Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Əli Həsənovun nəvəsindən sonra iş adamının da oğlu həbsdən buraxıldı


“Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğlu Rəhim Rəhimov həbsdən buraxılıb. AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən R.Rəhimovun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi haqda qərar çıxarılıb. Qərarı Bakı Apellyasiya Məhkəməsi verib.

Hadisə baş verərkən BDU-nun birinci kurs tələbəsi olan 18 yaşlı R.Rəhimov 43 yaşlı Könül Əkbərovanın ölümünə səbəb olmuş yol qəzası törətməkdə təqsirli bilinib. O həm də hadisə yerindən qaçmaqda suçlanırdı. Ancaq Bakı Ağır Cinayətlər Məhkəməsi hadisə yerindən qaçmaq ittihamıyla R.Rəhimova bəraət vermişdi. Qəzaya görə isə CM-in 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib, 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilmişdi.

“ZƏRƏRÇƏKMİŞ TƏRƏFLƏ BARIŞIQ OLDU”

R.Rəhimovun vəkili Muxtar Mustafayev jurnalistlərə açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxs haqqında yeni qərar çıxarıldığını təsdiqləyir, ancaq bunun onun azadlığa buraxılması kimi qiymətləndirilməsini istəmir. Vəkil baş vermiş qəzada R.Rəhimovun günahı olmadığını söyləyir: “Hadisədə Rəhimin günahı yox idi. Allah ölənə rəhmət eləsin. Piyada keçidi olan ərazidən yolu keçərkən, yağışlı havada belə qəza baş verib. Təbii ki, buna təəssüflənirik. Zərərçəkmiş tərəflə də barışıq olub. Məhkəmə də bütün bunları nəzərə aldı”.

Hadisə “Bayraq Meydanı” yaxınlığında baş verib. K.Əkbərova yolu keçmək istəyəndə “Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə vurulub.

Bu hadisəyə görə Rəhimdən öncə onların ailəsinin sürücüsü Əmrulla Şahbazov cinayət məsuliyyətinə cəlb olunmuşdu. Şahbazovun özü etiraf xarakterli ifadə vermişdi, Rəhim də qəzanı onun törətdiyini demişdi.

Hadisədən sonra K.Əkbərovanın anası Bəsti Qədimova prezident də daxil, müxtəlif dövlət orqanlarına məktub yazıb iddia edirdi ki, sükan arxasında R.Rəhimov olub, atası A.Rəhimov imkan və əlaqələrindən istifadə edib sürücünün törətmədiyi əməli öz üzərinə götürməsinə nail olub.

Şikayətlərdən sonra Rəhim Rəhimov həbs olundu.

Amma məhkəmədə zərərçəkmiş qismində çıxışında B.Qədimova R.Rəhimovdan şikayətçi olmadığını söylədi: “Mənim bunun yaşında nəvəm var. Ona baxanda nəvəmi xatırlayıram. Qızım artıq geri qayıtmayacaq. İstəmərəm ki, onun həyatı qaralsın...”

Bakı Apellyasiya Məhkəməsi avqustun 2-də Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə bağlı da bənzər qərar çıxarıb. İki nəfərin ölümü, üçünün də yaralanmasıyla nəticələnmiş yol qəzası törətməkdə təqsirləndirilən N.Allahverdiyevin cəzası 6 ildən 5 ilə endirilib. Azərbaycan qanunvericiliyinə görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.

Azərbaycanda məntəqə tipli müəssisələrdə cəza çəkməli şəxslər isə, adətən, orada yox, evlərində qalır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG