Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 18:04

Avropa Məhkəməsi Rafiq Tağının ölüm işini araşdırır


Avropa İnsan Hüquqları Məhkəməsi mərhum yazıçı Rafiq Tağının öldürülməsi ilə bağlı şikayət üzrə kommunikasiyaya başlayıb. Şikayəti onun həyat yoldaşı Mayilə Tağıyeva göndərib.

Bu haqda AzadlıqRadiosuna mərhum yazıçının vəkillərindən Rəşid Hacılı məlumat verib.

R.Hacılıdan başqa mərhum yazıçının hüquqlarını avropalı vəkillər Ramute Remezaite, Philip Leach və daha üç vəkil müdafiə edir.

M.Tağıyeva Avropa İnsan Hüquqları Məhkəməsindən Konvensiyanın 2 (yaşamaq hüququ), 10 (ifadə azadlığı) və 13-cü (səmərəli müdafiə vasitələri hüququ) maddəsinin pozuntusunun tanınmasını istəyib.

Ərizəçi iddia edir ki, həyat yoldaşı R.Tağının öldürülməsi ilə bağlı istintaq effektiv aparılmayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətindən yuxarıda göstərilən maddələrlə bağlı sualları cavablandırmaqdan əlavə, cinayət işi üzrə hansı addımları atması barədə məlumatlar verməsini də xahiş edib.

XATIRLATMA

Rafiq Tağını 2011-ci il noyabrın 19-da işdən evinə gedəndə küçədə naməlum şəxs bıçaqlamışdı. O, 4 gün sonra xəstəxanada vəfat edib.

Yazıçı bıçaqlanandan sonra xəstəxanada AzadlıqRadiosuna verdiyi müsahibədə yazılarına görə hədəfə alındığını güman etdiyini demişdi.

R.Tağının ölümü ilə bağlı cinayət işi açılıb, amma 2014-cü ildə iş üzrə icraat dayandırılıb. Prokurorluq cinayət işi üzrə qərarını belə əsaslandırmışdı:

«Təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq, iş üzrə icraat dayandırılıb».

Bu qərarı mərhum yazıçının ailə üzvləri və həmkarları narazılıqla qarşılayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG