Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:21

Robotların yumoru niyə dayazdır


Robot
Robot

Robotlar get-gedə daha çox insan kimi düşünməyi və davranmağı öyrənir. Ancaq insana xas bir xüsusiyyət var ki, mühəndislər onu maşınlara aşılamağa çətinlik çəkirlər. Söhbət yumor hissindən gedir.

Əksər robotlar süni zəka (AI) və maşınların öyrənmə texnologiyası ilə çalışır. Bəziləri maşın zəkasını ölçən sınaqlarda insanlardan da yaxşı nəticələr göstərə bilib.

Məsələn, aparılan təcrübələr zamanı insanlarla yarışan robotlar oxu testləri və canlı debatlarda onlara üstün gəliblər.

«Kompüterin real həyat təcrübəsi yoxdur»

Kompüter alimləri robotlara yumoru tanımaq, təhlil etmək və ona reaksiya vermək kimi texniki bacarıqlar yeritməyə ümid edirlər. Ancaq hələlik, bu cəhdlər əsasən uğursuzluğa düçar olur. Süni zəka mütəxəssislərinin dediyinə görə, əksər hallarda robotlara yumoru anlamağı öyrətmək cəhdləri əcaib nəticələr verir, ancaq gözlənən nəticələr əldə olunmur.

Kiki Hempelmann kompüter dilləri ekspertidir. O, Kommers şəhərindəki Texas A&M Universitetində yumoru öyrənir. «Süni zəka heç vaxt zarafatı insanlar kimi anlamayacaq», – o, The Associated Press agentliyinə deyib. Hempelmann-ın sözlərinə görə, əsas problem robotların yumorun kontekstini yerli-dibli görə bilməməsidir. Başqa sözlə, onlar zarafatı gülməli edən vəziyyəti, yaxud mənzərəni tamamlayan fikirləri ümumiyyətlə, anlamırlar.

Bu mövzunu öyrənən digər mütəxəssislər də yumorun başa düşülməsi üçün kontekstin çox vacib olduğunu deyirlər. Bu, həm insanlara, həm də robotlara aiddir.

Tristan Miller Almaniyanın Darmştadt Universitetində kompüterşünas və dilçidir. O, tədqiqat layihələrinin birində 10 mindən çox kalamburu (cinas) araşdırıb.

Kalambur, yaxud cinas iki mənası olan söz üzərində qurulur.

Ancaq robot belə zarafatı anlamaya bilər. Tristan Miller-in sözlərinə görə, bu ona görə baş verir ki, yumor kompüter zəkasının anlaması üçün son dərəcə çətin kreativ dil növüdür.

«Bu ona görə baş verir ki, o, real dünya haqda biliklərdən həddindən çox asılıdır. Kompüterin real həyat təcrübəsi yoxdur ki, zarafatı onunla əlaqələndirsin. O, sadəcə, sizin ona dediyinizi anlayır», – Miller deyir.

Yumor ustalarının çörəyi olacaq

Allison Bishop Nyu-Yorkdakı Kolumbiya Universitetində kompüterşünasdır. O, həm də stendapçı komediya ustasıdır. Onun sözlərinə görə, əsas problemlərdən biri odur ki, maşınlara hazır çərçivələrə fokuslanmaq öyrədilir.

Komediya isə çərçivəyə yaxın olsa da, tamamilə onun daxilində deyil. Bishop deyir ki, yalnız gözlənilməz zarafat gülməli olur. Bu isə maşının nəyin gülməli olmasını tanıyıb anlamasını çətinləşdirir.

Bishop-un sözlərinə görə, robotlar yumoru anlamaqda çox böyük çətinlik çəkdiyinə görə onun bir komediyaçı kimi karyerası risk altında deyil. Hətta onun qardaşı peşəkar komediya yazıçısı olmaq qərarına gələndə valideynləri sevinib. Çünki bu o deməkdir ki, onun işini maşınlar zəbt etməyəcək.

Perdü Universitetindən kompüterşünas Julia Rayz 15 ilini kompüterlərə yumoru anlatmağa sərf edib. Onun sözlərinə görə, bəzən çox gülməli nəticələr alınıb.

Darmştadt Universitetindən Miller deyir ki, çətinliklərə baxmayaraq, robotlara yumoru öyrətməyə çalışmaq üçün ciddi səbəblər var. O vurğulayıb ki, bu, maşınlara mənaları daha yaxşı əlaqələndirməyi öyrədə bilər. Xüsusən də, onlar sarkazmı anlamağa qadir olsalar.

Ancaq Kiki Hempelmann bu cəhdlərin yaxşı fikir olmasına o qədər də əmin deyil. «Süni zəka sistemlərinə yumor öyrətmək təhlükəlidir. Çünki onlar yumoru onun olmadığı yerdə görə və ondan uyğun olmayan yerlərdə istifadə edə bilərlər. Bəlkə də xarab olmuş süni zəka bunun gülməli olduğunu düşünüb insanları öldürməyə başlaya bilər», – o deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG