Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Papa miqrant mərkəzlərini həbs düşərgələrinə bənzədib


Vatikan. Roma Papası çıxış edir. 16 Aprel 2017
Vatikan. Roma Papası çıxış edir. 16 Aprel 2017

Roma Papası Francis hökumətləri miqrant və mühacirləri saxlama mərkəzlərindən çıxarmağa çağırıb.

O, həmin mərkəzlərin çoxunun "həbs düşərgələrinə" çevrildiyini deyib. Şənbə günü Romadakı Müqəddəs Varfolomey kilsəsində miqrantlarla görüşən Papa Francis ötən il Yunanıstanın Lesbos adasında belə düşərgələrdən birini ziyarət etməsindən danışıb.

Roma Papası burada Yaxın Şərqdən gəlmiş bir qaçqınla görüşübmüş. Həmin şəxs Papaya terrorçuların onun ölkəsinə necə gəldiklərindən danışıb.

Buna da bax:​ Papa Fransis ateistlər, cənnət və çirkli biznes haqqında...

İslamçılar xaçını yerə qoymaqdan imtina etdiyinə görə onun xristian həyat yoldaşının boğazını kəsiblər.

“BİR NÖV KONSENTRASİYA DÜŞƏRGƏLƏRİDİR”

"Mən bilmirəm, o, həmin konsentrasiya düşərgəsini tərk edə bilibmi. Çünki qaçqın düşərgələri, onların çoxu, bir növ konsentrasiya düşərgələridir. Onların içərisində çox sayda insan yaşayır", – deyə Papa vurğulayıb.

Ancaq Amerikanın Yəhudi Komitəsi (AJC) Roma Papasının konsentrasiya düşərgələri terminini işlətməsindən narazılıq ifadə edib. Qurum Papa Francis-i "təəssüf doğurucu sözlərini" yenidən nəzərdən keçirməyə çağırıb.

Buna da bax: Miqrantları soyundurur, elektroşok verirlərmiş

"Hazırda bəzi Avropa ölkələrində miqrantların yaşadıqları şərait həqiqətən də ağır ola və beynəlxalq ictimaiyyətin daha çox diqqətinə layiq ola bilər, ancaq sözsüz ki, onlar konsentrasiya düşərgələri deyil", – deyə komitənin rəhbəri David Harris bildirib.

"Nasistlər və onların müttəfiqləri konsentrasiya düşərgələrini II Dünya müharibəsi zamanı milyonlarla insanın qul əməyindən istifadə və onları məhv etmək üçün tikmişdilər", – deyə o əlavə edib.

“BUNUN ADI İNTİHARDIR”

Roma Papası qaçqınlara yardım edən ölkələri alqışlayıb, "əlavə yükü daşıdıqlarına görə" həmin ölkələrə təşəkkür edib.

Buna da bax:​ Roma Papası Trump-ı etikaya riayət etməyə çağırıb

"Görünür, beynəlxalq razılaşmalar insan hüquqlarından daha vacibdir", – deyə Roma Papası bildirib. Papa Francis bu barədə daha çox danışmasa da, onun bu sözlərlə miqrantların sərhədləri keçməsini önləyən razılaşmaları nəzərdə tutduğu güman edilir.

Belə razılaşmalara misal olaraq Avropa Birliyinin (AB) Liviya və Türkiyə ilə bağladığı müqavilələri göstərmək olar. Humanitar təşkilatlar hər iki müqaviləni tənqid ediblər.

Papa Francis antiimmiqrant partiyanın vətəni olan İtaliyanın şimalında yaşayanları daha çox immiqrant qəbul etməyə çağırıb. O, cənubi İtaliyanın səxavətinin "şimala, azca da olsa, təsir edəcəyinə" ümidini dilə gətirib.

Buna da bax: Yarım milyon adam miqrantlar üçün küçələrə çıxdı

Roma Papası İtaliyada doğum faizinin aşağı olmasını xatırladaraq qeyd edib ki, "Əgər biz qapılarımızı miqrantların üzünə bağlasaq, bunun adı intihardır".

RAHİBİN DUA KİTABI DA BURDA SAXLANIR

Müqəddəs Varfolomey kilsəsi XX və XXI əsrlərdə öz inanclarına görə qətlə yetirilmiş xristianların xatirəsinə ucaldılmış məbəddir.

Kilsədə ötən il Fransanın Sent-Etyen-dü-Ruvre şəhərciyinin kilsəsinə soxulmuş silahlı islamçılar tərəfindən qətlə yetirilən 85 yaşlı rahib Jacques Hamel atanın dua kitabı saxlanır. İslamçılar rahibi diz çökməyə məcbur etmiş, sonra isə ərəbcə şüarlar bağıraraq onun boğazını kəsmişdilər.

Jacqes Hamel atanın bacısı Roselyne da papanın qatıldığı mərasimdə iştirak edib.

Buna da bax:​ Roma papası gənclər arasında işsizliyin ləğvinə çağırıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, dünyadakı 21,3 milyon qaçqının yarısı uşaqlardır. "The Guardian" qəzeti "Cəngəllik" adı ilə tanınan Fransanın şimalında yerləşən Kale qaçqın düşərgəsində çadırların siçovullarla, su mənbələrininsə çirkabla dolu olduğunu, sakinlərin çoxunun vərəm, qotur xəstəliklərindən əziyyət çəkdiyini yazmışdı.

Yunanıstanın daxili işlər naziri Panagiotis Kouroublis də, ölkəsinin Makedoniya ilə sərhədində yerləşən İdomeni düşərgəsində olanda buranı konsentrasiya düşərgəsinə bənzətmişdi. İdomeni yeni doğulmuş körpələrini gölməçədə yuyan iki suriyalı valideynin fotoşəklinin çəkildiyi düşərgədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG