Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatında (TDT) Rusiyaya müşahidəçi statusunun verilməsi təklifi mühüm bir sual doğurur: öz ərazisində yaşayan türk xalqlarının hüquqlarını və muxtariyyətini məhdudlaşdıran bir dövlət müstəqil türk ölkələrini birləşdirən qurumda yer almağa iddia edə bilərmi?
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın bu təşkilatda iştirakının "tamamilə anlaşılan" və məqsədəuyğun olacağını bildirib. Amma o, həmçinin vurğulayıb ki, Rusiya Federasiyası qurumda "bütövlükdə" təmsil olunmalıdır. Bu isə Tatarıstan və Başqırdıstan kimi türkdilli respublikalara edilən üstüörtülü işarə idi.
AzadlıqRadiosunun jurnalisti Zamira Eşanova TDT daxilində Rusiyanın müşahidəçi statusu kriteriyalarına uyğun olub-olmaması ilə bağlı müzakirələrin başlandığını yazır.
TDT-nin ilk baş katibi, Türkiyənin təqaüddə olan diplomatı Halil Akıncı AzadlıqRadiosuna bildirib ki, Tokayevin bu təşəbbüsü təşkilatda formalaşmış diplomatik praktikadan kənara çıxır: "Adətən, belə məsələlər öncədən müzakirə olunmadan yüksəksəviyyəli görüşlərdə gündəmə gətirilmir. Bunun üçün müvafiq komitələr, xarici işlər nazirliklərinin komitələri fəaliyyət göstərir. Məsələlər əvvəlcə orada müzakirə edilir, daha sonra dövlət başçılarının diqqətinə çatdırılır. Ona görə də bu təklif hamı üçün gözlənilməz oldu".
Akıncının fikrincə, Tokayevin təşəbbüsü Qazaxıstanın Rusiya ilə xüsusi münasibətləri və güclü qonşusu ilə dinc əlaqələri qorumaq zərurəti ilə bağlı ola bilər. Qazaxıstanın şimal bölgələrində çoxsaylı etnik rus əhalisi yaşayır.
"Qaydaları dəyişdirmək olmaz"
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və partiyanın türk dövlətləri ilə əlaqələr üzrə rəhbəri Kürşad Zorlu "Anadolu" dövlət agentliyinə müsahibəsində məsələnin "həssas" olduğunu bildirib. O, Rusiyada milyonlarla türkəsilli insanın yaşadığını nəzərə alaraq, bu ölkə ilə mədəni dialoqun qorunmasının vacibliyini vurğulayıb.
Bununla yanaşı, o, Rusiyanın TDT-nin müşahidəçi statusu üçün meyarlara cavab vermədiyini əlavə edib. Belə ki, qurumun 2021-ci ildə İstanbul sammitində təsdiqlədiyi qaydalara əsasən, yalnız türk dillərindən birini və ya onlara qohum olan dillərdən birini dövlət dili kimi tanıyan ölkələr Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almaq üçün müraciət edə bilərlər.
H.Akıncı da bu ailə klubuna yalnız qohumların qəbul edildiyini deyib: "Qohumluğu müəyyən edən yeganə obyektiv meyar isə dildir".
Digər mühüm məqam isə TDT-yə yalnız müstəqil və suveren ölkələrin üzvlüyü prinsipidir. "Biz insanları deyil, dövlətləri bir araya gətiririk, müstəqil dövlətləri birləşdiririk. Bu qaydaları dəyişdirmək olmaz", –Akıncı vurğulayıb.
Tatar və başqırd dilləri bütün Rusiya Federasiyası ərazisində deyil, yalnız ayrı-ayrı respublikalarda rəsmi statusa malikdir.
K.Zorlu alternativ variant kimi "TDT+" formatı çərçivəsində üçüncü ölkələrlə xarici işlər nazirləri və ya dövlət başçıları səviyyəsində görüşlər keçirməyi təklif edib. Onun qənaətincə, Kreml TDT ilə münasibətlərini dərinləşdirmək istəyirsə, ilk növbədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə əməkdaşlığı bərpa etməyi nəzərdən keçirə bilər.
Moskvanın nəzarət səyləri
TÜRKSOY 1993-cü ildə Ankarada təsis edilib. "Türk dünyasının UNESCO-su" adlandırılan bu qurum ortaq dilləri, mədəni irsi və ənənələri təşviq edir.
2009-cu ildə TDT yaradıldıqdan sonra TÜRKSOY onunla əlaqəli qurumlardan birinə çevrilib.
Rusiya Federasiyasının tərkibindəki altı respublika – Tatarıstan, Başqırdıstan, Altay, Saxa (Yakutiya), Tuva və Xakasiya vaxtilə TÜRKSOY-a müşahidəçi qismində qoşulmuşdu.
2015-ci ilin noyabrında Türkiyənin Suriya-Türkiyə sərhədi yaxınlığında Rusiyaya məxsus Su-24 təyyarəsini vurması nəticəsində diplomatik böhran yarandıqda, Moskva həmin respublikalara təşkilatla əlaqələri dayandırmaq göstərişi verib.
AzadlıqRadiosunun tatar-başqırd xidmətinə danışan ekspertlər Moskvanın məhz indi TDT ilə daha sıx münasibətlər qurmağa çalışmasının səbəbini sorğulayırlar.
Adının açıqlanmasını istəməyən tatar təhlilçilərdən biri bildirir ki, Moskva Türkiyə ilə Rusiyanın tərkibindəki türk respublikaları arasında birbaşa əlaqələrin qurulmasına qəsdən mane olur: "Rusiya hakimiyyəti Türkiyənin Tatarıstan və ya Başqırdıstanla əməkdaşlığını heç vaxt müsbət qarşılamayıb, onlar bu əlaqələrin güclənməsindən ehtiyat edirlər. Türklər Moskva, Sankt-Peterburq və Yekaterinburqla əməkdaşlıq edə bilərlər, amma Tatarıstanın paytaxtı Kazana və Başqırdıstanın paytaxtı Ufaya getməməlidirlər. Hakimiyyətin əslində istədiyi məhz budur".
Təhlilçinin fikrincə, Moskva Türkiyə ilə daha sıx əlaqələrin tatarları və başqırdları gücləndirə biləcəyindən ehtiyat edir.
"Kremlin xüsusi əməliyyatı"
"Azad Millətlər Liqası"na daxil olan başqırd, tatar və saxa təmsilçiləri isə TDT üzvlərini Rusiyanın istər müşahidəçi qismində, istərsə də "TDT+" formatı vasitəsilə qurumda iştirakını rədd etməyə çağırıblar.
Bu liqa Rusiyanın tərkibindəki etnik respublikaların və digər regionların müstəqilliyini müdafiə edən hərəkatların koalisiyasıdır.
Qurumun bəyanatında deyilir ki, Rusiyadakı türk xalqlarının müstəqil söz sahibi olmaq hüququ Moskvanın onların adından danışmaq hüququ ilə əvəz oluna bilməz.
Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov da Tokayevin təşəbbüsünü kəskin tənqid edərək onu "Kremlin xüsusi əməliyyatı" adlandırıb.
Rusiya 2014-cü ildə Ukraynaya məxsus Krımı ilhaq edib, 2016-cı ildə isə Məclisi "ekstremist" təşkilat elan edib.
Çubarovun sözlərinə görə, Tokayev məhz Moskvanın istədiyini dilə gətirib: "Əminəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri bu təklifi dəstəkləməməlidirlər".