Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:08

'Netflix' Rouen Atkinsonu seriala çəkib


Rouen Atkinson Mr.Bean rolunda
Rouen Atkinson Mr.Bean rolunda

"Netflix" öz komediya kontentini gücləndirmək üçün Mr.Bean və Johnny English kimi personajları ilə tanınan məşhur britaniyalı komediya aktyoru Rouen Atkinsonla birlikdə yeni 10 hissəli "Man vs. Bee" serialını çəkir.

Serialda Atkinson yenidən uzun zamandan bəri əməkdaşlıq etdiyi Uilyam Devislə birgə işləyəcək. Onlar "Johnny English" trilogiyasında birlikdə çalışıblar. Devis həm də "How to Train Your Dragon" (2010) və "Puss in Boots" (2011) animasiya filmlərinin ssenari müəllifidir. Bu yeni serialda da onlar əsas personajı birlikdə yaradıblar.

Bir kişinin arı ilə müharibəsi

"Man vs. Bee" serialının rejissoru "Johnny English Strikes Again" filmini çəkən Devid Kerrdir. O, həm də "Inside No. 9", "Fresh Meat", "That Mitchell and Webb Look" kimi bir çox televiziya şoularının ayrı-ayrı epizodlarını çəkib. Filmin icraçı prodüseri Kris Klark, baş operatoru isə Karl Oskarssondur.

Serialı istehsal edən əsas şirkət "HouseSitter Productions" yenidir. Şirkət 2020-ci ilin mayında Britaniyada təsis edilib. Kris Klark və Rouen Atkinsonun adları direktorlar siyahısındadır.

"Netflix" bu serialla birlikdə bir neçə başqa Britaniya layihəsinin tamamlanacağını da elan edib. Bəs "Man vs. Bee" serialında nədən söhbət gedir?

Serial, hələlik, hazır olmadığından onun ssenarisi haqda çox az məlumat var. Bilinən yalnız odur ki, dəbdəbəli bir evin keşiyini çəkən bir kişi bir də görür ki, bir arı ilə müharibədədir. Kimin qalib gələcəyi və bu müharibə gedişində hansı dağıntıların baş verəcəyi isə, hələlik, məlum deyil.

Mister Bin 25 yaşında!
Gözlə
Embed

No media source currently available

0:00 0:01:39 0:00

Aktyor heyəti

Layihənin başlanğıcında Rouen Atkinsonun baş rolu oynayacağı elan edilmişdi. Atkinson Mr.Bean və Johnny English kimi rolları ilə bütün dünyada tanınır və sevilir. Aktyor heyətinin tərkibində onunla birlikdə tamaşaçıların "The Witcher" dram serialından tanıdığı Culian Raynd-Tattın da yer aldığı bildirilir.

"Man vs. Bee" serialının çəkilişləri 2021-ci ilin yayında, əsasən, Londonda aparılıb və tamamlanıb. Hazırda serial post-prodakşn mərhələsindədir.

Serialla bağlı yayılan şəkillərdə Atkinsonun qəhrəmanı qızını qucaqlayır, Raynd-Tattın qəhrəmanı isə polis tərəfindən məhkəmə zalından çıxarılırmış kimi görünür.

Britaniyanın "Daily Mail" qəzeti isə çəkilişlərin xeyli hissəsinin Bakinhemşir qraflığının Eylsberi şəhərciyində aparıldığını yazır. Bu kiçik şəhər İngiltərənin mərkəzində, Londonun şimal-şərqində yerləşir. Roald Dal Uşaq Qalereyası bu şəhərdə yerləşir.

Kənd sakinləri Atkinsona baxmağa çıxıb

"HertsLive" saytı çəkilişlərin bir hissəsinin Harfordşir qraflığının Bovinqdon şəhərciyində aparıldığını yazır. "The Bovingdon Villager" adlı yerli qəzetində çıxan şəkillər çəkiliş qrupunun bu əraziyə gəlişini əks etdirib. Qəzet yazıb ki, "Rouen Atkinsonun kəndə gəlməsi xəbəri sürətlə yayılıb və bir çox kənd sakini ona baxmaq üçün küçəyə çıxıb".

Serialın hələ 2021-ci il noyabrın 24-dən postprodakşn mərhələsinə keçdiyi bildirilir.

"Netflix" "Man vs. Bee" serialının 10 epizoddan ibarət olacağını təsdiqləyib. "Daily Mail" hər epizodun cəmi 10 dəqiqə uzunluğunda olduğunu yazır. "Mr.Bean" serialı da buna bənzər uzunluqda çəkilmişdi.

"Netflix", hələlik, "Man vs. Bee" serialının buraxılış tarixini elan etməyib. Ancaq çəkilişlərin uzun zamandan bəri bitdiyini və epizodların qısalığını nəzərə alsaq, filmin 2022-ci ilin əvvəllərində ekranlara çıxacağı gözlənilir. Filmin yaradıcılarının gözləntisinə görə, Rouen Atkinsonun baş rolu oynaması filmə bütün dünyanın marağını cəlb edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG