Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:42

Türk dövlətləri ortaq əlifbanı razılaşdırır. Qırğızıstan kiril əlifbasından məmnundur 


Qırğızıstan kiril əlifbasını latın əlifbası ilə əvəz etməmək qərarına gəlib.
Qırğızıstan kiril əlifbasını latın əlifbası ilə əvəz etməmək qərarına gəlib.

Türk Dövlətləri Təşkilatının (TDT) beş üzvü illərlə çəkən müzakirələrdən sonra 34 hərflik ortaq türk əlifbası haqda razılığa gəlib.

Standart əlifbanın qəbulu artıq uzun müddətdir latın əlifbasının işlədildiyi Azərbaycan, Türkiyə və Özbəkistan üçün asan ola bilər. Qazaxıstan da kiril əlifbasından latın əlifbasına keçid prosesindədir.

Ancaq AzadlıqRadiosunun qırğız xidmətinin müxbiri Maksat Canqaziyev və radionun əməkdaşı Fərəngis Nəcibullahın hazırladığı məqalədə qeyd edilir ki, bu mövzu Qırğızıstanda həssas məsələ olaraq qalmaqdadır. Qırğızıstan TDT-nin latın əlifbasına keçməməyə qərar vermiş yeganə üzvüdür. Uzun zamandır ki, istər alimlər və siyasətçilər, istərsə də ictimaiyyət arasında bu məsələ müzakirə olunur.

Prezidentin mövqeyi

9-11 sentyabr tarixlərində TDT-nin ortaq əlifbaya dair Bakıda keçirilən görüşündə Qırğızıstanı təmsil edən tanınmış dilçi Sırtbay Musayev deyir ki, latın əsaslı qırğız əlifbasının layihəsi hazırdır, prezident və parlamentin siyasi qərarını gözləyir.

Ancaq Qırğızıstan prezidenti Sadır Japarov deyib ki, ölkənin kiril əlifbasından imtinası üçün hələ tezdir. Kiril əlifbası sovet dövründə əksər respublikalara Moskva tərəfindən qəbul etdirilib.

"Qırğız dilinin latın əlifbasına keçidi haqda danışmaq çox tezdir. Bu məsələ hazırda masada deyil. Dövlət dilinin inkişafı kiril əlifbası ilə davam etməlidir", – Japarov deyib.

Japarov bu sözləri ötən il dövlət dili və dil siyasəti üzrə milli komissiyanın sədri Kanıbek Osmonaliyev ilə görüşündə deyib.

Osmonaliyev ölkə parlamentinə bildirib ki, "əgər millət vəkilləri və prezident kiril əlifbasını dəyişmək haqda siyasi qərar qəbul edərsə, qırğız xalqı və alimlər latın əlifbasına keçidə hazırdırlar".

Sırtbay Musayevin təklif etdiyi latın əsaslı qırğız əlifbası
Sırtbay Musayevin təklif etdiyi latın əsaslı qırğız əlifbası

"Siyasi məsələ"

Musayev deyib ki, Qırğızıstanda əlifba siyasi məsələdir. Onun sözlərinə görə, yalnız ölkə kiril hərflərindən latın hərflərinə keçdikdən sonra latın əlifbasının qırğız versiyasının ortaq əlifbaya uyğunlaşdırılması üzərində işlənəcək və yalnız o zaman bu məsələ parlamentdə müzakirə edilə bilər.

"[Latın əlifbasına keçilməsinə] icazə ölkənin prezidentindən gəlməlidir. Biz alimlər yalnız təkliflər verə bilərik. Onları qəbul edib-etməməksə prezidentin qərarıdır", – Musayev AzadlıqRadiosuna bildirib.

Latın əsaslı qırğız əlifbasının 28 hərflik versiyasını təklif edən Musayev bu əlifbanın qırğız dilinin fonemik strukturunu tam qoruyub saxladığını deyir.

Bu əlifba qırğız dilçisi və siyasətçisi Kasım Tınıstanovun təklif etdiyi və Qırğızıstanda 1927-1940-cı illərdə qüvvədə olmuş əlifba əsasında hazırlanıb.

Bişkekin kiril əlifbasından imtinası ilə bağlı hər hansı qərar Moskvanı narahat edə bilər. Moskva bu cəhdi Rusiyanın təsir dairəsindən çıxmaq cəhdi kimi görəcək.

Rusiya siyasətçiləri dəfələrlə Bişkeki rus dilinin rolunu azaltmamağa çağırıblar. Rus dili Qırğızıstanda dövlət dili statusuna malikdir.

Türkiyə və Azərbaycan

Standart türk əlifbası ilə bağlı müzakirələrə hələ 1990-cı illərdə Türkiyədə başlanılıb. O zaman Türkiyə SSRİ-nin süqutundan sonra yenicə müstəqil olmuş digər türk dövlətləri ilə daha sıx bağlar qurmağa çalışırdı.

34 hərflik ümumi əlifbanın son versiyasını hazırlayan alimlər yeni əlifbanın bu ölkələrdə işlədilən türk dillərinin bütün xüsusiyyətlərini əks etdirdiyini deyirlər.

"Təklif olunan əlifbada hər bir hərf türk dillərində olan müxtəlif fonemləri ifadə edir", – Bakı görüşündə verilən bəyanatda deyilir.

Latın əsaslı ortaq türk əlifbası
Latın əsaslı ortaq türk əlifbası

Türkiyə 1928-ci ildə ərəb əlifbasını tərk edərək latın əsaslı əlifbaya keçib. Digər türk dövlətləri də SSRİ-nin ilk illərində ərəb əlifbasından imtina edərək qısa müddət latın əlifbasından yararlanıblar. Ancaq sonradan Moskva onları latın əlifbasından kiril əlifbasına keçməyə məcbur edib.

Azərbaycan ilk dəfə latın qrafikalı əlifbaya 1923-cü ilin oktyabrında keçib. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın qərarına əsasən, Rusiyanın tərkibində olan türkdilli respublikalar da latın qrafikalı əlifbaya keçməli idi.

Azərbaycanın ikinci dəfə latın əlifbasına tam keçidi isə 10 ilə qədər vaxt alıb. 32 hərfdən ibarət yeni Azərbaycan əlifbasına keçid prosesinə 1991-ci ilin dekabrında başlanıb.

TDT-nin üzvü olmayan, ancaq qurumda müşahidəçi statusuna sahib olan Türkmənistan latın əlifbasına 1993-cü ildə qayıdıb. Latın qrafikalı türkmən əlifbasının ən yeni versiyasında 30 hərf var. Bu əlifbada dəfələrlə dəyişiklik edilib.

Qazaxıstan

Tədrici keçid prosesinə 1993-cü ildə başlayan Özbəkistan uzun müddət yeni əlifbanı kiril qrafikalı əlifba ilə yanaşı işlədib.

Latın əsaslı özbək əlifbasının 29 hərf və qalın səsləri bildirən apostrofdan ibarət son versiyası 2019-cu ildə təqdim edilib.

Qazaxıstanın latın hərflərinə tam qayıdışı 2025-ci ildə baş verməlidir.

İllərlə davam edən müzakirələrdən sonra Qazaxıstanın ozamankı prezidenti Nursultan Nazarbayev 2017-ci ildə kiril qrafikalı əlifbanın tədricən latın əsaslı əlifba ilə əvəzlənməsi haqda sərəncam imzalayıb.

Latın qrafikalı qazax əlifbası 32 hərf və apostrofdan ibarətdir.

Orta Asiyanın yeganə qeyri-türk dövləti olan Tacikistan kiril əlifbasından istifadə edir. Bəzi alimlərin kiril əlifbasının ərəb hərfləri ilə əvəz edilməsinə dair çağırışları isə dəstək görməyib.

Üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə olan TDT-da Türkmənistan, Macarıstan və tanınmamış Şimali Kipr Türk Respublikası müşahidəçi statusuna malikdir.

XS
SM
MD
LG