Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 14:59

Qırğızıstanın milli papaq problemi


5 Mart milli papaq günü yürüşü

AzadlıqRadiosunun müxbiri Pete Baumgartner yazır ki, Qırğızıstanda başına milli papaq – kalpak qoyulmuş itin təsvirləri geniş hiddətə səbəb olub.

İndi ölkənin millət vəkillərinin bu yurtşəkilli milli baş geyimininstatusunu yüksəldəcək qanun layihəsi hazırlamasına da bu hadisə təkan verib.

Əslində milli papaq məsələsi parlamentdəki hakim partiya və müxalifət liderlərini bir araya gətirib. Sözü gedən milli papaq qanunun layihəsi üzərində işi iqtidar və müxalifət partiyalarından olan iki millət vəkili aparır. Onların işlədiyi layihədə qırğız papağına milli himn, bayraq və gerb səviyyəsində statusun verilməsi nəzərdə tutulur.

Bu qanuna görə prezident və xarici işlər naziri də daxil bütün rəsmilər – bütün rəsmi tədbirlərdə və xarici səfərlərdə kalpak geyinməlidirlər.

Qanun layihəsində bu qayda Qırğızıstanın olimpiyaçılarına da şamil edilir.

Layihə müəllifləri israr edirlər ki, Malayziya, İndoneziya və Bruneydən nümunə götürmək lazımdır. Onlar özlərinin sonqkok adlı milli papaqlarını bütün rəsmi tədbirlərdə başlarına qoyurlar.

Millət vəkilləri hətta ədəbiyyat nəhəngi, mərhum Çingiz Aytmatovdan misal da gətiriblər:

“Kainatda işıq görsəsniz, bilin ki, bu ulduzdur. Kiminsə başında kalpak görsəniz bilin ki, o qırğızdır”.

“Kalpak qanunu” söhbətindən az əvvəl, dekabr ayında Qırğızıstanın ictimai həyatında böyük siyasi qalmaqal baş vermişdi. Bişkəkin ticarət mərkəzlərindən birində keçirilən it geyimləri sərgisində bir itin də başına milli papaq qoymuşdular.

Bu sərgidən yayılan fotolar siyasilər və tanınmışlar arasında, sosial mediada əsl vətənpərvərlik partlayışı yaratmışdı.

Sərgi təşkilatçılarının o vaxtdan bəri dəfələrlə üzr istəmələrinə və bunun yalnız bir zarafat olduğuna dair israrlarına baxmayaraq, bu vətənpərvərlik qəzəbi hələ də soyumayıb.

Müxalif Onuquu – Tərəqqi Partiyasından Tazabek İkramov polisi, sözü gedən itin sahibini milli qeyrət rəmzini “təhqir” etdiyinə görə həbs etməyə çağırır.

Hakim partiyadan millət vəkili, Rıskeldi Mombekov öz müxalifətçi həmkarının səsinə səs verir: “Biz öz milli rəmzimizi itin başına qoymuşuq. Onlar bu gün iti qırğız, qırğızı it ediblər, sabah kalpakı donuzun başına qoyub, bayrağı pişiyin altına sərəcəklər”.

Akita cinsindən olan itin, deyəsən rus sahibi bildirib ki, belə qəzəbli reaksiyadan təəccüblənib.

Yaxşı ki, məşhur televiziya aparıcısı Assol Moldokmatova bu gənc qadının müdafiəsinə qalxıb. O özünün Facebook səhifəsində yazır: “Biz bu qıza, rus ola-ola, qırğız dilində danışdığına, qırğız rəqslərini ifa etdiyinə görə təşəkkürümüzü bildirməliyik”.

Keçmiş millət vəkili Işenbai Kadırbekov düşünür ki, çoxmillətli bir ölkədə adamlara zorla milli paltarların geyindirilməsi o qədər də yaxşı ideya deyil.

Onun fikrincə qırğız yalnız başına kalpak qoymaqla qırğız olmur.

Qırğızıstanın 6 milyonluq əhalisinin beşdə birini etnik özbəklər, 6 faizini isə ruslar təşkil edirlər.

2016-cı ildə parlamentdə 5 Mart-ın rəsmən “Milli Kalpak Günü” elan edilməsinə nail olmuş kinorejissor Irışbek Jabirov polis rəsmilərinə yazdığı açıq məktubda bildirir ki, it şousunun təşkilatçıları ictimaiyyət qarşısında üzrxahlıq etməlidrlər, çünki onlar “milli papağı itin başına qoymaqla bütün qırğız xalqını rüsvay ediblər”.

Sərgi təşkilatçıları isə bildirirlər ki, onlar şou iştirakçılarının öz itlərini necə geyindirmələri üçün məsuliyyət daşımırlar.

Buna baxmayaraq dekabrın 22-də keçirilmiş sərgidən sonra bir neçə fəal sözü gedən ticarət mərkəzinin qarşısında piket qurublar. Onlar mərkəz sahiblərinin 10 milyon som (143 min dollar) təzminat ödəməsini tələb ediblər.

Amma eyni zamanda bir sıra qırğızlar bu məsələ ətrafında belə böyük hay-küy qaldırılmasını tənqid edirlər.

İnsan haqları fəalı Dina Oşurahunova deyir ki, millət vəkilləri ölkənin korrupsiya kimi problemləri ilə məşğul olsalar, daha yaxşı olar: “Bu kalpak təşəbbüsünün xeyri nədir? Guya biz hamımız kalpak qoysaq nəsə dəyişəcək?”

Günün bütün mövzuları

XS
SM
MD
LG