Keçid linkləri

2026, 30 Oktyabr, cümə, Bakı vaxtı 22:05

Özbəkistan əlifbası dəyişir – Ş, Ç, Ö və Ğ hərfləri gəlir

Senatorların fikrincə, yenilənmiş əlifba klaviatura ilə işi sadələşdirməlidir.
Senatorların fikrincə, yenilənmiş əlifba klaviatura ilə işi sadələşdirməlidir.

Özbəkistan parlamentinin yuxarı palatası - Senat latın qrafikalı özbək əlifbasının dəyişdirilməsi barədə qanun layihəsini təsdiqləyib. Yeni sənədə əsasən, ölkə hazırkı 26 hərf və 3 hərf birləşməsindən imtina edir. Bunun əvəzinə 28 hərf və 1 apostrofdan ibarət yeni əlifbaya keçid nəzərdə tutulur. Qanun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Yeni varianta əsasən, hazırda iki simvolla yazılan dörd səs artıq ayrıca hərflərlə ifadə olunacaq: Sh hərfi Ş-yə, Ch Ç-yə, O' Ö-yə, G' isə Ğ hərfinə çevriləcək. Əlifbadakı digər hərflər isə olduğu kimi qalacaq.

Əlifbadan "Ng" də müstəqil vahid kimi çıxarılacaq. Rəsmilər bunu həmin birləşmənin iki hərfdən ibarət olması və özbək sözlərinin əvvəlində gəlməməsi ilə izah edirlər. Səs birləşməsinin özü dildə qalacaq, onun yazılış və tələffüzü isə orfoqrafiya qaydaları ilə tənzimlənəcək.

Deputatlar islahatın əsas səbəblərindən biri kimi özbək dilinin rəqəmsal mühitdə işlədilməsi ilə bağlı çətinlikləri göstəriblər. Belə ki, O' və G' hərfləri müxtəlif apostrof və dırnaq işarələri ilə bir neçə cür yazılır. Bu fərqlilik ucbatından axtarış sistemləri və proqramlar eyni sözləri fərqli sözlər kimi qəbul edir.

Senatorların fikrincə, yenilənmiş əlifba klaviatura, axtarış sistemləri, elektron lüğətlər və süni intellekt texnologiyaları ilə işi sadələşdirməlidir.

Əlifbanın indiki variantı 1995-ci ildə qəbul olunub. Prezident Şavkat Mirziyoyev 2023-cü ildə bu əlifbanın təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasını tapşırıb.

2024-cü ildə Türk Dünyası Ortaq Əlifba Komissiyası latın qrafikası əsasında 34 hərfdən ibarət vahid əlifba layihəsini razılaşdırıb. Gözlənilir ki, türk dövlətləri öz milli əlifbalarını məhz bu layihəyə uyğunlaşdıracaqlar.

​
XS
SM
MD
LG