Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 17:32

İnterpol jurnalistin həbsi ilə bağlı Qırğızıstanın müraciətini rədd edib


Rinat Tuxvatşin
Rinat Tuxvatşin

İnterpol Qırğızıstan hakimiyyətinin müstəqil jurnalist barəsində beynəlxalq həbs orderi çıxarmaqla bağlı müraciətini rədd edib, bunu siyasi motivli adlandırıb. Xəbəri jurnalistlərin araşdırma layihəsi olan OCCRP yayıb.

Qurum oktyabrın 30-da öyrənib ki, Qırğızıstan İnterpoldan "Kloop" müstəqil media orqanının həmtəsisçisi Rinat Tuxvatşin barədə "Qırmızı bildiriş" çıxarmasını xahiş edib. "Kloop" OCCRP-nin qlobal şəbəkəsində daxildir.

"Qırmızı bildiriş" üzv ölkələrdən axtarılan şəxsin mümkün ekstradisiya üçün saxlanılmasını tələb edir.

İnterpolun sözçüsü oktyabrın 31-də bildirib ki, Qırğızıstanın müraciəti qəbul olunsa da, rədd edilib.

"İnterpolun nizamnaməsində sistemimizin siyasi məqsədlərlə istifadəsini yasaqlayan sərt qaydalar var, buna görə də "Qırmızı bildiriş" tələbinə rədd cavabı vermişik", – İnterpolun kommunikasiya direktoru Samuel Hit bildirib.

OCCRP yazır ki, oktyabrın 30-da azı bir ölkənin hakimiyyət orqanlarının sistemində Tuxvatşinlə bağlı "Qırmızı bildiriş" görünüb, başqa bir ölkənin sistemində isə "baxılır" statusu ilə qeyd olunub.

Hit "Qırmızı bildiriş"in rədd olunmasına baxmayaraq, necə və niyə yayıldığı barədə şərh verməkdən imtina edib.

OCCRP qeyd edir ki, Tuxvatşinə qarşı bu addım 2020-ci ildə vəzifəyə gələn prezident Sadır Japarov dövründə müstəqil jurnalistikaya illərlə davam edən təzyiqlərin fonunda atılıb.

"Kloop" Qırğızıstan sərhədində korrupsiya ilə bağlı araşdırmalar dərc edib, 2021-ci il prezident seçkisində pozuntuları işıqlandırıb. Hökumət 2024-cü ilin fevralında onun bağlanması üçün məhkəməyə müraciət edib, Bişkek məhkəməsi də qərar çıxarıb.

Tuxvatşin Qırğızıstan hakimiyyətinin İnterpol sistemindən sui-istifadə cəhdindən kədərləndiyini bildirib. "Qorxuram ki, bu, ölkəmin nüfuzuna zərbə vuracaq", – mühacirətdə yaşayan jurnalist deyib.

XS
SM
MD
LG