Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

İbrahimovlar onların cəzalanmasına səbəb olan hakimləri tələb edir


Qiyas İbrahimov
Qiyas İbrahimov

Keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqdan sonra narkotik ittihamı 10 il azadlıqdan məhrum edilmiş Qiyas İbrahimov cəzasının artırılmasına səbəb olan üç hakimin məhkəmədə dindirilməsində təkid edir. Söhbət Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimov haqqında 10 illik cəza hökmünü qüvvədə saxlamış, sonradan gənc fəaldan və atası Həsən İbrahimovdan şikayətçi olmuş hakimlər Vüqar Məmmədov, Əflatun QasımovƏmir Bayramovdan gedir.

Gənc fəal və atası adları çəkilən hakimlərə hörmətsizlikdə suçlanaraq, CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə məsuliyyətə cəlb olunub. Yasamal Rayon Məhkəməsinin hökmü ilə Qiyasın cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Həmin hökmdən apellyasiya şikayəti verilib.

***Buna da bax-Qiyas İbrahimovun həbs müddəti artırıldı, atası cəzalandırıldı

Hakimlər istintaqa ifadə versələr də, məhkəməyə gəlməkdən imtina ediblər. İbrahimovlar isə onların məhkəmədə dindirilməsində, suallarını cavablandırmasında israr edir.

Fevralın 14-də Bakı Apellyasiya Məhkəməsində İbrahimovların şikayətinə baxılarkən onların vəkili Elçin Sadıqov bir daha bu haqda vəsatət qaldırıb:

«Apellyasiya şikayətimizə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyirik. Bu işə birinci instansiya məhkəməsində baxılanda həmin hakimlər gəlmədilər və heç bir üzrlü səbəb də göstərmədilər. Halbuki, onlar istintaqa ifadələrində şahid qismində dindirilsələr də, hüquqlarını müdafiə etdiyim şəxslərin cinayət törətdiyini iddia ediblər. Bununla da Qiyas və Həsən İbrahimovların təqsirsizlik prezumpsiyası hüququnu pozublar. Xahiş edirik, məhkəmədə dindirilsinlər və hansı əsasla o ifadələri işlətdiklərini izah eləsinlər».

***Buna da bax-Heykələ şüar yazan gənc: 'Yalan simvolları ilə aram yoxdur'

Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Ötən məhkəmə iclasında İbrahimovlar və onların vəkilləri Bakı Apellyasiya Məhkəməsinə, o cümlədən Rizvan Səfərov, Abid Abdinbəyov və Qail Məmmədovdan ibarət kollegiyaya etiraz vermişdilər. Etirazı da belə əsaslandırmışdılar ki, bu cinayət işinin səbəbkarı olan üç nəfər Bakı Apellyasiya Məhkəməsinin hakimləridir (Vüqar Məmmədov üç ay öncə Gəncə Hərbi Məhkəməsinə sədr təyin olunub-red.). Ona görə də bu məhkəmədə ədalətli qərar verilməsi şübhə doğurur.

Hakim R.Səfərov deyib ki, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev etiraza baxıb və təmin etməyib.

Ata və oğul İbrahimovların işi üzrə məhkəmə baxışı fevralın 21-nə təyin olunub.

Xatırlatma

NİDA Vətəndaş Hərəkatının üzvü olan Q.İbrahimov digər fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıblar. Onlar narkotik ittihamıyla suçlanıblar. Amma məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində «Qul bayramınız mübarək!» yazıldığına görə həbs edildiklərini bildiriblər. Gənclər məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum ediliblər.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.

XS
SM
MD
LG