“Uşağı evləndirmək vaxtıdır. 27 yaşı var. Qız istəyir. Uşaq o gün deyir: “Ana, mən evlənəcəm. Bəs bunu nənəmə necə deyəcəyik? Nənəm soruşmayacaq ki, atan bibin oğlunun, əmin oğlunun toyuna gəlmədi, bəs öz övladının toyuna niyə gəlmir? Məndən soruşsa, ona nə cavab verəcəm?..” O vaxt mən dedim ki, gəlin deyək, baldızım qoymadı. İndi də desək, ürəyi partlayar”.
Bu ilin noyabrında yazıçı-publisist Rafiq Tağının ölümündən altı il keçir. 2011-ci il noyabrın 19-da o, işdən evə qayıdarkən yolda naməlum şəxs tərəfindən bıçaqlanmış, noyabrın 23-də müalicə aldığı xəstəxanada vəfat etmişdi. Altı ildə Rafiq Tağının ailəsi qatilin və qətlin sifarişçilərinin tapılması üçün bir neçə dəfə baş prokurora, prezidentə müraciət edib. Amma həyat yoldaşı Mailə Tağıyeva AzadlıqRadiosu-na müsahibəsində həmin müraciətlərin nəticəsiz qaldığını, istintaqın gedişi ilə maraqlansalar da, bir xəbər olmadığını söyləyir.
Buna da bax: Rafiq Tağının xanımı: Bu hakimiyyətin dövründə qətlin açılmasına inanmıram
– Prezidentə müraciət etdik. Ancaq bir xeyri olmadı, əməlli cavab gəlmədi. Bir onu yazdılar ki, prezident məktubunuzu aldı, oxudu, vəssalam. Axırıncı dəfə keçən il müraciət etmişdim. Bu il ancaq acığımdan müraciət etmədim, baxılmırsa, nə faydası var? Əsas prezidentdir, o da bu işə baxmırsa, başqasına nə deyəsən? Bütün ailə qatilin tapılmasını istəyir, mən də, uşaqlar da, qardaşı da...
– Uşaqlar bu haqda nə düşünürlər?
– Belə də... Ümidləri var ki, qatil tapılacaq. Onlar da pis olurlar. Uşaqların ataya, ata qayğısına ehtiyacları olan vaxtları idi. İndi qayğılarını çəkən yoxdur. Ona qıyanın əlləri qırılsın.
Buna da bax: Rafiq Tağı vəfatından bir saat əvvəl [video]
– Sizcə, qatil kimdir? Özü “İran və qloballaşmanın qaçılmazlığı” yazısına görə bıçaqlana biləcəyini, buna görə də qətlin sifarişçisinin qonşu ölkədə olacağını demişdi. Amma zaman keçdikcə bəlkə sizdə başqa qənaət formalaşıb?
– İranı düşünmürəm. Bizim özümüzünkülər elədilər. İran söhbəti yalandı. Mən əvvəldən belə deyirəm, axıra qədər də bunun üstündəyəm.
– Kim, nəyə görə onun öldürülməsini istəyə bilərdi?
– Bilmirəm... O, kasıb-kusubun adamıydı, yaxşı adamları da aradan götürürlər.
– Rafiq Tağının yardım etdiyi, pulsuz müalicə etdiyi adamlardan sizə baş çəkən olurmu?
Buna da bax: Jurnalist Rasim Əliyevin ölümündən 2 il ötür
– Zəng edirlər, maraqlanırlar, heyfslənirlər ki, onu öldürən niyə tapılmadı.
– Bəs sizə yardım edirlərmi?
– Yox. Heç özüm də istəmirəm. Hamı özünü güclə dolandırır. Yoldaşım da eləydi. Heç kəsdən təmənnası yox idi.
– Rafiq Tağısız altı il geridə qalır. Nə dəyişdi həyatınızda?
– Oğlum dövlət işində işləyir. Qızım da bu il Bakı Dövlət Universitetini bitirəcək. Yəqin, o da bir iş tapar. Dolanışığımız o qədər yaxşı deyil. Belə də... Bir oğlum işləyir. Özüm xəstəyəm, əməliyyat olunmalıyam, ayaqlarımda tromb var. Nə qədər pul lazımdır. Bir uşaqla neyləmək olar? Ailəni o dolandırır. 400-500 manat alır. O da çatmır. Kommunal xərci var, yolpulu var... Güclə dolanırıq.
Buna da bax: 'MTN işi'ndə zərərçəkən: 'Mütləq Eldar Mahmudov dindirilməlidir'
– Arada ölkədən gedəcəyiniz barədə xəbərlər də gəldi.
– Elə adam istəyir bu ölkədən çıxıb gedə. Hər şeyə görə. Həm Rafiqin ölümünə görə, həm vəziyyət çətindir. Amma elə Rafiqə görə qalmışıq burda... Baxaq da. Uşaqlar görək nə deyir.
– Rafiq Tağının anasına ölümünü bildirməmişdiniz. Sonra dedinizmi?
– Bilmir. Elə bilir xaricdədir. Yaxında yaşayır, görüşürük. Gedəndə o qədər sual verir, mən də dözə bilmirəm. Məndən soruşur ki, niyə xaricdə qalıb, niyə gəlmir, niyə gəlib Asimanı evləndirmir, yaşı keçir uşağın. Ona görə gedə bilmirəm... Mənə deyir: “Siznən danışır, bəs mənə niyə zəng etmir?” O qədər yalan danışıram ki, uşaqlar da deyir: “Ana, göz görə-görə nənəmi aldadırıq”. Bizim uşaqlar yalan danışmırlar, axı.
Buna da bax: Avropa Məhkəməsi Rafiq Tağının ölüm işini araşdırır
– Bəlkə həqiqəti demək lazımdır?
– Mən düşünürəm ki, demək lazımdır. Ancaq uşaqlar qoymurlar ki, artıq gecdir. Mən əvvəldən deyirdim ki, qoy düzünü bilsin. İndi də çətindir... Uşağı evləndirmək vaxtıdır. 27 yaşı var. Qız istəyir. Uşaq o gün deyir: “Ana, mən evlənəcəm. Bəs bunu nənəmə necə deyəcəyik? Nənəm soruşmayacaq ki, atan bibin oğlunun, əmin oğlunun toyuna gəlmədi, bəs öz övladının toyuna niyə gəlmir? Məndən soruşsa, ona nə cavab verəcəm?..” O vaxt mən dedim ki, gəlin deyək, baldızım qoymadı. İndi də desək, ürəyi partlayar. O, elə bilir Rafiq xaricdədir. Uşaqlar yanına getmək istəyirlər, ancaq deyirlər, nənə o qədər sual verir, adam hərdən çaşır, qorxur... Telefonla da danışmaq çətindir... Mənə də çətindir. Hələ də Rafiqin yoxluğuna inanmıram. Elə bilirəm işə gedib, axşam gələcək, qapı döyüləcək. Barışa bilmirəm yoxluğuyla. Bircə istəyim var, yoldaşımın qatilini tapsınlar. Onun qatili azadlıqda gəzir. Dövlət buna ciddi yanaşsın. Belə olmaz...
AzadlıqRadiosu Baş Prokurorluğun mətbuat xidmətindən deyilənlərlə bağlı açıqlama ala bilməyib.
Buna da bax: UNESCO: 'Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb'
Yazıçı, jurnalist, həkim Rafiq Tağını 2011-ci ilin noyabrında naməlum şəxslər yaşadığı binanın yaxınlığında bıçaqlayıb. Bir neçə gün sonra xəstəxanada qəfildən vəfat edib. O, bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsi ilə bağlamışdı.
Rafiq Tağı «Avropa və biz» publisistik yazısına görə 2006-cı ildə həbs edilmişdi. O zaman iranlı ayətullah Fazil Lənkərani onun ölümünə fitva vermişdi. Yazıçını bir müddət sonra prezident əfv etmişdi.
2011-ci il noyabrın 10-da Rafiq Tağının «İran və qloballaşmanın qaçılmazlığı» adlı məqaləsi çap olunmuşdu. Noyabrın 19-da isə bıçaqlanmışdı.