Ankara "Türkiyə Əsri" adlı yeni təhsil modelini tətbiq edib. Ölkənin Milli Təhsil Nazirliyinin hazırladığı yeni məktəb dərsliklərində "Orta Asiya" termini "Türküstan" ifadəsi ilə əvəz olunub. Türkiyə rəsmiləri bunu regionun tarixi adının bərpası kimi təqdim edirlər.
AzadlıqRadiosunun Orta Asiya üzrə rusca bölməsi olan "Azattıq Asiya" yazır ki, bu addım Orta Asiyanın farsdilli ölkəsi olan Tacikistanda narazılıq yaradıb. Ekspertlərin fikrincə, Ankara bununla regiondakı təsirini gücləndirməyə çalışır.
Yeni təhsil modeli 2024–2025-ci tədris ilindən tətbiq olunmağa başlayıb. Yeni dərsliklərdə Egey dənizi "Adalar dənizi", "səlib yürüşləri" "səlibçilərin hücumları", Orta Asiya isə "Türküstan" adlandırılır. Türkiyənin milli təhsil naziri Yusuf Tekin bildirib ki, məqsəd türk uşaqlarının Türküstanı türk dünyasının ortaq tarixi məkanının bir hissəsi kimi qəbul etməsidir: "Bu, bizim üçün çox mühüm simvolik məna daşıyır. Çünki bu ərazi bizim ərazimizdir. Bu torpaq qardaşlarımızın torpağıdır. Buna görə də "Orta Asiya" əvəzinə onun elmi ədəbiyyatda da işlənən həqiqi adı olan "Türküstan" terminindən istifadə etməyi üstün tutduq".
"Türkiyə regionda lider ölkə kimi siqnal vermək istəyir"
Ankara Universitetinin siyasi elmlər doktoru Orxan Qafarlının dediyinə görə, Ankara bununla regional kimlik formalaşdırır. Onun fikrincə, həm Türkiyə, həm də digər türkdilli ölkələr üçün region tarixən "Türküstan" adlanıb və bu proses köklərə qayıdışdır. "Türkiyə regionda lider ölkə kimi siqnal vermək istəyir ki, türk dünyasına artıq Rusiya imperiyasının, rus və ya Qərb şərqşünaslarının gözü ilə baxmayacağıq. Dövlət səviyyəsində aparılan danışıqlarda da region artıq "Orta Asiya" deyil, "Türküstan" adlandırılır. Bu yanaşma dərsliklərdə də əks olunmalıdır", –Qafarlı bildirib.
12-ci sinif coğrafiya dərsliyində Türküstan müasir Orta Asiyadan daha geniş ərazi kimi göstərilir. Buraya Orta Asiya ölkələri ilə yanaşı, Çinin Sincan-Uyğur Muxtar Rayonu, Əfqanıstanın, Pakistanın, Hindistanın və İranın bəzi hissələri daxil edilir.
Yeni dərsliklərdə şagirdlərə yenilənmiş türk dünyası xəritəsi də təqdim olunur. Həmin xəritədə müstəqil türk dövlətləri kimi Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan (Qaraqalpaqstan istisna olmaqla) və yalnız Ankaranın tanıdığı Şimali Kipr Türk Respublikası yer alır. Rusiyanın Tatarıstan, Başqırdıstan, Dağıstan, Qaraçay-Çərkəz, Kabarda-Balkar və Çuvaşıstan respublikaları, Moldovanın Qaqauziya muxtar ərazisi, Çinin Sincan-Uyğur Muxtar Rayonu, eləcə də Özbəkistanın Qaraqalpaqstan Respublikası da "türk torpaqları" kimi göstərilir.
"Azattıq Asiya" yazır ki, "türk dünyası" anlayışı Avrasiyanın təxminən yarısını əhatə edən geniş coğrafiyaya şamil olunur.
Tacikistanın narazılığı
Orta Asiyanın bir hissəsi olan və əhalisi farsdilli olan Tacikistanda bu addım etirazlara səbəb olub. Tacik tarixçisi Abduvali Şərifzoda bildirib ki, region tarix boyu yalnız "Türküstan" adlandırılmayıb. Onun sözlərinə görə, bu ərazilər vaxtilə "Soqd", "Baqtriya", "Xarəzm" və "Fərqanə" kimi tanınıb: "Əgər Türkiyə rəsmiləri Orta Asiyanı "Türküstan" adlandırmağı təklif edirlərsə, onda biz də onların ölkəsini "Şərqi Roma" və ya "Bizans" adlandıraq".
Digər tacik tarixçisi Kamoluddin Abdulloyevin dediyinə görə, regionun tarixi o qədər zəngindir ki, istənilən konsepsiyanı əsaslandırmaq mümkündür – istər "Orta Asiya", istər "Türküstan", istərsə də "İranzəmin" (Böyük İran) anlayışını. Onun fikrincə, Türkiyənin yanaşması ciddi münaqişə yaratmasa da, tacikləri ümumi regional məkan anlayışından kənarda qoyur.
Ankaranın niyyəti
Şərqşünas Ruslan Süleymanov hesab edir ki, "Türküstan" anlayışının dirçəldilməsi akademik deyil, siyasi xarakter daşıyır. Onun yanaşmasına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünü türk xalqlarının himayədarı və lideri kimi möhkəmləndirmək istəyir. Amma Rusiya və Çin regionda artıq güclü mövqelərə malikdir və Ankara üçün onlarla rəqabət aparmaq çətin olacaq.
Süleymanovun sözlərinə görə, Türkiyə hələlik bu təsiri iqtisadi imkanlarla dəstəkləyə bilmir və buna görə də ümumi əlifba, terminlərin dəyişdirilməsi kimi simvolik addımlarla kifayətlənir.
Türkiyəli tədqiqatçı Oğul Tunanın fikrincə, Ankara burada kifayət qədər ehtiyatlı addım atır ki, bu da Moskvanın və Pekinin regiondakı maraqlarına toxunmamaq istəyindən irəli gəlir. Onun sözlərinə görə, Türkiyə artıq Orta Asiyaya təsir siyasətinin yeni mərhələsinə keçib. Qarabağ müharibəsindən sonra Ankara region ölkələri ilə hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirib. Qırğızıstana hərbi texnika yardımı, Özbəkistanla birgə təlimlər və Türkmənistana dron satışı bunun nümunələridir.
Ekspertlər deyirlər ki, "Orta Asiya" termininin "Türküstan"la əvəz edilməsi yalnız dərsliklərdəki dəyişiklik deyil. Bu, Ankaranın regionda təsirini artırmağa yönəlmiş daha geniş geosiyasi strategiyasının bir hissəsidir. Paralel olaraq Türk Dövlətləri Təşkilatının rolu da artır və Ankara onu regionda əməkdaşlığın əsas alətlərindən biri kimi görür.