«Azərbaycanda fikir və söz azadlığı tam təmin olunur və medianın fəaliyyətinə əlverişli şərait var».
Bunu Azərbaycan Milli Teleradio və Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmli avqustun 31-i «Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri» mövzusunda keçirilən seminar-müşavirədə deyib.
N.Məhərrəmli bildirib ki, yerli telekanalların ödənişli efir vaxtı reklamla bağlı qanunvericiliyə uyğun olmalıdır: «Təşviqat prosesində ödənişli əsaslarla efirlə bağlı pozuntu aşkarlanarsa, tədbir görüləcək. Amma indiyə kimi bu məsələdə hər hansı problemlə qarşılaşmamışıq. Ümumiyyətlə, referendumda medianın üzərinə ciddi məsuliyyət düşür».
Buna da bax-Ödənişli təşviqat 'ceyran belində'
Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək. Sentyabrın 3-dən isə təşviqat mərhələsi başlayır.
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.