bu kəsiri verənə qədər tələbə təqaüdündən məhrum oldum. Halbuki, tələbə təqaüdü o vaxt çox vacib idi”.

Biz Bakı sakinlərini də mövzuya fikir bildirməyə dəvət etmişik. Cərimələri artırmaq, rüşvətin qarşısını ala bilərmi? Bəs rüşvətin qarşısını necə almaq olar?

Deputat Fazil Mustafa isə deyir ki, ağır cəzalar rüşvətin qarşısını alan deyil. Amma indiki halda cərimələrin artırılması cəza siyasətinin bir göstəricisidir ki, rüşvətə qarşı daha sərt mövqe sərgilənsin. Fazil Mustafa deyir ki, bu təkliflə əsas mesaj budur ki, rüşvətə qarşı münasibət sərtləşdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG