Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:51

Pakistanda 'cihad'da iştirak edən azərbaycanlı: 'Pilotsuz təyyarənin zərbəsindən...'


Pakistan. Arxiv fotosu

“Eurovision” musiqi yarışması ərəfəsində Bakıda terror aktları planlaşdıran dəstəyə üzvlükdə suçlanan Rəşadət Ağayev 13 il azadlıqdan məhrum edilib.

Bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.

Buna da bax:​ Prezident İlham Əliyevə sui-qəsd olubmuş?

Suriyadan İrana, oradan da Əfqanıstana...

Cinayət işinin materiallarında Rəşadət Ağayevin həmçinin Pakistanda iki il ərzində müxtəlif silahlı qruplaşmaların tərkibində “cihad”da (dini müharibə) iştirak etdiyi göstərilib. Bildirilir ki, R. Ağayev özünə “Ömər” dini ləqəbini götürərək, 2005-ci ilin iyununda dini təhsil almaqdan ötrü Suriyanın Dəməşq şəhərinə getmiş, orada dini və psixoloji təlim keçib. 2006-cı ilin dekabrında Əfqanıstanda “cihad”da iştirak etmək üçün əvvəlcə İran gedib, oradan da qaçaq yolla Pakistana keçib. İddia olunur ki, R. Ağayev orada da “Taliban”ın təminatı altında 2008-ci ilin aprelin əvvəllərinə qədər beynəlxalq koalisiya qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak edib. 2008-ci il aprelin 4-də Bakıya qayıdandan sonra isə “Eurovision” ərəfəsində partlayışlar törətmək, hüquq-mühafizə orqanlarının inzibati binalarına hücum eləmək planları olan dəstəyə qoşulub. Lakin keçmiş MTN əməkdaşlarının əməliyyatı nəticəsində planlaşdırılan terror aktları baş tutmayıb, dəstə üzvlərindən bəziləri öldürülüb, qalanı da həbs olunub.

“Eurovision” hadisələri mənlik deyil”

Amma Rəşadət Ağayev məhkəmədə ifadəsində deyib ki, ittihamda yazılanların əksəriyyəti doğru deyil. Onun sözlərinə görə, 2005-2006-cı ildə Suriyada təhsil alsa da, orada hər hansı təlimdə iştirak etməyib. Sonradan Pakistana gedib və orada pilotsuz təyyarədən endirilən zərbələrdən ayağından xəsarət alıb. Bir müddət müalicə aldıqdan sonra ölkəyə qayıdıb.

Buna da bax: Ekspert: «Silahlı qruplaşmanın arxasında kimlərin dayandığı aydın deyil»

Bakıda terror aktları planlaşdıran dəstənin üzvü kimi təqdim olunmasına gəlincə, Rəşadət Ağayev bildirib ki, “Eurovision” ərəfəsində baş verən və ya planlaşdırılan hadisələrdən xəbəri yoxdur. Həmin qrupda adları çəkilənlərin əksəriyyətini də tanımayıb: “O adamlardan Aydın Həsənovu, Elmir Nurəliyevi Pakistanda tanımışam. Əmir Muradovu eyni zavodda işlədiyimizə görə tanımışam. Arif Həsənovu qardaşı Aydına görə tanıyıram”.

Rəşadət Ağayev deyir ki, Elmir Nurəliyev ona Vüqar Padarovun (2012-ci ildə MTN-in əməliyyatı nəticəsində öldürülüb - red.) Dağıstanda əmir təyin edildiyini deyib. Rəşadət Ağayevə də ona biyət edilməsini təklif edib: “Amma mən bu təklifdən imtina elədim. Buna görə də Elmir Nurəliyev ondan sonra ümumiyyətlə, planları haqda mənə heç bir məlumat vermirdi. Nə mən Qusara gedəndə Əmir Muradovgilin maşına silah-sursat yüklədiyini görmüşəm, nə də onların hansı məqsədlə getdiyini bilmişəm. Dəstəyə yeni üzvlərin qəbulu haqda da mənə heç bir təklif olmayıb”.

R. Ağayev deyir ki, o, heç bir mütəşəkkil cinayətkar dəstənin üzvü olmayıb. “Eurovision” işində təqsirləndirilən şəxslərin planlarından da xəbərdar olmayıb. Həmin dəstənin üzvlərindən onun evinə gələn Samir Sanıyev və digərlərində də silah-sursat olduğunu bilməyib.

Buna da bax:​ Azərbaycana terror təhlükəsi varmı?

Amma məhkəmə onun ifadəsini özünü müdafiə məqsədilə yalan kimi qiymətləndirib.

“Şərait dəyişib”

Rəşadət Ağayevin vəkili Fariz Namazlı isə hökmdən narazıdır. Müdafiəçi hesab edir ki, R.Ağayevin “Eurovision” ərəfəsində planlaşdırılan terror aktları ilə əlaqəsi, onun rolu, iştirakı müəyyən olunmayıb: “Həmin iş üzrə təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək, özlərini təqsirli bilməyiblər. Buna görə də məhkəmənin müəyyən etdiyi hallar Rəşadət Ağayev üçün məcburi ola bilməz, onun əməllərinə qiymət verilərkən istifadə edilə bilməz. Rəşadət Ağayevin cinayətkar dəstənin üzvü olması barədə iş materiallarında sübut yoxdur”.

Buna da bax: Terrora hazırlıqda şübhəli bilinən 4 nəfər öldürülüb

Vəkil deyir ki, hətta R. Ağayevin təqsiri sübut olunsaydı belə, ona 13 il həbs cəzası verilməsi məntiqli deyil. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxslərdən üç nəfərin ömürlük, digərlərinin isə 7 ildən 15 ilə qədər azadlıqdan məhrum edildiyini xatırladan vəkilin sözlərinə görə, hadisədən 6-7 il keçib, o dövrdə şərait tamamilə başqa cür idi: “Rəşadət Ağayev o zaman axtarışa verilməmişdi, özü də qaçıb gizlənməmişdi. MTN ləğv edildikdən sonra onun bazasında yaradılmış DTX onu axtarışa verib və bundan sonra o, həbs edilib. Yəni şəraitin dəyişməsi, hadisələrdən uzun müddət keçməsi və digər hallar nəzərə alınmalıydı”.

Günün bütün mövzuları

XS
SM
MD
LG