Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:28

Azərbaycan oliqarxlararası savaşa hazırlaşır?


Kəmaləddin Heydərov.

Parlament «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanuna dəyişiklik edilməsi barədə» qanun layihəsini müzakirə edir. Dəyişiklik təklifləri cinayət yolu ilə var-dövlət qazananların aktivlərinin xəbərdarlıq edilmədən dondurulmasını nəzərdə tutur.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov müzakirələr zamanı deyib ki, korrupsiya ilə mübarizəni gücləndirmək istəyirlər.

Buna da bax:​ Azərbaycana terror təhlükəsi varmı?

Məhkəmə olmadan aktivlərin dondurulması – “başadüşülən mövqedir”

Zahid Oruc
Zahid Oruc

Ancaq qanuna dəyişiklikləri müzakirəyə çıxaran Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc AzadlıqRadiosu-na bildirir ki, məqsəd daha çox terrorla mübarizənin effektivliyini artırmaqdır. Onun sözlərinə görə, dövlətin uyğun qurumları cinayət yoluyla əldə edilən aktivləri donduracaq və bu da “başadüşülən mövqedir”:

“Hər kəsə bəllidir ki, bu cür kriminal, korrupsiya və ya mütəşəkkil cinayətkarlıq yoluyla əldə edilən pullar, sadəcə, maliyyə ekvivalenti şəklində qalmır. Onlar mütləq mülklərə, obyektlərə, ticarətə qoyula, terrorun maliyyələşdirilməsinə yönləndirilə bilər. Bütün dünyada dövlətlər kimi terror qruplaşmaları da ildən-ilə imkanlarını təkmilləşdirir, müasir silahlara çıxış yolunda “uğurlar” əldə edirlər. Bizim qanunvericilikdəki dəyişiklik də, başlıca olaraq, terrorla mübarizənin tərkib hissəsi kimi nəzərdə tutulub. Məqsəd bu yöndə mübarizənin effektivliyini artırmaqdır”.

Zahid Oruc: 'Hər kəsə bəllidir ki, bu cür kriminal pullar maliyyə ekvivalenti şəklində qalmır"
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00
Direct-ə keçid

Buna da bax:​ Cinayətlə əldə olunmuş var-dovlət dondurulacaq

“Vətəndaşı potensial cinayətkar kimi görmək olmaz”

Ancaq REAL-ın icraçı katibi Natiq Cəfərli hesab edir ki, məhkəmə qərarı olmadan aktivlərin dondurulması doğru addım deyil:

Natiq Cəfərli
Natiq Cəfərli

“Məhkəmə araşdırması olacaqsa, dolayısı yolla xəbərdarlıq da ediləcək. Məhkəmə qərarı olmadan hər hansı icra qurumunun belə bir qərar verməsi ölkədə mülkiyyət toxunulmazlığı ilə bağlı Konstitusiya maddəsinin pozulmasıdır. Məhz məhkəmə əmlakın və ya vəsaitin hansı yolla – cinayət yoluyla və ya korrupsiya yoluylamı əldə olunduğunu sübut etməlidir”.

Natiq Cəfərlinin fikrincə, vətəndaşı “potensial cinayətkar kimi görmək olmaz və icra qurumunun bu cür qərar verməsi doğru deyil”. Onun sözlərinə görə, məhkəmə araşdırması aparılmadan hər hansı icra qurumunun aktivlərinin dondurulması indiki Konstitusiyaya ziddir. Və yalnız məhkəmə qərarı ilə mülkiyyətin əl dəyişdirməsi mümkün ola bilər.

Buna da bax:​ Xaricdən rüşvət alıb, büdcə pulunu dağıdanlar kimlərdir?

“Böyük Britaniyada həmin əmlakın hansı şəkildə ölkəyə qaytarılmasına nail ola bilərsən?”

Məhkəmə qərarı olmadan belə bir addımın atılması sui-istifadə hallarına gətirməyəcək ki? Deputat Zahid Oruc deyir ki, bütün hallarda nəticə “rəsmi sənədlərə, yəni məhkəmə qətnamələrinə, hökmlərinə gedib çıxmalıdır”. O bu yöndə sualların Komitədə müzakirələr zamanı da yarandığını qeyd edir.

“İlkin olaraq, yalnız qeyd olunan hallarda, uyğun qurumlara məlumat gəldikdə hərəkət başlanacaq. Sizin dediyiniz kimi, rəsmi prosedurlardan keçdikdən sonra addım atılması başadüşüləndir. Amma praktikada belə olmur, həmin prosedurlardan keçənə qədər özünü qoruma tədbirləri həyata keçirilir, həmin maliyyə, mülk başqa ada keçirilir, bağışlanır və s. Bu da dövlətin büdcə vəsaitlərinin və ya hansısa iqtisadi, biznes dairələrindən əldə edilən vəsaitlərin yaxud da qara pulların - korrupsiya pullarının, çirkli pulların əl dəyişdirməsinə səbəb olur və onları dövlətə qaytarmaq imkansızlaşır. Ona görə də belə aktivlərin dondurulması, onlara dövlətin əl qoyması dediyimiz maddəylə baş verməlidir. Ancaq təbii ki, yetərincə yoxlanılmış məlumatlardan sonra bu iş görülməlidir”, – deputat söyləyir.

Buna da bax:​ ABŞ senatorları Trump-ın Məmmədovlarla biznesinin araşdırılmasını tələb edirlər

O ki qaldı sui-istifadə halları ilə bağlı narahatlıqlara, Zahid Oruc misal çəkir: “Keçmiş Milli Təhlükəsizlik Nazirliyi və Beynəlxalq Bankın əlində olan resurslardan təyinatından kənar istifadəylə bağlı hüquqi müstəvidə araşdırmalar gedir. Beynəlxalq axtarışa verilənlər var. O cümlədən, ölkədən külli miqdarda maliyyə vəsaitinin çıxarılması, ofşor zonalara qoyulması halları baş verib. Amma beynəlxalq hüququn gücündən yararlanaraq qeyd edilən o aktivlərin böyük bir hissəsi üzərində sərəncam əldə etmək mümkün olmadı. Tutalım, Böyük Britaniyada həmin əmlakın hansı şəkildə ölkəyə qaytarılmasına nail ola bilərsən? Biz sadəcə, iki müddəanı dəyişirik. Səbəb də gerçəkliyin daha sərt və amansız olmasıdır”.

Natiq Cəfərli: 'Məhkəmə olmadan aktivlərinin dondurulması Konstitusiyaya ziddir'
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00
Direct-ə keçid

“Oliqarxlararası savaşa ön hazırlıq gedir”

Qanuna qəfil belə dəyişiklik edilməsində məqsəd nə ola bilər? Natiq Cəfərli hakimiyyətdaxili qüvvələr arasında “çox ciddi savaş gözlənildiyini” ehtimal edir:

Buna da bax:​ Ekspert: 'Ofşorlar haqda qərar qanuna ziddir'

“Ölkədə gəlirlilik düşdükcə, obrazlı desək, piroq dilimləri də azalır. Piroq azaldıqca, əmlak və aktivlər uğrunda mübarizə də genişlənir. Ola bilsin, qanuna dəyişiklik edilməsinin bir səbəbi də gələcəkdə oliqarxik qruplar arasında münaqişə yaşananda məhkəməyə getmədən də aktivlər və ya mülklərlə bağlı addım atmaq imkanı əldə etmək, necə deyərlər, prosesi sürətləndirməkdir. Ehtimal budur. Çünki söhbət sadə vətəndaşın əlindən bir ya ikiotaqlı mənzili almaqdan yox, oliqarxlararası davada məsələnin qanuni yolla həllini təmin etməkdən gedə bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG