ABŞ prezidenti Donald Tramp yanvarın 15-də Qəzzada yeni Fələstin texnokrat hökumətinə dəstək bildirib. O, Vaşinqtonun Qəzzada oktyabrda elan etdiyi atəşkəsin ikinci mərhələsinin başladığını açıqlayıb.
İsrail və HƏMAS (ABŞ və Aİ terrorçu sayır) qruplaşması oktyabrda Tramp planını təsdiqləyiblər. Plana görə, Fələstin texnokrat hökumətinə Sülh Şurası nəzarət edəcək, bu şura Qəzzanı keçid dövründə idarə edəcək.
Tramp başqa bir paylaşımında özünün sədri olduğu Sülh Şurasının qurulduğunu, üzvlərinin yaxın zamanlarda açıqlanacağını yazıb.
İsrail və HƏMAS Qəzzada atəşkəsin pozulmasına görə bir-birini günahlandırır. Oktyabrda atəşkəsdən bəri 440-dan çox fələstinli, o cümlədən 100-dən çox uşaq və üç israilli əsgər öldürülüb.
Amma sonuncu israilli girovun cəsədi hələ də qaytarılmayıb, İsrailin Misirlə sərhəd keçidini hələ də açmayıb, HƏMAS isə silahı yerə qoymur.
Fələstin texnokrat hökumətinin 15 üzvü olacaq, onu Əli Şaat idarə edəcək. O, Qərbin dəstəklədiyi Fələstin Muxtariyyətində keçmiş nazir müavini olub.
15 yanvar
ABŞ Qəzzada Tramp planının ikinci mərhələsinə keçdiyini elan edir
ABŞ Qəzza sektorunda müharibənin başa çatdırılması planının ikinci mərhələsinin başladığını elan edib. Bu haqda prezident Donald Trampın adından onun xüsusi təmsilçisi Stiv Uitkoff X sosial şəbəkəsində yazıb.
Yeni mərhələ keçid administrasiyasının yaradılmasını, demilitarizasiya prosesinin başlanmasını və Qəzza sektorunun bərpasını nəzərdə tutur. ABŞ HƏMAS qruplaşmasından razılaşma çərçivəsində bütün öhdəliklərin tam yerinə yetirilməsini gözləyir. Buraya sonuncu israilli girovun cəsədinin qaytarılması da daxildir. ABŞ, Avropa İttifaqı HƏMAS-ı terror təşkilatı kimi tanıyır.
"Bu tələblərin yerinə yetirilməməsi ciddi nəticələrə səbəb olacaq", – S.Uitkoff bildirib.
İsrail və HƏMAS 2025-ci ilin oktyabrında atəşkəsə razılaşıb, Tramp administrasiyasının sülh planını qəbul ediblər. Birinci mərhələdə Qəzza sektorundakı bütün sağ qalan və həlak olmuş israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi nəzərdə tutulub. İkinci mərhələdə isə HƏMAS tərksilah olmalıdır.
"The Times of Israel" və "The Wall Street Journal" nəşrləri HƏMAS-ın silahı yerə qoymaqdan imtina etdiyini, hərbi potensialını bərpa etdiyini yazır. Mənbələrə görə, İsrail ordusu buna cavab olaraq Qəzza sektorunda martda yeni quru əməliyyatı planları hazırlayıb. Amma bu, yalnız ABŞ-nin dəstəyi ilə mümkün ola bilər.
Hazırda Qəzza sektorunda bir girov qalır – Ran Qvili 2023-cü il oktyabrın 7-də öldürülərək oraya aparılıb.
Qətər, Türkiyə və Misir danışıqlarda vasitəçilik edirlər. Onlar Fələstin Muxtariyyətinin təmsilçisi Əli Şaatın rəhbərliyi ilə Qəzzanın idarə olunması üçün Fələstin texnokrat komitəsinin yaradılmasını alqışlayıblar. Birgə bəyanatda deyilir ki, bu addım vəziyyətin sabitləşməsinə, sektorda humanitar durumun yaxşılaşmasına töhfə verə bilər.
2023-cü ilin oktyabrında Fələstinin radikal HƏMAS qruplaşması İsrailə hücumundan sonra Qəzzada müharibə başlayıb. İsrailə hücumda min 200 nəfər öldürülüb. İsrailin bundan sonra Qəzzada başlatdığı əməliyyatlarda azı 67 min fələstinli qətlə yetirilib. Ötən ilin oktyabrında ABŞ-nin vasitəçiliyi ilə əldə olunan Qəzza razılaşmasına əsasən, HƏMAS əsir götürdüyü israilli girovlardan sağ qalanları buraxıb, öldürülən girovların isə meyitlərini təhvil verməyə başlayıb.